Hakimiyyətin iddiasına görə, boykot aksiyasını ABŞ-ın diqtəsilə Merkel təşkil edir
Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışını boykot edən Avropa ölkələri liderləri və hökumətlərinin sırası genişlənir. Bəlli olub ki, Fransa prezidenti Fransua Olland da Oyunların açılışında iştirak etməyəcək. Fransanı açılış mərasimində ATƏT-in Minsk Qrupunun bu ölkədən olan hmsədri Pyer Andriye təmsil edəcək. Bunu jurnalistlərlə söhbətində Fransanın ölkəmizdəki səfiri Paskal Monye deyib.
Xatırladaq ki, bundan əvvəl ilk olaraq Almaniyanın kansleri Angela Merkel və Almaniya hökuməti açılış mərasimini boykot etmişdi. Almaniya mediası xəbər vermişdi ki, Almaniya hökumətindən Avropa Oyunlarının açılışına qatılan olmayacaq.
Bundan sonra isə Azərbaycanın hakimiyyətyönlü agentliklərindən biri xəbər yaydı ki, Yunanıstan prezidenti Qrex Pavlopulos bu ölkənin Bakıdakı səfirliyinin məlumatlarına əsaslanaraq Oyunların açılışında iştirak niyyətindən daşınıb.
Azərbaycan hakimiyyətinin nəzarətində olan bəzi medai orqanları "Bakı-2015"in açılışını Avropa liderləri və hökumətlərinin boykot etməsinin arxasında Almaniya kansleri Angela Merkelin durduğu iddiası ilə çıxış ediblər. Bu iddialara görə, "boykot kampaniyası" ABŞ-ın diqtəsi ilə təşkil olunub. Hökumətyönlü media orqanlarından biri elə bu cür də yazır: "Merkel Bakının altına Amerika bombası qoyur".
Hiss olunur ki, hakimiyyət dairələrində Avropa Oyunlarının açılışına Qərbdən hər hansı yüksək səviyyəli təmsilçinin gəlməyəcəyi haqda ciddi narahatlıq var. Bu boykota Azərbaycanda insan haqları və demokratiya sahəsində bərbad vəziyyətin, siyasi məhbusların mövcudluğunun səbəb olduğunun ictimailəşdirilməsi isə hakimiyyəti ikiqat çətin vəziyyətə salır. Hakimiyyət təmsilçiləri və mediası işin arxasında guya Qərbdə hansısa qərəzli "anti-Azərbaycan qüvvələrin" durduğu haqda ənənəvi iddiaları təkrarlamaqla vəziyyətdən çıxmağa çalışırlar.
Siyasi ekspertlər hesab edir ki, əslində Avropa Oyunlarının boykot edilməsinin ABŞ-ın təşəbbüsü ilə baş verdiyi tam əsassız deyil. Çünki son zamanlar insan haqlarının tapdanmasına, demokratiyanın boğulmasına görə ABŞ-la Azərbaycan arasında münasibətlər kəskinləşib. Münasibətlərdə artan gərginlik bir çox hallarda qarşıdurma səviyyəsinə keçib. Elə bu yaxınlarda ABŞ-ın ATƏT-dəki nümayəndəsinin tələbi ilə Ilham Əliyevlə şəkil çəkdirdiyi üçün ATƏT-in Bakı ofisinin rəhbəri Aleks Şaxtaxtinski vəzifəsindən azad edildi. Əslində münasibətlərin hazırkı gərgin məqamı Azərbaycana diplomatik təzyiq mexanizminin işə salındığını göstərir. Nəticədə Azərbaycan beynəlxalq aləmdə məhz ABŞ tərəfindən təzyiqə məruz qalır. Bu yol ilə ABŞ Azərbaycan hakimiyyətini demokratiya sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etdirməyə çalışır. Ona görə Avropa Oyunlarının boykot edilməsi yeni məsələ deyil. Çünki Avropa Oyunlarından istifadə edərək Azərbaycana qarşı təzyiqlərin edilməsi gündəmə gəlmişdi. Bu istiqamətdə ABŞ-ın daha çox təşəbbüskar olması onu deməyə əsas verir ki, Avropa Oyunlarının boykot edilməsində müəyyən koordinasiya var. Burada ABŞ-ın maraqlı olması realdır. Amma baş verənlər təkcə ABŞ-ın diqqtəsi ilə reallaşmır. Bu məsələdə Avropa ölkələri də öz mövqelərini bildiriblər. Çünki Avropa strukturları – Avropa Şurası, Avropa Birliyi, BMT Insan haqları komissarı da eyni mövqedən çıxış edir. Azərbaycanda insan haqları ilə bağlı problemin tez-tez gündəmə gətirilməsi Qərb ölkələri arasında müəyyən koordinasiya yaradıb. Amma ABŞ-ın bu məsələdə rolunun qabardılması ABŞ-Azərbaycan münasibətlərindəki gərginlikdən irəli gəlir. Lakin Vaşinqtonun hazırda sərgilədiyi münasibət müsbət qiymətləndirilməlidir. Çünki bu prosesə müsbət təsir göstərir.
Hikmət



