Bir millət, iki zillət

elnurastanbeyli@gmail.com
 
Mən bu sətirləri günortadan bir qədər keçmiş yazıram, Türkiyədəki parlament seçkisinin başlamasından hardasa 4-5 saat keçib, amma elə bu qədər vaxt kifayət edib ki, bu seçki bu ölkə tarixinin ən şübhəli, ən hiyləli, ən qaranlıq seçkisi kimi düşüb. Ərdoğanın və partiyasının nəzarətində olmayan internet resursları və sosial şəbəkələr səsvermə zamanı baş verən saxtakarlıq faktları ilə aşıb-daşır, hamısı da bizə 20 ildir ki, tanışdır: “karusel” var, seçki qutusuna topa-topa bülleten atmaq var, seçki müşahidəçilərini seçki məntəqələrinə buraxmamaq və ya oradan uzaqlaşdırmaq var…
Bir sözlə, Ərdoğan və partiyası öz dinçi iqtidarını qorumaq üçün heç bir qanunsuzluqdan, özbaşınalıqdan, hətta zorbalıqdan belə çəkinmir.
Türkiyənin siyasi mənzərəsi get-gedə daha çox Azərbaycana oxşamağa, Azərbaycanı xatırlatmağa başlayır. Necə deyərlər, “bir millət, iki zillət”. 
Biz 20 ildən çoxdur Sovet nomenklaturasının yetirmələrinin çağdışı idarəetmə zehniyyətinin ağırlığı altında əzilirik. Türkiyədə isə bunu “imam-hatib” məktəblərinin yetirmələri edirlər. Və bununla bir daha təsdiqlənir ki, dini dövlətdən ayıran orta çağ Avropası nə qədər müdrik, ağıllı addım atıb, yalnız bu yolla ədalətli dövlət və ləyaqətli cəmiyyət qurmağın mümkünlüyünə inanmaqla nə qədər doğru yol seçib. 
Dünənki seçki nəticələrinin nə olmasından asılı olmayaraq, öz hiylələri, kələkləri, saxtakarlıqları ilə şəriətçilərin hakimiyyət başına keçməsindən sonra Atatürkün təməlini atdığı layik (dünyəvi), modern, çağdaş Türkiyəni 180 dərəcə fərqli istiqamətə yönəltmək, onu demokratiya yolundan sapdıraraq, geriçi, çağdışı ölkələrin sırasına qoşmaq planının gerçəkləşməsinə doğru atılmış nəhəng bir addımdır. Çünki bir ölkədə demokratiyaya inancı sarsıtmağın, yox etməyin ən asan yolu o ölkədə “südə su qarışdırmaqdır” – seçkiyə hiylə, fitnə, saxtakarlıq qatmaqdır. Seçkiyə şübhə toxumları səpməkdir. Seçkiyə inamı və ümidi sıfıra endirməkdir.
Bir ölkədə ki, xalqın seçkiyə inamını qırıb ümidini öldürə bildin, seçkinin millətin deyil, bir nəfərin, yaxud bir qrupun iradəsinin ifadəsi olduğu qənaətini yaratdın və möhkəmləndirdin, kütlə şüuruna “sən kimi seçirsən seç, onsuz da seçki qutusundan iqtidarın seçdiyi çıxacaq” düşüncəsini, alqısını yeridə, yerləşdirə bildin, vəssalam, bu o deməkdir ki, həmin ölkədə demokratiya, çağdaşlıq, layiklik üçün “əcəl zəngi” çalınmağa, insanlar öz taleyinin, öz qədərinin, öz gələcəyinin müəyyənləşdirilməsində iştirak etməkdən imtina etməyə başlamışdır. 
Anti-demokratik, anti-xalq rejimlərinə də ən çox məhz bu lazımdır: kütləni siyasi prosesdən uzaqlaşdırmaq, onu siyasi həyatdan qoparmaq, onun siyasi təşəbbüskarlığına son qoymaq və özü üçün tam dirənişsiz, müqavimətsiz, durğun, qəbristanlıq sükutuna qərq olmuş bir ortam hazırlamaq. Ki, öz ömrünü istədiyi qədər uzatmaq, ölkəni istədiyi kimi idarə etmək – daha dəqiq desək, xalqın malını istədiyi kimi çapıb-talamaq fürsəti qazansın.
Bu mənada dünən öz tarixində heç vaxt olmadığı qədər seçki hiylələri ilə qarşı-qarşıya qalan Türkiyənin yaxın gələcəyi üçün yaxşı heç nə vəd etmir.
Bizdə bir çoxları (gizlətməyəcəm: hətta bir ara mən özüm də!) sadəlöhvcəsinə Azərbaycan üçün heç olmasa, Türkiyə modeli arzu edirdi, ən azından bizdə də oradakı siyasi plüralizmi, siyasi qaynarolığı, siyasi canlanmanı, siyasi müxtəliflikləri arzulayırdı.
Amma görünən odur ki, biz qarşıdakı illərdə daha çox Türkiyənin Azərbaycan yolu ilə getməsinə, – hər gün bir az da çağın gerisinə düşməsinə, hər gün bir az da çağdaş dəyərlərdən uzaqlaşmasına şahidlik edəcəyik. 
Və aydınca hiss olunur ki, get-gedə Türkiyə – Azərbaycan qardaşlığını ən yaxşı ifadə edən ifadə budur: Bir millət, iki zillət!