«Stabillik insan haqlarının pozulmasıyla qorunmur…»
«Stabil demokratiya həmçinin qanunun aliliyinə hörmət, güclü vətəndaş cəmiyyəti, azad mətbuatın mövcudluğunu tələb edir»
Iyunun 22-dən 26-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası keçiriləcək. Sessiyada Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsi, ölkədə repressiyaların artmasına dair məsələnin müzakirəsi də nəzərdə tutulub. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinski (Polşa) ölkəmizdəki vəziyyətlə bağlı qətnamə layihəsi hazırlayıb. Monitorinq Komitəsinin qəbul etdiyi bu sənəd AŞ PA-nın sessiyasında müzakirəyə çıxarılacaq. Qətnamə layihəsini
ixtisarla təqdim edirik.
(Əvvəli ötən saylarımızda)
Bizim Bakıda görüşdüyümüz QHT rəhbərləri və hüquqşünaslar bildirdilər ki, 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisindən sonra ölkədə vəziyyətin kəskin şəkildə pisləşib. Son illərdə hakimiyyət QHT-lərin qeydiyyatı, fəaliyyəti, onların beynəlxalq fonlarla əməkdaşlığına dair bir sıra məhdudlaşdırıcı tədbirlərə əl atıb. Bu məsələni hakimiyyət nümayəndələrilə görüşdə qaldırarkən bizə dedilər ki, bu addımlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində şəffaflığın artırılması məqsədilə atılıb. Xüsusən 2009, 2013-cü illərdə QHT-lərlə bağlı qanunvericiliyə yerli və ölkədə fəaliyyət göstərən xarici təşkilatlara inzibati nəzarətin daha da gücləndirilməsini nəzərdə tutan xeyli dəyişikliklər edildi. Venesiya Komissiyasının rəyinə görə, Azərbaycanın QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyi beynəlxalq standartlara uyğun deyil. QHT-lərlə bağlı qanuna edilən dəyişikliklər Avropa Konvensiyasının 11-ci (birləşmə azadlığı) maddəsilə ziddiyyət təşkil edir. Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında Ədliyyə Nazirliyinin ictimai təşkilatları qeydə almaqdan imtina etməsini Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirib.
Qanuna edilən dəyişikliklər həmçinin hakimiyyətə istədiyi təşkilatlara maliyyə sanksiyası tətbiq etmək, əhəmiyyətsiz pozuntulara əsaslanıb onların bank hesablarını dondurmaq imkanı yaradıb. Xüsusən narahatlıq doğuran məhdudlaşdırıcı dəyişiklərdən biri də QHT-lərin maliyyələşdirilməsinə aiddir.
Qanunvericiliyə edilən çoxsaylı məhdudlaşdırıcı dəyişikliklər nəticəsində bir sıra yerli, eləcə də Bakıdakı beynəlxalq hüquq-müdafiə təşkilatları fəaliyyətini dayandırmalı olub. Həmin təşkilatların rəhbərləri guya, maliyyə pozuntuları, qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməməsi, vergidən yayınma üzrə başlanmış cinayət işi üzrə istintaqa cəlb olundu. Onların bank hesabları donduruldu, ofislərində axtarış aparıldı, avadanlıqları müsadirə edildi. Nüfuzlu təşkilatların rəhbərləri qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə, vergidən yayınma kimi ittihamlarla həbs olundu.
Venesiya Komissiyası, Avropa Şurasının insan haqları üzrə komissarı, QHT-lərlə bağlı Ekspertlər Şurası və s. bəyan edib ki, Azərbaycanın QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyi demokratiya və insan haqları baxımından qətiyyən beynəlxalq standartlara cavab vermir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, biz Azərbaycan hakimiyyətini Venesiya Komissiyasının göstərdiyi problemlərin həll məqsədilə QHT qanunvericiliyinə yenidən baxmağa, QHT-lərin normal fəaliyyətinə şərait yaratmağa çağırırıq.
