Azərbaycanda növbəti hüquq rüsvayçılığı

Milyonları mənimsəməkdə ittiham olunanlar azadlıqda, günahsızlığı sübut olunanlar isə həbsdə 

 
Bir müddət öncə ölkə gündəmini oliqarxların həbsi xəbəri zəbt etdi. Bugünə qədər də həbs olunmuş iş adamları haqqında yeni-yeni məlumatlar eşidirik. Kiminin var-dövlətini satışa çıxardığı, kiminin işgəncəyə məruz qaldığı, kiminin də borcunu ödədiyi xəbəri yayılır.
Xatırlayırsıza, bu adamlar “maliyyə xəyanəti” ittihamı ilə saxlanılaraq “bandotdel”ə aparılmışdı. Hətta ölkə başçısı bu adamların ünvanına sərt ifadələr işlətmişdi. Amma bugünlərdə xəbər verildi ki, “maliyyə xəyanəti” edənlərin 43 nəfəri azadlığa buraxılıb. Bəli, dünənə qədər millət vəkilindən tutmuş, prezidentə qədər hamının hədəf seçdiyi adamlar, indi azadlığın həzzini dadırlar. Deməli, milyonlarla manatı mənimsəməkdə günahlandırılanlar, “günahlarını yuyublar”.
Biz heç kimin həbsdə olmasının tərəfdarı deyilik və bu adamların konkret hansı günahının olduğunu da bilmirik. Sadəcə olaraq, ortada fakt var ki, 72 nəfər oliqarx həbs olunub, “maliyyə xəyanəti”ndə ittiham edilib və 43 nəfər artıq azadlıqdadır.
Bu zaman yekə bir sual meydana çıxır. O qədər yekə ki, balaca cavabla qane olmaq mümkün deyil. Əgər milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunanlar bir neçə gün sonra azadlığa çıxa bilirsə, heç bir günahı sübut olunmayan vicdanlı vətəndaşlar niyə həbsdə saxlanılır?
Intiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov və digər hüquq müdafiəçiləri də maliyyə ittihamı il həbs olunub. Guya, bu adamlar vergidən yayınıb, qeyri-şəffaf fəaliyyət göstərib və s. Amma bütün məhkəmə prosesləri təsdiqləyib ki, bu adamların heç bir günahı yoxdur və siyasi sifariş əsasında həbs olunublar. Üstəlik, bu adamları bütün dünyada tanıyırlar, dünyanın nüfuzlu mükafatlarına layiq görülüblər və insan haqlarının müdafiəsi ilə məşğul olublar. Yəni bu adamlar yalnız pul saymaqla məşğul olan oliqarxlardan fərqli olaraq, çirkli pulları sayanların, çirkli niyyətli insanların ifşası ilə məşğul olublar.
Deməli, məsələ “maliyyə xəyanəti” ilə bğlı deyil. Əsas səbəb hakimiyyətin oyun qaydalarına xəyanət etməkdir. Görünür, hakimiyyət maliyyə defisiti yaşadığına görə, öz yetirmələrini məhşər ayağına çəkir və “bandotdel”in zəhmi ilə “ümummilli kassa”ya pul yığır. Guya, dünənə qədər bu milyonerlərin fəaliyyəti aydın deyildi? Bu ölkədə Prezident Aparatının nəzarətindən kənarda milyonluq layihələr həyata keçirmək mümkündürmü? Təbii ki, yox. Bu oliqarxlar bütün fəaliyyətlərini hakimiyyətə müsbət imic formalaşdırmaq, hakimiyyətin çirkli oyunlarına “müqəddəslik donu” geyindirmək üzərində qurmuşdular. Sadəcə olaraq avtoritar rejimlərdə pul ən müqəddəs dəyər olduğuna görə, kritik məqamda heç kimə güzəşt edilmir. 
Qondarma ittihamlarla həbsə atılmış adamlar isə hakimiyyətin yalan və talan üzərində qurulmuş siyasətinə etiraz etdikləri üçün cəzalanıblar.
Yəni oliqarxlardan fərqli olaraq, bu adamlar “səhv”ini  düzəltmək istəmir. Bütün problemlər də məhz burdan qaynaqlanır.
Bir sözlə, hüquq müdafiəçilərinin həbsində olduğu kimi, oliqarxların həbsində də hüquq adına heç nə yoxdur. Bütün bu həbslər hakimiyyətin maraqları üçün həyata keçirilir.
Sadəcə olaraq, oliqarxların azad edilib, vicdanlı insanların həbsdə saxlanması bir daha sübut edir ki, bu ölkədə hüquq və qanun adına heç nə qalmayıb.
Ölkə başçısı “xəyanətkar” adlandırdığı oliqarxların azadlığa çıxmasına “yaşıl işıq” yandırsa da, “anti-milli ünsür” adlandırdığı vicdanlı insanları israrla həbsdə saxlayır. 
Deməli, hakimiyyətin maraqları təmin olunanda, ölkə başçısı da səsləndirdiyi fikirlərin məsuliyyətini daşımaya bilir.  Absurdlar ölkəsində yaşamağa davam edirik. 
Akif