bulvar-tezedentemir

Təmir-tikinti adı altında yüz milyonlar havaya sovurulub

Satınalmalar Üzrə Dövlət Agentliyinin 2014-cü ildə keçirilən müsabiqələrdə fantastik rəqəmlər yer alıb

 
Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı departamenti paytaxtın prospekt, küçə, səkilər, həyətlər, park və bağlarda yenidənqurma, təmir-abadlıq, məhəllədaxili yollar və həyətlərdə asfalt örtüyünün təmiri işlərini “Az-Inşaat” MMC-dən 24 404 805 manata satın alıb, yuvarlaq götürsək 25 milyon. “Bizim Yol” yazır ki, meriyanın digər xərcləri də milyonlarla ifadə olunur. Departamentin xidmət dairəsində olan mənzil fondunun əsaslı təmir və yenidən qurulması işlərinin satın alınması 1 milyon 600 min, inşaat təyinatlı mal-materiallar 1 milyon 15 min, kommunal təyinatlı materialların satın alınması 1 milyon 400 min 17 manat “tutub”.
Agentlyin baza məlumatlarında qeyd olunur ki, Bakı şəhəri Yasamal, Nəsimi, Səbail, Nərimanov, Suraxanı, Xətai rayon icra hakimiyyətlərinin hər biri 350 min, Xəzər rayon IH MKTB 300 min manatlıq abadlıq işinə tender keçirib. Hamısını da “Dizayn Construction” MMC adlı bir şirkət qazanıb. Bakı IH əlavə olaraq yarım milyon manatı da bu şirkətə abadlıq üçün qazandırıb. Amma haranın abadlığıdır, yazılmır. Halbuki məbləğ rayonlar üzrə verilib. Adıçəkilən şirkət yarım milyon manatlıq sifariş də Sabunçu IH-dən alıb.
Abşeron IH Xırdalan şəhərində abadlığa 744 min 497 manat asfalt işlərinə 874 min 970 manat olmaqla hər ikisini Ixtisaslaşdırılmış Təmir Abadlıq Idarəsinə gördürüb. Bakı-Sumqayıt yolunda abadlıq işlərinə 64 min 994 manat, Sumqayıt IH MKT IB abadlaşdırma 1 milyon 74 min, abadlıq-təmir işləri 48 min 979, küçə və yolların təmirinin satın alınmasına 3 milyon 324 min 433 manat ayırıb. Qobustan rayon IH bu işlərə 160 min 000 manat sərf edib.
Gəncə şəhər IH MKT IB abadlaşdırma işlərini “Gəncə Körpü Tikinti-2" ASC-dən 1 milyon 999 min 996,93 manata satın alıb. Növbəti dəfə 799 min 951, daha sonra, 1 milyon 399 min 891,92 manat ayrılıb. IH mənzil fondunun əsaslı təmiri işlərinin satın alınmasına bir dəfə 547 min 038, sonrakı dəfə 299 min 975 manat, yolların əsaslı təmirinə 3 milyon 397 min 675 manat xərcləyib.
Mingəçevir IH abadlıq işlərinə 1 milyon 748 min 119, yaşayış binalarının fasad hissələrinin üzlənməsi və işıqlandırılmasına 999 min 254 manat sərf edib. Şəhərin prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmiri 2 milyon 567 min 614 manat, mənzil fondunun əsaslı təmirinə 398 min 450 manat xərclənib.
Digər rayonlarla bağlı da oxşar vəziyyətdir. Abadlıq işlərinə milyonlarla vəsait sərf olunub. Amma ortada real nəticə yoxdur.