2014-cü ilin mayında Baş Prokurorluq onlarla QHT-nin fəaliyyəti üzrə cinayət işi başladı. Onların arasında yerli QHT-lərlə yanaşı, xarici təşkilatların buradakı ofis və filialları da vardı. Sözügedən cinayət işinin istintaqı çərçivəsində Azərbaycan Hüquqçular Assosiasiyası, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu, Insan Haqları və Demokratiya Mərkəzi və s. təşkilatların ofislərində axtarış aparılıb, texniki avadanlıqlar müsadirə edilib, bank hesabları dondurulub. Həmin təşkilatların rəhbər və əməkdaşları istintaqa cəlb olunaraq dindirilib, onların ölkədən çıxışına qadağa qoyulub. Təşkilat rəhbəri olan tanınmış hüquqşünaslar, hüquq müdafiəçiləri həbs olunub.
Bakıya səfərimiz zamanı öyrəndik ki, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynova ötən ilin avqustundan Isveçrənin Azərbaycandakı səfirliyində sığınacaq verilib.
Biz Bakıya səfərimiz zamanı Kürdəxanı təcridxanasında Rəsul Cəfərovla görüşdük. Tanınmış hüquq müdafiəçisi olan Cəfərov eyni zamanda, Insan Haqları Klubunun rəhbəridir. O, ötən il avqustun 2-də həbs olunub. O bildirdi ki, təşkilatının qeydiyyata alınması üçün 3 dəfə Ədliyyə Nazirliyinə müraciət etsə də, rədd edilib. Bu səbəbdən yerli məhkəmələrdə bu hüquq pozuntusu ilə bağlı iddia qaldırıb. Lakin məhkəmələr də şikayətini təmin etməyib. Iş hazırda Avropa Məhkəməsinin icraatındadır. O, təşkilatın həyata keçirdiyi qrant layihələrilə bağlı bütün maliyyə sənədlərini prokurorluğa təqdim edib. Cəfərov bizimlə görüşdə bildirdi ki, onun həbsi qanunsuzdur və siyasi motivlidir. Aprelin 16-da məhkəmə onun 6 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. Bu hökmü beynəlxalq təşkilatlar kütləvi şəkildə pisləyib. Biz də hüquq müdafiəçisinin həbsilə bağlı narahatlığımızı bildirir və hökuməti onu azad etməyə çağırırıq.
Tanınmış hüquqşünas və hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, Avropa Məhkəməsinə çoxlu sayda şikayət göndərən, bu Məhkəmədə ərizəçilərin hüquqlarını müdafiə edən Intiqam Əliyev də 2014-cü ilin avqustundan həbsdədir. Onun müdafiəçiləri ittihamların saxta olduğunu, Intiqam Əliyevin siyasi motivlərlə həbs edildiyini bildirir. Biz Bakıya səfərimiz zamanı onunla görüşmək üçün hökumətlə razılaşmışdıq. Lakin görüşə bilmədik. Kürdəxanı təcridxanasında bizə bildirdilər ki, o, məhkəmədədir.
Avropa Şurasının insan haqları üzrə komissarı Intiqam Əliyevin təşkilatının ofisində axtarış zamanı götürülmüş sənədlərin, o cümlədən Avropa Məhkəməsinə göndərilmək üçün hazırlanmış materialların prokurorluq tərəfindən geri qaytarılmaması ilə əlaqədar narahatlığını ifadə etmişdi.
Intiqam Əliyev bu il aprelin 23-də çıxarılmış hökmə əsasən, 7 il 6 ay azadlıqdan məhrum edildi. Bu hökm də beynəlxalq ictimaiyyətin kəskin etirazları ilə qarşılandı. Biz də son dərəcə sərt olan bu hökmlərdən dərin məyusluğumuzu bildirir və hökuməti bu məsələlərə yenidən baxmağa çağırırıq.
