Erməni namizəd də Türkiyə parlamentinə seçildi

Budəfəki seçkidə erməni Markar Esayan da Türkiyə Böyük Millət Məclisinə girmək haqqı qazanıb. Hökumətyönlü «Yenişafak» qəzetinin yazarı olan M.Esayan seçkidə hakim AKP-nin namizədi idi. Partiya onun namizədliyini İstanbul 2-ci dairədən vermişdi. AKP-nin İstanbuldan seçilən millət vəkillərinin ümumi sayı 12-dir.
 
Qeyd edək ki, Türkiyə mətbuatı bir neçə gün əvvəl Esayanın 4 il əvvəl yazdığı bir twiti gündəmə gətirmişdi. Həmin vaxt Esayan «Twitter» hesabından bunları yazmışdı: «Hesablarımı dörd il sonrakı seçim üçün edirəm. Kifayət qədər AKP-çi kimi görünsəm, millət vəkili ola bilərəm. Halbuki elə deyiləm».
 
Türkiyə mətbuatı Esayanın bu fikirlərini AKP-nin «Xəyal idi, gerçək oldu» seçki şüarı ilə eyniləşdirərək erməni Esayanın xəyalının gerçəyə çevrildiyini yazıb.
 
 
Gültəkin