
2015-ci ilin əvvəllərindən başlayaraq ölkəmizdə mənim də anlaya bilmədiyim hadisələr baş verir. Konkret nə cərəyan etdiyini bilməsəm də, anladığım qədər gedən proseslər artıq dövlətçilik üçün təhlükəlidir.
Az zaman kəsiyində baş vermiş hadisələri yada salanda bunu görməmək mümkün deyil. Rəsmilərin bəyanatlarına baxmayaraq, manatın gözlənilmədən kəskin şəkildə qiymətdən düşməsi, Beynəlxalq Bankdan 6 milyard manatın, yəni dövlət büdcəsinin üçdə birinin naməlum taleyi ilə bağlı məlumatlar, oliqarxların heç bir hüquqa əsaslanmayan şəkildə “Bandotdel”a, xalq dili ilə desək “BandBank”a aparılması, onlara orada işgəncə verilməsi xəbərləri, aparıldıqları şəkildə də müəmmalı azad olunmaları, bütün dünyaya yayımlanan 15 nəfərin faciəvi ölümü ilə bağlı yanğın, həmin yanğına həsr olmuş iclasda səslənən anlaşılmamazlıqlar… Bu xəbərlərin hər biri ölkədə təlatumlara səbəb ola bilərdi. Buna baxmayaraq sadalanan faktlar üzrə rəsmi qaydada bir anlaşılan məlumat, yaxud görülmüş tədbir yoxdur. Yanğının miqyasını və baş vermə səbəblərini nəzərə alsaq JEK (MKİS) müdirinin, icra hakimiyyətinin sıravi bir işçisinin, zavod direktorunun həbsi isə sadəcə anlaqlı vətəndaşları ələ salmaqdan başqa bir şey deyil.
Bu azmış kimi bir səfirin sosial şəbəkədəki qısa statusu və ona edilən “like”lar hakimiyyət mətbuatı və təmsilçiləri tərəfindən az qala proletariatın Lideri Vladimir İlyiç Leninin 1917-ci il oktyabr İnqilabından əvvəl yayılmış məşhur “Aprel tezisləri” səviyyəsində dəyərləndirildi və SSRİ dövründə olan kimi kommunistlər, onların ali orqanı olan “Pravda” qəzeti stilində ittihamlar səsləndi, cəzalar istənildi. Tam səmimi deyirəm, o yazıları oxuduqca, bir çoxlarının lağ-lağasından fərqli olaraq özümü 37-ci ildə hiss etdim. Əgər yazdıqlarıma yenə hakimiyyət TV və KİV-lərinin hər gün ABŞ və Avropa əleyhinə tirajladığı fikirləri, bəzilərinin isə adı çəkilənlərə “xox” gəlməsini, jirinovskilərin Azərbaycanı tərifləməsini də əlavə etsək durumun ciddiliyini anlamaq çətin deyil.
Bir daha səfir Arif Məmmədovun həmin statusunu oxuyaq: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
İndi isə qısaca fikrimi bildirim. Bu statusu həmin an, özünü insan hesab edən, hər bir azərbaycanlı yazmasa da, oxşar fikrini bildirib. Elə keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də Abid Şərifovun olimpiada kəkələməsinə yönəlik cavabında həmin fikiri bildirdi. Az sonra isə Müstəqillik günü ilə bağlı 27 may tarixli toplantısında Prezident faktiki olaraq hamıya, o cümlədən bu gün qan-qan deyən məmurlara da səsləndi: ”İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir".
AR Prezidenti həmin çıxışında xüsusi olaraq “bu mənim çox səmimi fikirlərimdir” vurğulayır. Mən də bir vətəndaş kimi həmin sözlərin səmimiliyinə inanmaq istəyirəm. Səfir Arif Məmmədovun isə bu sözlərə inanmaq bir məmur kimi borcudur.
Bundan başqa, Azərbaycanda yaşayan hər kəs nazirliklərdə korrupsiyanın nəinki səviyyəsini, hətta miqdarını da bilir. Hamıya da bəllidir ki, ölkədə ən az korrupsiyaya uğramış nazirlik məhz Xarici İşlər Nazirliyidir. Dünya dövlətləri Azərbaycan polis, vergi, gömrük, nəqliyyat işçisini tanımaya və izləməyə bilər, XİN-in əməkdaşları və onlarla əlaqədar baş verənləri isə izləmək onların borcudur. Belə olan halda Azərbaycan dövlətinin sütunlarından biri olan XİN ətrafındakı bu isteriya, aşağılama kampaniyası kimə və nəyə qulluq edir? Özləri azad sözə görə təqib olunan XİN-in əməkdaşları necə Azərbaycanda söz azadlığının, insan haqlarının qorunduğunu ATƏT, AŞ, BMT rəsmilərinə sübut etsinlər? Bu isteriyanın törədəcəyi digər fəsadları düşünənlər varmı?
Bir daha qeyd edirəm ki, əgər AR Prezidenti Müstəqillik günü etdiyi çıxışında səmimi idisə (buna inanmaq istəyirəm), onda Azərbaycan Dövlətinə və Prezidentinə xəyanət edənlər də XİN-nin əməkdaşları yox, məhz stəkanda fırtına qaldıranlardır. Yox, bu fırtınanın altında nə isə yatırsa hakimiyyət bu barədə xalqı məlumatlandırmalıdır.
P.S. Xalqın iradəsinə, məntiqə zidd olsa da, hakimiyyət rəsmilərinin xeyir duası ilə İlhamə Quliyevanın olimpiya məşəli daşımasına Arif Məmmədovun yazdığı statusu isə alqışlamamaq mümkün deyil.