Biz 13 saylı cəzaçəkmə müəssisəsində Anar Məmmədli ilə də görüşdük. O, Azərbaycanda seçkilərin monitorinqi üzrə ixtisaslaşmış tanınmış hüquq müdafiəçisidir və “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi” adlı təşkilatın rəhbəridir. O bildirdi ki, adıçəkilən təşkilatın qeydiyyatından beş dəfə imtina olunub. Nəhayət, 2008-ci ilin fevralında təşkilat qeydə alınıb. Elə həmin ilin mayında isə Ədliyyə Nazirliyinin məhkəmədə qaldırdığı iddia əsasında qeydiyyatı ləğv olunub. Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. Ona qarşı da qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə edərək seçkinin nəticələrinə təsir göstərmə kimi ittihamlar irəli sürülüb. O, 5 il 6 ay azadlıqdan məhrum edilib.
Anar Məmmədli bizə izah etdi ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra QHT-lərin fəaliyyəti faktiki mümkünsüz olub. Heç bir təqsiri olmadığını deyən Anar Məmmədli qeyd edib ki, o, siyasi məhbusdur. Bizmilə söhbət zamanı o, həmçinin hüquq-müdafiə təşkilatlarına hücumlardan narahatlığını ifadə edib.
Bizim xahişimizə baxmayaraq, həbsdə olan tanınmış hüquq müdafiəçiləri – Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla görüşümüzə imkan vermədilər. Leyla Yunus ötən il iyulun 30-da, həyat yoldaşı isə ondan bir neçə gün sonra – avqustun 5-də həbs olunub. Onlara qarşı dövlətə xəyanət, dələduzluq, vergidən yayınma, vəzifədən sui-istifadə və s. ittihamlar irəli sürülüb. Hər ikisinin səhhətində ciddi problemlər var.
Bizi ciddi şəkildə narahat edən məsələlərdən biri də Yunuslara elan olunan dövlətə xəyanət ittihamıdır. Xüsusən Dağlıq Qarabağ ətrafında gərginliyin artdığı bir zamanda bu çox ciddi ittihamdır. Avropa Şurasının insan haqları üzrə komissarı Avropa Məhkəməsinə üçüncü tərəf kimi müraciətində Leyla və Arif Yunusların həbsilə əlaqədar narahatlığını ifadə edərək, baş verənləri “hakimiyyətin onları susdurmaq cəhdi” kimi qiymətləndirib.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı yuxarıda adları çəkilən şəxslərin “vicdan məhbusu” olduğunu bəyan edib.
Azərbaycanda ictimai təşkilatlar və müxalifət partiyaları ölkədəki siyasi məhbusların siyahısını hazırlayır. Bu siyahılar azadlığa buraxılan və ya həbs olunan şəxslərlə əlaqədar ara-sıra dəyişir. Bizim Bakıya səfərimiz ərəfəsində “Amnesty International”ın yaydığı hesabatda göstərilirdi ki, Azərbaycanda ən azı 22 nəfər ifadə, toplaşma, birləşmə azadlığından istifadə etmək istədiyinə görə hazırda həbsdədir və onların hamısı vicdan məhbuslarıdır. Onlar dələduzluq, narkotik və digər saxta ittihamlarla həbs olunublar.
Avropa Parlamentinin 18 sentyabr 2014-cü il tarixli qətnaməsində də Azərbaycanda hüquq müdafiəçilərinin təqib olunduğu öz əksini tapıb. Avropa Parlamenti bəyan edib ki, onların dəstəyi, həmçinin Azərbaycanla əməkdaşlığı bu ölkədə insan haqlarının müdafiəsinə, media, ifadə, sərbəst toplaşma, birləşmə azadlıqlarının təmin olunmasına əsaslanır.
Ifadə azadlığı
Bakıda görüşdüyümüz vətəndaş cəmiyyətinin təmsilçiləri, hüquqşünaslar birmənalı şəkildə Azərbaycanda ifadə azadlığının təhlükə altında olduğunu, tənqidçi jurnalistlərin təzyiqlərə məruz qaldığını bildirdilər. Biz bir sıra yerli, həmçinin “Amnesty International”, “Human Rights Watch”, “Human Rights Watch Foundation” kimi nüfuzlu beynəlxalq təşkilatlardan Azərbaycanda ifadə azadlığının pozulmasına dair xeyli həyəcan doğuran xəbərlər almışıq.
