Hakimiyyət daxilində yeni skandal; Səfirin facebook qeydləri aranı qatdı FOTO

AB-dəki nümayəndə qiyamda ittiham olundu; diplomatlara qarşı hücum əmri verildi; Әli Kərimli: "Yuxarıdakılar daha köhnə qayda ilə idarə edə bilmir"

 

Arif Məmmədov ittihamlara sərt cavab verdi: "Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm"

Azərbaycan hakimiyyəti daxilində yeni skandal baş qaldırıb. Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsi vəzifəsini daşıyan Arif Məmmədov “satqınçılıqda” və “xəyanətdə” ittiham olunur. Səbəb onun facebook səhifəsində yazdığı bir neçə qeyddir.

Bakıda mayın 19-da penoplast üzlüklü binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra A.Məmmədov belə bir status paylaşıb.

“Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.

Onun daha bir qeydi Avropa Oyunları məşəlini Bakıda İlhamə Quliyevanın daşıyacağı haqa saytlardan birinin xəbərinə reaksiyasından ibarətdir. Diplomat yazır:

“Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzov (idmançı və millət vəkili), Əhəd Abıyev (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyev (nəhəng partiyanın rəhbəri) niyə əlavə olunmasın? Ölkənin parlaq “dostları”nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar”.

Hakimiyyət dəhlizlərində A.Məmmədovun bu statusları dərhal “üsyankarlıq” və “düşmən əməli” kimi qarşılanıb. Artıq ona qarşı kampaniyaya da start verilib.

YAP icra katibinin müavini, deputatı Siyavuş Novruzov diplomatın ünvanına çox ağır ittihamlar, təhqiramiz ifadələr işlədib. Hakimiyyətin nəzarətində olan saytlardan birində isə onun “ifşasına” həsr olunmuş geniş məqlə dərc edilib. Məqalədə A.Məmmədovu yazdıqlarına görə MTN-in zirzəmisində çürütməyə çağırış belə, yer alır.

A.Məmmədovu “xalq düşməni” elan etmək üçün isə (Axı mövzunu hakimiyyətdaxili təlatüm kontekstindən çıxarıb, milli məsələ kimi təqdim etmək lazımdır) onun öz şəkillərindən birinə yazılmış komplimentə bu cümlələrlə cavab verməsi bəs edib: “Komplimentlərə görə sağ olun. Təxminən 20 ildir Avropada normal adamların arasında və düzgün qidalanma. 3 gün Bakıda oldum və artıq qocaldım…”.

"Onun qanında erməni qanı var"

YAP-çı deputat S.Novruzov diplomatın bu qeydini “xalqa hörmətsizlik” kimi şərh edib və onu “erməni” adlandırıb. Deputat “Trend” agentliyinə deyib:

“Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır.
Bu adamın qanında erməni qanı var. O deyir ki, "3 gün Azərbaycanda qaldım, mən qocaldım". 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər.
Bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən antiazərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir. Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalmağı barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq uşaq bağçasını ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var.
Arif Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir. Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də, o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.

Ukraynadakı səfir niyə geri çağırıldı?

Əlbəttə, ola bilər ki, deputatın bu mövzuda hiddətini artıran həm də A.Məmmədovun onu məşəldarlığa təkilf etməsi olub. Lakin A.Məmmədovla bağlı bu “ifşaedici” materialların işıq üzü görməsilə eyni gündə yayılan bəzi başqa xəbərlər onu deməyə əsas verir ki, diplomatı “bitirmək” haqqında çox yüksək səviyyədə qərar verilib.

Məsələ burasındadır ki, A.Məmmədovu “darmadağın edən” hökumətyanlı saytdakı yazıda təkcə onun qeydləri təftiş olunmayıb, həm də həmin qeydləri kimlərin bəyəndiyinə də diqqət yetirilib. Bəlli olub ki, A.Məmmədovun Bakıdakı 19 may faciəsi haqda qeydini XİN-in bir neçə əməkdaşı bəyənmib. Onlardan biri də Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanındakı daimi nümayəndəsi Eynulla Mədətlinin oğlu, Belçikadakı səfirliyimizin əməkdaşı Anar Mədətlidir. Bu məlumatların ictimailəşdiyi gündə ölkə başçısı İlham Əliyev Eynulla Mədətlinin geri çağırılması haqda sərəncam verib. Mövzunu işləyən hökumətyönlü sayt isə bu sərəncamın məhz A.Mədətlinin A.Məmmədovun “üsyana çağıran” statusunu like etməsi ilə bağlı olduğunu iddia edib.

