Yaxud, hakimiyyət üçün bütün həqiqətlərin adı «erməni» dir
Zaman öz işini görməkdədir. Artıq hər gün hakimiyyətin ifşası daha da sürətlənir və rejimin heç bir mənəvi çəkiyə malik olmadığı təsdiqini tapır. Son günlərini ən səs-küylü hadisəsi Azərbaycanın Avropa Ittifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə Islam Əməkdaşlıq Təşkilatının Avropa Ittifaqı yanında nümayədəsi vəzifəsini daşıyan Arif Məmmədovun öz “facebook” səhifəsində yazdıqları oldu. Bəli, 100-lərlə yaltaq qeydlər, yalan məqalələr, şər-böhtan saçan çıxışlar gündəmə çevrilə bilmir. Amma səfirin bir neçə kəlməlik həqiqəti bütün hakimiyyət komandasını titrətdi, cəmiyyəti təəccübləndirə bildi. Həqiqətin gücü məhz bundadır. Bütün yalanlar, həqiqət doğulana qədər mötəbər ola bilir.
Axı, səfir nə yazmışdı?
Əslində, Arif Məmmədov yeni heç nə yazmamışdı. Hamımızın illərlə dediyini, yazdığını təkrar etmişdi. Sadəcə olaraq bu dəfə etiraz edən sadə vətəndaş, yaxud müxalifətçilər deyildi. Bu dəfə kifayət qədər təcrübəyə və savada malik olan, məsuliyyətli vəzifə daşıyan, hakimiyyət komandasını təmsil edən bir şəxsin səsi eşidildi. Arif Məmmədov Bakıdakı yanğın olayına belə münasibət bildirir: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
Görəsən, bu sözlərdə dövlətin və millətin maraqlarına zidd, erməniliyə dəlalət edən nə var? Əslində, hakimiyyət daxilində kiminsə bu məsələyə tənqidi yanaşması, vicdanla reaksiya verməsi, təqdir edilməlidir. Axı bütün komandanın Siyavuşlardan, Etibarlardan, Əhədlərdən ibarət olması, ikrah hissi yaradır. Həqiqətə qarşı bu qədər düşmən münasibətdə olmaq ermənilikdən də pisdir. Heç olmasa ətrafınıza baxın, Türkiyədəki seçki kampaniyasını izləyin. Bu hakimiyyət qədər cılız, rəzil görünən varmı? Ümumi kassaya nəzir verməyən, haqq sözünü deyən, yalana etiraz edən kim olursa olsun “qara siyahı”ya düşür. Gərək, hakimiyyət Arif Məmmədovun fikirlərindən sonra, özünə gələydi. Heç olmasa dost məsləhətini eşidəydi. Onsuz da beynəlxalq təşkilatlar, tanınmış diplomatlar, nüfuzlu qəzet və jurnallar hakimiyyətin iç üzünü açırlar. Onsuz da araşdırmaçı jurnalistlər bu rejimin “fəalliyyət”ini tirajlayırlar. Görəsən, komandanın içindən vicdanlı bir adamın çıxması, bunları niyə təəccübləndirib? Deməli, arxayın olublar ki, hamı ram edilib.
Yaltağa “Şərəf” ordeni, haqqı deyənə “erməni” damğası
Arif Məmmədovun “facebook” qeydinə ermənişünas deputat Siyavuş Novruzov da münasibət bildirib: “Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır. Bu adamın qanında erməni qanı var. O deyir ki, ”3 gün Azərbaycanda qaldım, mən qocaldım". 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər" – deyə Siyavuş Novruzov bildirib.
Onsuz da Siyavuş Novruzovun “ölçü cihazı” hamıya tanışdır. Bu adam ləyaqətli, vicdanlı, yaltaq olmayan, şərəfi ilə yaşayan, zalıma etiraz edən hər kəsə “erməni” diaqnozu qoyur. Dünənə qədər yüksək postlara təyin etdikləri Arif Məmmədov bir kəlmə haqlı fikir yazan kimi, Siyavuş Novruzov “analiz” götürüb, erməni olduğunu təsdiqlədi.
Görəsən, xalqa bundan böyük hörmətsizlik varmı? Siyavuş Novruzov dünyanın yarısını erməni çıxardıb. Artıq Azərbaycan vətəndaşlarını da erməniləşdirməklə məşğuldu. Amma əsl ermənilərin və ermənipərəstlərin qarşısında səcdə edib.
Doğurdan da fəlakətli günlər yaşayırıq. Yaltaqların, böhtançıların, şər əlaltılarının “Şərəf” ordeni aldığı, vicdanlı, ləyaqətli insanların “erməni”, “vətən xaini” olduğu ölkənin vətəndaşlarıyıq.
Deməli, bahalı maşında gəzirsənsə, vəzifən varsa, övladların yaxşı məktəbdə oxuyursa, ləyaqətsiz olmalısan, vicdanını satmalısan. Bəli, Siyavuş Novruzov Arif Məmmədova minnət qoyur ki, bahalı maşının varsa, şərəf nəyinə lazımdır. Ən dəhəştlisi budur ki, bu ölkədə ən yaxşı nümunələrə “erməni” adı verilir. Siyavuş Novruzovun təmsil olunduğu hakimiyyət “erməni” ifadəsini sipər kimi istifadə edir.
Səfirin məşəl etirafı
Arif Məmmədov “facebook” səhifəsində Avropa oyunlarının məşəlinə də işarə edib: “Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzov (idmançı və millət vəkili), Əhəd Abıyev (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyev (nəhəng partiyanın rəhbəri) niyə əlavə olunmasın? Ölkənin parlaq ”dostları"nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar" – deyə Arif Məmmədov yazır.