Avropa Şurası Nazirlər Komitəsi də hökumətin qanunvericilikdən ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə istifadə etdiyini vurğulayaraq, Azərbaycanda ifadə azadlığı sahəsində hazırkı vəziyyətin ciddi narahatlıq doğurduğunu bəyan edib. Qeyd olunub ki, tənqidçi jurnalistlər, bloggerlər, vəkillər, QHT təmsilçilərini susdurmaq məqsədilə qanunvericilikdəki xuliqanlıq, qanunsuz sahibkarlıq, narkotik və s. maddələrdən istifadə edib onları həbsxanaya salmaq ifadə azadlığının kobud şəkildə pozulmasıdır.
Ifadə azadlığı ilə bağlı qanunvericilik bazasının özü də narahatlıq doğurur. Venesiya Komissiyasının tövsiyələrinə, Avropa Şurasının insan haqları üzrə komissarının iradlarına baxmayaraq, hələ də Azərbaycanın cinayət qanunvericiliyində təhqir və böhtana görə cinayət məsuliyyəti, o cümlədən 3 ilə qədər həbs cəzası nəzərdə tutulub. Əksinə, hakimiyyət 2013-cü ildə cəza sanksiyalarının dairəsini bir qədər də genişləndirərək, hətta bunu internetə də şamil edib.
AŞ PA-nın bu ilin yanvarında qəbul etdiyi qətnamədə də Azərbaycan hakimiyyətinə söz və ifadə azadlığının təmin olunması, bu məqsədlə qanunvericiliyə dəyişiklik edilməsi, Avropa Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsilə bağlı çağırışlar vardı.
Bizə məlumat verildi ki, 2015-ci ilin fevralında Kütləvi Informasiya Vasitələri haqqında qanuna yenidən dəyişiklik edilib. Bu dəyişiklik Ədliyyə Nazirliyinə imkan yaradır ki, xaricdən maliyyə alan və ya bir ildə iki dəfə böhtanda təqsirləndirilən istənilən media orqanının qapadılması üçün məhkəməyə müraciət etsin.
Biz əvvəlki kimi yenə də Azərbaycanda ifadə, media azadlığının həm qanunvericilik səviyyəsində, həm də praktikada məhdudlaşdırılması ilə əlaqədar narahatlığımızı bildiririk. Hakimiyyəti Avropa Konvensiyasının ifadə azadlığına təminat verən 10-cu maddəsinə riayət etməyə çağırırıq.
Tövsiyələr
Bakıya səfərimiz zamanı hakimiyyətdən belə fikirlər eşitdik ki, Azərbaycan bütün tərəflərdən təhlükə altındadır, həm daxili, həm də xarici qüvvələr ölkədə sabitliyi pozmaq istəyir. Biz hakimiyyətin narahatlığını başa düşürük, amma onu da xatırlatmalıyıq ki, “stabillik” insan haqlarıyla bağlı beynəlxalq standartların pozulması sayəsində olmur. Ona görə də hakimiyyəti Avropa Şurasına üzv dövlət kimi öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq. Stabil demokratiya üçün ölkədə real hakimiyyət bölgüsünün (icra hakimiyyəti, parlament və məhkəmə sistemi) mövcudluğu çox vacibdir. Vacib olan başqa bir amil siyasi dialoqdur. Parlamentin icra hakimiyyəti üzərində nəzarətinin güclənməsi yalnız Azərbaycanın xeyrinə olardı. Bunun üçün parlamentin səlahiyyətləri artırılmalı, həmçinin əsl müxalifət parlamentdə təmsil olunmalıdır.
Stabil demokratiyaya yalnız azad, ədalətli seçkilər, azad rəqabət sayəsində nail olmaq olar. Lakin yuxarıda qeyd olunanlardan görünür ki, seçkilərlə bağlı Avropa Şurasının indiyədək verdiyi çoxsaylı tövsiyələr kağız üzərində qalıb.
Stabil demokratiya həmçinin qanunun aliliyinə hörmət, güclü vətəndaş cəmiyyəti, azad mətbuatın mövcudluğunu tələb edir.