"Biyabırçılıqları açıqlamaq erməni olmaq deyil. Xalqa zülm vermək ermənilikdir"

A.Məmmədov ünvanına səslənən ittihamları cavabsız qoymayıb. O, facebook səhifəsində onu "diplomatik xəyanətdə" ittiham edən məlum yazıya və "erməni" adlandıran Siyavuş Novruzova (adını çəkməsə də) cavab yazıb:

 
"Əziz dostlar!
Prezidentin son günlər dediklərini təkrarladığım üçün "haqqin.az" saytında ünvanıma axıdılan böyük çirkab seli məni hədsiz təəccübləndirib və hiddətləndirib. Xoşbəxtlikdən Azərbaycanın peşəkar jurnalistləri və bir çox başqaları məni kifayət qədər yaxşı tanıyır və Azərbaycan dövlətçiliyinə, xalqıma sədaqətli olduğumu bilir. İyirmi il ərzində müxtəlif beynəlxalq təşkilatlarda ölkəmin maraqlarını müdafiə etmişəm. Fəxr edirəm ki, bu işin öhdəsindən pis gəlməmişəm. Bu barədə bizim bütün diplomatlar, jurnalistlər və sadə adamlar yaxşı bilir. Təəssüf edirəm ki, mənim profilimi bəyəndiyinə görə ("facebook" profili nəzərdə tutulur-red.) bir çox peşəkar diplomatlar da çirkab və təhqir dalğasına məruz qalıb. Həm də ona görə təəssüflənirəm ki, bütün bunları Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklər də oxuyur. Ölkənin xarici siyasət idarəsini xəyanətdə ittiham etmək yalnız qeyri-sağlam psixikaya malik adamın ağlına gələ bilərdi. Kimsə bu böhtanın ölkənin imicinə, Qarabağla bağlı danışıqlar prosesinə və digər məsələlərə təsiri barədə heç düşünübmü?
 
"Dostları" məyus edərək bildirmək istəyirəm ki, mən təmizqanlı azərbaycanlıyam. Mənim başqa qanla qarışığım yoxdur. Bu gün istənilən dürüst adamı "ermənidir" möhürü ilə damğalamaq dəbdədir. Bu saxtakarlığı hazırlayan "dərin düşüncəlilər" başqa nə fikirləşə bilərdi?
 
Mən Azərbaycanın səfiri kimi, Avropa Şurasının nümayəndə heyətilə birlikdə istintaq təcridxanasında Eynulla Fətullayevlə görüşmüşdüm. Onun gözləri çox kədərli idi və sırf insani baxımdan onun halına acıdım. Mən ondan incimirəm. Qoy onun əməlinə Allah özü qiymət versin. O, sadəcə, çirkin sifarişin icraçısıdır. Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm. Ümid edirəm ki, nə vaxtsa öz səhvlərini başa düşəcəklər və onları da bağışlaya biləcəm.
 
Mənəvi dəstəyə görə hamıya çox təşəkkür edirəm.
Bütün yazılanlardan sonra özünüz nəticə çıxarın ki, kim xəyanətkardır, kim vətənpərvərdir".
 
A.Məmmədov özünün "erməni" adlandırılmasına başqa bir facebook qeydində da sərt cavab  verib. "Mən təmiz azərbaycanlıyam. Rəhmətlik atam da, yaşlı anam da, onların ata və anaları, baba və nənələri köklü, adlı insanlar olublar. Amma əsl erməniləri biz gündə aşkar edirik. Biyabırçılıqları açıqlamaq erməni olmaq deyil. Xalqa zülm vermək, yalan danışmaq ermənilikdir", – deyə o, yazıb.
 
