Mərkəzi Bankdakı artım müvəqqətidir

Ekspertlər artımın dayanıqlı iqtisadiyyatla bağlı olduğu fikrini bölüşmürlər

 
Azərbaycan Mərkəzi Bankı strateji valyuta ehtiyatlarının vəziyyətinə dair növbəti aylıq hesabatı açıqlayıb. Virtualaz.org saytı xəbər verir ki, Mərkəzi Bankdan yayılan açıqlamaya əsasən bankın valyuta rezervlərində son 7-8 ay ərzində ilk dəfə artım qeydə alınıb.
Mayın sonunda bankın valyuta ehtiyatları aprel ayına isbətən 42,9 milyon dollar artaraq 8 milyard 430 milyon dollar təşkil edib. Bununla da uzun müddətdən bəri ilk dəfədir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma tendensiyası dayanıb, onu  artım tendensiyası əvəz edib. Hərçənd ki, valyuta ehtiyatlarının artımı ötən aylardakı azalma ilə müqayisədə hələlik cüzi hesab oluna bilər.
Ilin əvvəlindən bu yana Mərkəzi Bankın ehtiyatları 5 milyard 330 milyon dollar, yaxud 38,7 faiz azalmışdı.
Iqtisadçı ekspertlər hesab edir ki, bu artım heç də iqtisadiyyatın dayanıqlığı ilə bağlı deyil. Ekspert Rövşən Ağayev artımı 3 səbəblə izaz edir: 1. Ilin ilk 3 ayına nisbətən may ayında neftin hər barrelinin orta hesabla 10 dollardan çox bahalanması səbəbindən.
2. Valyutaya çevrilə biləcək likvid manat kütləsinin mübadilə prosesinin başa çatması və bir mərhələdə xarici valyutaya tələbin doyması səbəbindən.
3. Ölkədən kənara valyuta axınının azalması səbəbindən.
Rövşən Ağayevin sözlərinə görə, əgər bu amillər dəyişməz qalarsa, yaxın aylarda manatın sabitliyini qorumaq problem olmayacaq. Həmçinin ekspertin fikrincə, yaxın dövrdə aşağıdakı səbəblər manatın sabitliyinə təhlükə yarada bilər:
1.Neftin qiyməti yenidən 50-55 dollara və daha aşağı düşür, aşağı qiymət səviyyəsi ən azı 5-6 ay davam edir.
2. Artıq dollara tələbat yaradacaq likvid manat kütləsi demək olar ki, yoxdur. Bundan sonra siyasi və iqtisadi səbəblərdən zəngin ailələrin və oliqarx kapitalı ətrafında formalaşan iqtisadi qrupların əmlaklarını (avtomobil, mənzil, zinət əşyaları, müəssisə və s.) valyutaya çevirib ölkədən çıxarmaq istəməsi valyutaya tələbin yeni dalğasını formalaşdıra bilər. Buna hakimiyyətdaxili mübarizənin daha da kəskinləşməsi, hakimiyyətə xarici basqının daha da sərtləşməsi kimi siyasi amillər daha çox təsir edə bilər. 
Iqtisadçı ekspert Samir Əliyevə isə ehtiyatların artmasını belə izah edib: “Ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar. 2014-cü ilin sonlarından başalayaq ölkənin əsas bankı dollar intervensiyası edərək manat kütləsini dövriyyədən çıxardıb. Nəticədə banklar manat qıtlığı ilə üzləşib. Təxminən 4 milyard dollar ekvivalentində olan manat hazırda dövriyyədən çıxarılıb. Pul bazası sentyabr ayındakı 11,8 milyard manatdan apreldəki 7,4 milyard manata düşmüşdü. Ancaq may ayında pul bazası 179 milyon manat artaraq 7,6 milyard manata yüksəlib. Bu vəsait məhz banklardan dolların alınaraq onları manatla təmin etmək tədbirləri nəticəsində baş verib. Hətta valyuta ehtiyatlarının investisiya tranşında təxminən 38 faizini təşkil edən avronun may ayında 2 faiz, 13 faizini təşkil edən funt sterlinqin isə 0,4 faiz ucuzlaşması da ehtiyatların artmasına əngəl ola bilməyib”.