Göründüyü kimi Ilhamə Quliyevanın məşəldarlığı Avropadan da ironik görünür. Əslində, Arif Məmmədovun adını çəkdiyi şəxsləri Azərbaycanda hamı tanıyır və bu adamların cəmiyyətdə heç bir nüfuzu yoxdur. Arif Məmmədov məhz bu adamların adını çəkməklə, hakimiyyət komandasının kimlərdən ibarət olduğunu və kimlərə pənah apardığını göstərir. Bəli, Jirinovski kimi türk düşmənini başa çıxartmaq, Hafiz Hacıyev kimi mənasız adamları prezidentliyə namizəd kimi xalqa təqdim etmək, bir hakimiyyət üçün qəbuledilməz olmalıdır. Amma hakimiyyətin mənəviyyat zəmbili bu adamlarla eyni çəkidə olduğu üçün, heç bir kompleks hiss etmirlər.
Son günlər Ilhamə Quliyevanın məşəl daşıması da gündəmin mövzusuna çevrilmişdi və sosial şəbəkələrdə ironiya ilə qarşılanmışdı. Artıq hakimiyyətin addımları o qədər əndazəni aşır ki, Avropada oturmuş yetkili də susa bilmir. Bu adam 3 gün Bakıda qalıb və dəhşətə gəlib. Təsəvvür edin ki, illərlə bu ölkədə yaşayıb, hakimiyyətin iyrəncliklərini görən insanlar nələr çəkir.
Əslində, Arif Məmmədovun məşəllə bağlı ironik qeydi, hakimiyyətin başının itməsinə, komandada normal düşüncənin olmadığına işarədir. Arif Məmmədov okeanın o tayından qışqıraraq, “cənablar, çox pis görünrsünüz” söyləyir.
Hakimiyyət isə həmişəki kimi güzgünü sındırmağa üstünlük verdi. Indi, Arif Məmmədovun statusunu “like” edənlər də bəyənilməyənlər siyahısına düşüblər.
Gücünüz yalnız səfirə çatır?
Səfirin qalmaqal yaradan statusuna, müəyyən cavbalar verildi, məqalələr yazıldı, hətta cəzalandırılmasını istəyənlər də oldu. Siyavuş Novruzov isə “erməni” ittihamı ilə sakitləşdi. Amma Arif Məmmədovdan öncə də tənqidlər səsləndirənlər olmuşdu. Nə hikmətdirsə, bu tənqdləri səsləndirənlərə “erməni” deyən olmadı.
Məsələn, “Qaçqınkom” sədri Əli Həsənov məmur övladlarının narkomanlığından, məmurların müxtəlif ölkələrdəki biznes imperiyasından danışdı və Azərbaycanın maraqlarını biznes maraqlarına satdıqlarını etiraf etdi.
PA rəhbəri Ramiz Mehdiyev təhsilin bərbad vəziyyətindən, savadlı kadrların olmamasından, Elmələr Akademiyasının bazara çevrilməsindən, televiziyaların ucuz şou ilə yüklənməsindən gileyləndi.
Ölkə başçısı Ilham Əliyev məmurların harınlığından, qiymətlərin süni artırılmasından, rəhbər şəxslərin onu aldatmasından, israfçılığın olmasından şikayətləndi və ictimai nəzarətin vacibliyini dilə gətirdi.
TQDK sədri rüsvayçı imthan nəticələrini açıqladı.
Görəsən, bu tənqidləri səsləndirənlər niyə hədəf seçilmir? Siyavuş Novruzovun “ermənimetr” aparatı, bu adamlara çatanda niyə xarab olur?
Niyə, Arif Məmmədov tənqid edəndə “vətənə xəyanət”, Ramiz Mehdiyev tənqid edəndə “dövlətə xidmət” olur? Siyavuş Novruzov əsl ermənilərin kimliyindən xəbərsizdirmi? Əgər, Arif Məmmədov erməni idisə, niyə Azərbaycanı xaricdə təmsil edirdi?
Suallar çoxdur. Amma istənilən cavab, hakimiyəti yerə çırpmağa xidmət edir.
Və sonda
Arif Məmmədovun “facebook” statusu, rejimə daxildən verilən qiymət idi. Məlum oldu ki, yalnız müxalifət, beynəlxalq aləm deyil, komandanın içində olan vicdanlı adamlar da real vəziyyəti görürlər. Əslində, Arif Məmmədova qarşı baş verənlər, digər rejim mənsublarının da gözünü açmalıdır. Bu adamlar bilməlidilər ki, təmsil olunduqları hakimiyyət yalana xidmət edir, vicdanlı insanları sevmir və ləyaqəti olanları şərləməyə hazırdır. Şərəflə yaşamağı, bahalı maşına, vəzifəyə, istirahətə satmaq olmaz. Bir daha təsdiq olundu ki, dünənə qədər AXCP-nin, Milli Şuranın ünvanına deyilən ittihamlar, yalanlardan ibarət imiş. Təsdiqləndi ki, həbs olunan fəallar günahsızdılar. Sadəcə olaraq, həqiqəti dedikləri üçün cəzalandırılıblar. Arif Məmmədov da Bakıya qayıtsa, ya cibindən narkotika çıxacaq, ya da dövlət əmlakını mənimsəməkdə ittiham ediləcək.
Bir sözlə, Avropa oyunları öncəsi, hakimiyyətin çirkin oyunları davam edir.
İlham


