Şanlı hökumətimiz yenə də cəbhəçilərin profillərinə meyl salıb. Bir cəbhəçinin “facebook” hesabını ələ keçirməyi böyük qəhrəmanlıq hesab edirlər. Sanki, işğal olunmuş hansısa rayonu azad ediblər. Bu adamlar başa düşmürlər ki, AXCP-ni ayaqda saxlayan, mübarizə əzmini artıran hansısa üzvün profili deyil. Sabah da mənim profilimi ələ keçirin. Sonra mənim adımdan AXCP-ni təhqir edin, ardınca AXCP-dən istefa verin. Nə dəyişəcək? 20 ildən artıqdır telekanallar birtərəfli informasiya istehsal edir və AXCP-nin ünvanına ən ağır ittihamlar səsləndirilir. Rejim mətbuatı palaz-palaz yazılar dərc edib, şər kampaniyası aparır. Amma nəticə sıfırdır. AXCP genişlənir, liderin nüfuzu artır, meydanlarda sözünü deyir. Bu qədər informasiya resusrslarının görə bilmədiyi işi hansısa sıravi cəbhəçinin profilimi görəcək? Onsuz da oğurlanan profillər bir neçə saatdan sonra ifşa olunur. Açığı, bu profil qiyamı mənim xoşuma gəlir. Əvvəla, məlum olur ki, bu ölkədə vicdanı, ləyaqəti olan heç kimi AXCP-yə qarşı kampaniyaya qoşmaq mümkün deyil. Yeganə çıxış yolu cəbhəçilərin profilini oğurlayıb, cəbhəyə qarşı müvəqqəti təxribat hazırlamaqdan keçir. Ikincisi, bu “əməliyyat” sübut edir ki, bir cəbhəçi gəncin “facebook” hesabı, rejimin bütün informasiya resurslarından qiymətlidir.
Üçüncüsü, oğurlanmış profillərdən yazılan statuslar dərhal rejim saytlarında sensasiyalı xəbər kimi yayılır və bu saytların hardan təlimat aldığı müəyyənləşir. Yəni, cəbəhçilərin profillərinin oğurlanması prosesi, bumeranq effekti verir. Bizi ifşa etmək istəyənlər, öz “resurs”larını ifşa etmiş olurlar.
Ümumilikdə isə AXCP-yə qarşı “facebbok” hücumu partiyanın və liderin şəffaflığını üzə çıxarır. Deməli, AXCP-yə və Əli Kərimliyə qarşı heç bir kompromat tapmadıqları üçün yalan informasiyalar yaymaq məcburiyyətində qalıblar. “Əli Kərimli cəbhəçiləri bağında işlədir”, “Əli Kərimli cəbhəçi gənclərə 400 manat maaş verir” kimi ucuz təxribatlara heç kim inanmır. Yuxarıda qeyd etdiyimiz kimi telekanallarda başlayan “qara piar” iflasa uğradığı üçün, əlaltı saytların “kəşf”i heç kimə mötəbər görünmür.
Amma nə etmək olar. Hökumətimiz cılızlaşmaqda israrlıdır.
Əgər sosial şəbəkələrə diqqət yetirsəniz cəbhəçilərin stress atdığının şahidi olarsız. Bəli, cəbəhçilər hökumətin şər ssenarisinə istinad edərək, xeyli komediya filmi çəkiblər. Artıq heç kim sifarişlə işləyən saytların, sındırılmış hesablardan yazılmış statusların təkzibi ilə məşğul olmur. Çünki, buna ehtiyac da yoxdur. Indi cəbhəçilər hakimiyyətin əlacsız vəziyyətindən adrenalin alırlar.
Amma hökumətə bir sirr açmaq istəyirəm. Bir halda ki, virtual oğurluğun da monopoliyasını ələ almaq qərarı veriblər, o zaman hökumətə kömək etmək lazımdır.
Cənablar, cəbhəçilərin “login” və “parol”unu sizə vermək istəyirəm. Deməli, cəbhəçilərin “login”i- vicdan, ləyaqət, ədalətdir. “Parol”umuz isə Vətənə, millətə, dövlətə sevgidir. Əgər cəbhəni məhv etmək istəyirsinizsə, bu hesaba girmək lazımdı. O biri hesablarla heç nəyə nail olmaq mümkün deyil. Xakerlərinizə bu xəbəri çatdırın. Haydı, iş başına.