Deputatlar arasında söz atışması böyüyür

Sabir Rüstəmxanlı Musa Quliyevin yazısındakı ittihamlara cavab verdi

 
«Musa Quliyevin sadəcə olaraq deməyə sözü yoxdur»
 
Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular Parkında ucaldılan büstü ətrafında yaranan qalmaqal davam etməkdədir. Milli Məclisin mayın 29-da keçirilmiş iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının bu məsələni qaldırması – Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılmasını tələb etməsi parlamentdə qalmaqala səbəb olub. O, bu məsələyə görə Gəncə şəhər Icra Hakimiyyətini qınayıb. S.Rüstəmxanlı yeni zamanda bu məsələ ilə bağlı geniş yazı da qələmə alıb.
Gəncədən olan deputat Musa Quliyev isə Sabir Rüstəmxanlıya ünvanı səhv saldığını irad tutub və onu “Azərbaycan Dəmir Yolları”ndan hesab sormağa çağırıb.
Qeyd edək ki, qalmaqaldan sonra büstün üzərinə örtülən örtük bir müddətlik açılsa da, bir gün sonra büst yenidən bağlanıb.
Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyev sözügedən məsələnin onlara dəxli olmadığını vurğulayıb.
Musa Quliyevin “Ağın yeddi çaları, yaxud siz kimsiniz Sabir Rüstəmxanlı” başlıqlı yazı rəsmi mətbuatda çap edilib. Yazısında S.Rüstəmxanlının ünvanına ciddi ittihamlar səsləndirən M.Quliyev onu həqiqətləri təhrif etməkdə suçlayıb:  “Sabir bəyin ”Musa Quliyev ağ elədi" adlı yazısını oxuyanda isə onun həqiqi sambalının çəkisini bir daha yəqinləşdirdim. O məqaləyə cavab verməmək də olardı. Hörmətli Sabir Rüstəmxanlının özünü mələk, qarşısındakını isə iblis donunda göstərmək cəhdinə də dözmək olardı. Amma məni aşağılamaq, rişxənd etmək, yalanda, hiylədə, geri qalmışlıqda ittiham etməsini cavabsız qoymamaq, həm də Sabir Rüstəmxanlı haqqında düşündüklərimi tam təfərrüatı ilə özünə çatdırmaq üçün bu yazıya sərf etdiyim vaxtıma heyfim gəlmir.ÿ
Əvvəla, Sabir Rüstəmxanlının adı gedən iclasdakı çıxışı nə Bakıda 12 gün əvvəl baş vermiş yanğına, nə də Məmməd Əminə can yandırması ilə bağlı deyildi. O çıxışın əsl mahiyyəti və siyasi məqsədi tamamilə başqa idi. Məlumdur ki, payızda parlament seçkiləri olacaq. Sabir bəy bir təcrübəli siyasət adamı kimi bu çıxışı ilə iqtidara mesaj göndərdi ki, baxın, mənim seçilməyimə dəstək verməsəniz müxalifət cəbhəsində daha kəskin danışacağam".
M.Quliyev də eyni zamanda S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin mühacirət etməsi məsələsinə də toxunaraq, S.Rüstəmxanlıya bu istiqamətdə tədbir görməyi tövsiyyə edib.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının məsələyə münasibətini öyrəndik. S.Rüstəmxanlı bildirdi ki, M.Quliyev yazısında konkret fikirə münasibət bildirməkdənsə, Meydan Hadisələrinə, SSRI-nin dağılmasına, onun qardaşının ölkəni tərk etməsinə toxunub: “Musa Quliyevin söylədikləri onun mahiyyətini göstərir. Bu adamın deməyə sözü yoxdur. Mənim qardaşım müstəqil adamdır. Öz taleyini özü qurur. Onun öz ailəsi var. Burada dolana bilmir və xaricə çıxıb gedib. Mən də onun getməyinə əsəbləşmişəm. Uzun müddət də onunla əlaqə saxlamamışam. Musa Quliyev bunun mənasını başa düşmür. Çünki bu bizim ailə məsələlərinə daxil olan şeydir. Sonra mənim şöhrət ordeni almağın o zaman konkret şəraitlə bağlı idi və bütün bunlara aydınlıq gətirilib. Bu şəxsin sadəcə olaraq deməyə sözü yoxdur. Ona görə kimlərinsə sözü ilə orda-burda eşitdiklərini yazıb. Mənim KQB ilə bağlı olmağımı dəfələrlə dost da, düşmən də yoxlayıb. Bununla bağlı bütün dəlil və sübutlar ortadadır. Mənim məhkəməyə verilərək uduzmağıma dair səslənən ittihamlara gəlincə isə, mən heç kimə uduzmamışam. Sadəcə olaraq dostlar xahiş edib deyənə bu işin dalınca düşməmişəm. Musa Quliyev bilmədiyi şeylərə burnunu soxur və məsələni getdikcə qəlizləşdirir. Mən ona geniş cavab verməyə hazırlaşmıram. Çünki onun yazılarına cavab onun öz içindədir”.
S.Rüstəmxanlı onu da əlavə etdi ki, M.Quliyevin qələmə aldığı yazı bir daha göstərir ki, onun mübahisə mədəniyyəti yoxdur və yazısında böhtan, iftiradan istifadə edib. “Mən nə Milli Məclisdəki çıxışımda, nə də Musa Quliyevə yazdığım cavabda kiminsə şəxsiyyəti, kiminsə ölkədə gördüyü işlər barədə heç nə deməmişəm. Mənim çıxışımda konkret bir məsələ qoyulub. O da ondan ibarətdir ki, Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu olan Rəsulzadəyə niyə hörmətsizlik göstərilib. Bu hörmətsizlik Musa Quliyevin bacısının yeznəsinin icra başçısı olduğu rayonda göstərilir. Bir millət vəkili bundan narahat olmalı və gedib onun qarşısını almalı idi. Mənim çıxışım bundan ibarət idi. Bu heykəl Gəncə ərazisindədir və şəhər rəhbərliyi həmin heykəlin hansı idarənin ərazisində olmağından asılı olmayaraq o heykələ qarşı hörmətsizliyin qarşısını almalı idilər. Bu ciddi bir faktdır və ölkədə yüz minlərlə insanın heysiyatına toxunur. Bu məsələni bir kənara qoyub Sabir Rüstəmxanlının keçdiyi yol, qardaşı və rəhbərlik etdiyi partiya haqqında yazmaq normal düşüncə əlaməti deyil”.