Indi məntiqlə olimpiada havası dediyiniz hardasa bayram havasına uyğun bir şey olmalıdır. Nədə görürsünüz o ürəkaçan, həyəcanlı havanı, deyə bilərsinizmi? Gündəliyə baxsaq, ölkənin daxilində həbs-həbsə, yanğın-yanğına, ölüm-ölümə qarışıb. Xaricdən də mətbuat və beynəlxalq qurumlar hökuməti “yaylım atəşi” ilə vurduqca vurur. Iki gün əvvəl yayılan xəbərdə də bəyan olunur ki, dünyanın hər yerindən onlarla yazar jurnalist Xədicə Ismayılın yarımçıq qalmış araşdırmalarını davam etdirmək üçün “Xədicə” layihəsi ətrafında birləşib. “Biz dünyadakı bütün daşları qaldırıb, Xədicənin əvəzindən həqiqətləri çatdıracağıq” deyə bəyan edib layihənin üzvləri. Indi sual oluna bilər, əgər bu qədər xərc aparan populyar bir tədbirin daxili və xarici siyasətdə hər hansı dividenti olmayacaqdısa, kimə lazım idi ki, o? Axı onu sözün həqiqi mənasında bayrama çevirmək, ya da heç olmasa, hansısa gözəl şeylərə vasitə etmək mümkün idi. Elə ölkənin ən ağrılı problemlərindən sayılan siyasi məhbuslar məsələsinə. Ümumi bir əfv fərmanı verib, həmin siyahıdakı bütün məhbusları azadlığa buraxmaqla, tarixə əlamətdar olimpiada kimi yazdırmaq olmazdımı o günü? Elə may ayında Avropa Parlamentində dinləmələr keçirən deputatların ölkə başçısına çağırışı da buna hədəflənmişdi və havada qaldı, nə yazıq!..
Boşuna uzun zamandır yazmırıq: dünyaca məşhur bir layihəni ölkəyə gətirmək üçün dəridən-qabıqdan çıxıb, sonra beynəlxalq qurumların səsini heçə saymağın bir hesabı var. Hikkə və mənəmlik qısa zaman üçün faydalı ola bilər bəlkə, amma uzun yol gedə bilməz. Bunun acı nəticələrini biz on illərdir yaşamırıq məgər? Bu saymazlığın, təkəbbürün ağrısını səbəbkar şəxslər özü yaşasaydı nə vardı ki? Etdikləri özbaşınalıqların, qanunsuzluqların, zülmlərin zərbəsi öz başlarına dəysəydi nə dərd idi? Bütün bu pisliklərin, qəddarlıqların və acgözlüyün cəzasını onlar özləri çəksəydi keşkə… Amma arada canı yanan, əzab çəkən, ayaq altda qalan sadə insanlardır axı. Axı bunların dərəbəylikləri üzündən ölkənin adı rəzil-rüsvay olur bütün dünyada. Illərdir nə burada, nə beynəlxalq səviyyədə “məhbusları azad edin” çağırışları saya salınmır. O məhbusların sayı da gün-gündən artır, bilirsiniz. Olimpiada öncəsi oxunan hökmlərə də baxın, 7 ildən üzü yuxarı gedir. Hələ sutkalıq alan siyasi fəallardan danışmıram. Üstəlik, dünən jurnalist Elçin Ismayıllı da naməlum səbəblərdən saxlanılıb. Yaxşı ki, sonradan xəbərdarlıq edilərək sərbəs buraxılıb…
Xülasə, Avropa olimpiadası keçirib elə işlər görmək olardı ki, Allaha da xoş gedərdi, bəndəyə də. Hər şey əksinə oldu, ortada ürəkaçan heç nə yox. Minlərlə insanı ölkəyə gətirib böyük iş gördüyünü sananlar da kökündən yanılırlar. Buna olsa-olsa, bir çuval ənciri bərbad etmək deyərlər…