Bunu başqalarından da eşitmişəm, Əbülfəz bəyin özündən də. Rus qoşunları Azərbaycandan çıxarıldığı günlərin birində – gecədən keçmiş bir vaxtda, səhərə yaxın o zamankı ABŞ səfiri prezidentin yaşadığı iqamətgaha gəlir, görüşmək istədiyini və təcili Elçibəyin yuxudan oyadılmasını xahiş edir.
Əbülfəz bəy oyanır və səfiri qəbul edir. Diplomat Vaşinqtonun rus qoşunlarının çıxarılması xəbərindən həyəcan içində olduğunu bildirir, bunun riskli və gözlənilməz sonuclar verəcəyini söyləyir.
Səfir çox açıq deyir: “Bilirsinizmi ki, buna görə sizi hakimiyyətdən devirə bilərlər, bunu sizə bağışlamaya bilərlər?”
Əbülfəz bəy deyir: “Bəli, bilirəm”.
Səfir də soruşur ki, Vaşinqtonda da buna görə narahatdır, axı sizi devirə bilərlər bu işə görə, bir halda siz bu riski bilirsiniz, onda bunu niyə edirsiniz?
Bu zaman Əbülfəz bəy deyir: “Axı bunu kimisə etməlidir və bunu mən etməyəcəyəmsə, kim edəcək?!”
Hakimiyyətini itirmək bahasına da olsa, o bunu etdi. Məğlub prezident olmaqdan belə çəkinmədi. Azərbaycanın müstəqilliyini tam bərpa etdi, bütün digər ölkələrə də rus qoşunlarının çıxarılması üçün president ola bilən bir gerçəklik yaratdı və tək Azərbaycana deyil, rus şovinizminin caynağından qurtulmaq istəyən bütün dövlətlərə böyük bir xidmət göstərdi.
4 iyun hadisəsi barədə bütün təhlillərdə, bütün ittihamlarda və bütün xatirələrdə bəlkə az da olsa həqiqət tapmaq olar. Amma iyun qiyamı barədə, onun səbəb və mahiyyəti barədə əsl həqiqət yuxarıdakı söhbətdə ifadə olunub. Rusiya Elçibəydən intiqam aldı, ondan qurtulmaq üçün qiyam hazırladı. Elçibəy isə özü üçün istənilən sonucu, istənilən ittihamı, hətta ironiya obyekti olmağı belə göz altına alıb, o tarixi addımı atdı, rus imperiyasının başqa ölkələrdə tanklı-tüfəngli kök atıb qalmaq planını dağıtdı.
Mən başa düşürəm ki, çoxlarının öz 4 iyunu var. Hərə öz istədiyi kimi şərh edir, vurğunu istədiyi, ona sərf edən, yaxud onu ağrıdan bir səmtə qoyur. Ola bilər ki, siz 4 iyundan sonra Əliyevlərin hakimiyyətə gəlməsini və bunun necə ağrılar gətirdiyini başlıca nəticə sayırsınız və ittiham etməkdə özünüzü haqlı bilirsiniz. Amma o qədər tarixi addımı atmağın önəmini doğrudanmı görməməzlikdən gəlirsiniz?
Rus qoşunlarının qalması gec-tez Rusiyaya bağlı, onun idarə etdiyi bir rejimin qurulmasına səbəb olacaqdı. Həmin rejimi dəyişmək şansı isə indikindən asan olmayacaqdı və biz xalq olaraq Əliyevlərə öz yerini göstərə bilməməyimizin hesabını tamamilə Elçibəyin üzərinə kəsə bilmərik.
Elçibəy onsuz da əbədi hakimiyyətdə qalası deyildi. Bir gün hakimiyyətdən seçki yolu, yaxud Konstitusiya limiti ilə gedəcəkdi və hakimiyyətə yenə bunlar gələ, eyni vəziyyəti yarada bilərdilər. Onda nə deyəcəkdik: niyə Elçibəy əbədi qalmırdı?
Biz toplum olaraq bir rejimə həddini bilməyi anlada bilmədiksə, ölkədə ailə istibdadının qurulmasına imkan verdiksə, başqa cürü alınmadısa, bunun günahkarı kimi niyə Elçibəyi görməliyik? O Elçibəyi ki, “Bir halda başa düşürsünüz ki, sizi buna görə hakimiyyətdən devirə bilərlər, onda bunu niyə edirsiniz?” sualına belə cavab verib: “Bunu kimisə etməlidir və bunu mən etməyəcəyəmsə, kim edəcək?!”
Bilməyərəkdən, yəni qərəzsiz, hiyləsiz 4 iyun qiyamını yanlış anlayanları, yanlış qiymətləndirənləri də görmüşəm. Amma bu olayı “Hakimiyyəti verdilər!”, “Qaçdılar!”, “Bacarmadılar”, “Elçibəy Heydər Əliyevin adamı idi, hakimiyyəti də ona verdi!” deyə şərh edən kimləri görmədim?! Hərənin də öz hesabı var.
Bu ittihamların hədəfə aldığı vurğulara diqqət edin. Bir halda ki, hakimiyyəti bu cür verdilər, sonuc o cür oldu, bir halda kı, Elçibəy kimi adama da inanmaq olmur…
Onda yorulanlar deyir: mübarizənin faydası nədir?!
Özünün fəaliyyətsizliyini və uzaq durmağını əsaslandırmaq istəyənlər deyir: bunlarla nə etmək olar?
Orijinal görünmək istəyənlər: onlar kimdir ki, mən onlara qoşulum…
Qorxaqlar: görürsünüz, mən Elçibəyi və ondan sonra qalan müxalif qüvvələri söyürəm…
Hakimiyyətə tərəf keçənlər deyir: Azərbaycanı batırırdılar, yenə pis-yaxşı Heydər Əliyev gəlib ölkədə vəziyyəti dəyişdi.
Ona görə də hərənin öz səbəbi, öz izahı, öz 4 iyunu var. Bəzilərininki tez-tez dəyişir hətta. Amma 4 iyunun bir səbəbi var. Onun da ən gerçək hekayəsini mən Elçibəyin özündən eşitmişəm, bunsuz da bilirdim, bunsuz da bilmək çətin deyil.