YAP niyə Aydın Doğanı hədəf seçib?

İlham Əliyev «Hüriyyət» qəzetində Xədicə Ismayılla bağlı yazını həzm edə bilmir

 
Bir neçə gündür ki, hakimiyyətin nəzarətində olan media quruluşları, xüsusilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti Türkiyənin nüfuzlu iş adamlarından olan, “Doğan Media Qrupu”nun rəhbəri Aydın Doğanı hədəfə alıb.
“Yeni Azərbaycan” qəzeti Aydın Doğanın ünvanına Fətullah Gülənlə işbirliyindən tutmuş, ermənilərin maraqlarına xidmət etməyə qədər müxtəlif ittihamlar səsləndirib.
Aydın Doğanın Azərbaycan hakimiyyətinin hədəfinə gəlməsinin kökündə isə “Doğan Media Qrupu”na daxil olan “Hüriyyət” qəzetində araşdırmaçı jurnalist Xədicə Ismayıllı bağlı yazının dərcidir. Bundan başqa həmin yazının müəllifi Tolqa Tanış Ilham Əliyevə qarşı birləşən araşdırmaçı jurnalistlərin sırasındadır. Təbii ki, Azərbaycan hakimiyyəti Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Hüriyyət”də Xədicə Ismayılın müdafiəsini həzm edə bilməz. Bu baxımdan hökumət buna qarşılıq olaraq Aydın Doğanı hədəfə alaraq, ənənəvi şantaj üsulları ilə növbəti bu tip yazıların qarşısını almağa cəhd edir.