Hələ də bu hökumətə xidmət edən xeyli sayda vicdanlı adamın gözü açılacaq
 

 
Mövzuya AXCP sədri Әli Kərimli özünün facebook səhifəsində münasibət bildirib. O, baş verənləri "yuxarıların" daha əvvəlki qaydada idarə edə bilməməsi kimi qiymətləndirib.
 
"Rəşadətli hökumətimizin Xarici İşlər Nazirliyində baş vermiş "qiyamı" necə yatızdırdığından xəbəriniz oldu? Əvvəlcə aydınlaşdıraq ki, hökumət sözçülərinin həyəcan və nifrətdən "diplomatların qiyamı", "inqilab cəhdi", bəzi YAP funksionerlərinin də öz tərbiyələrinə uyğun olaraq "erməni təxribatı" adlandırdığı hadisə nədən ibarətdir?
 
Belə məlum olur ki, uzun illərdir Avropada yaşayan, Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa Birliyində təmsil etmiş, hazırda isə İslamTəşkilatı Konfransını Avropa Birliyində təmsil edən səfir Arif Məmmədov 19 mayda baş vermiş bina yanğınından sonra cəsarət göstərərək sosial şəbəkədə xalqımızla həmrəylik nümayiş etdirib. Bundan əlavə, ölkənin yaşamalı yer olmadığını etiraf edib və hökumətin az qala, müqəddəs elan etdiyi Avropa Oyunları məşəlinin daşınması ilə bağlı öz təkliflərini verib.
 
Gördünüz ki, Arif Məmmədov qeyri-adi heç nə etməyib. Sadəcə olaraq, vicdanının səsini milyonlarla insanın səsinə qatıb. Məgər bu ölkədə əlacı hər yerdən üzülmüş milyonlarla azərbaycanlı korrupsiyanı lənətləyib, rüşvətxor məmurları Allahdan qorxmağa çağırmır? Məgər milyonlarla azərbaycanlı bu gözəl vətəni yaşanmaz yerə çevirmiş oğrular hakimiyyətindən narazı deyil? Məgər 8 milyardlıq Avropa Oyunları şousu və bu oyunların Avropa şəhərləri əvəzinə Azərbaycan rayonlarını gəzən məşəli ölkədəki əksəriyyətin lağlağı və ironiya predmetinə çevrilməyib? Uzun müddətdir ki, Avropada yaşayan Arif Məmmədov da orada udduğu azadlıq havasının təsiri altında özünü azad insan sayaraq, xalqının əzilən çoxluğu ilə həmrəylik nümayiş etdirib.
 
Baş verənlərlə bağlı nə demək olar? Əvvəla, artıq yuxarılar köhnə qayda ilə idarə edə bilmir. Heç bir repressiya və qorxu mühiti hakimiyyət daxilindəki mərkəzdənqaçma tendensiyasını durdura bilmir və bilməyəcək. İkincisi, səfir Arif Məmmədovun sosial şəbəkələrdə yazdığı status və şərhlərə görə, xüsusilə də bu status və şəhrləri bəyəndiyinə görə ölkənin altı diplomatının vətənə xəyanətdə, ermənilikdə ittiham edilməsi, onların mənəvi terrora məruz qalması hakimiyyət üçün bumeranq effekti verəcək. Hələ də bu hökumətə xidmət edən xeyli sayda vicdanlı adamın gözü açılacaq. Onlar dərk edəcəklər ki, xidmət etdikləri rejim nəinki repressivdir, üstəlik, feodal təfəkkürlü qaraguruhdur. Üçüncüsü, bir daha təsdiq olundu ki, vicdanı, yüksək təhsili, geniş dünyagörüşü olan və ya demokratik ölkələrdə yaşamaq, ya oxumaq təcrübəsinə malik insanlar bu oğru və qaraguruh rejimə sədaqətli ola bilməzlər. Hökumət də bunu anlayıb.
 
İndi bildiniz ki, ölkədə təhsili niyə məhv ediblər, azərbaycanlı gənclərin xaricdə oxumasına niyə mane olurlar, xaricdə təhsil almağı parlament spikerinin dili ilə niyə lazımsız elan ediblər?", – deyə AXCP lideri yazır.

Siyasət şöbəsi