Zaman Elvinə “5” yazacaq

O, ədalətsiz bir rejimi «sinifdə saxlaya» bildi

Ləyaqətli ömür sürmək hər insana qismət olmur. Həyat amansız bir mübarizə meydanıdır və hamının qalib çıxmaq şansı olmur.  Xoş o adamların halına ki, bütün zamanlara örnək ola biləcək, bütün dövrlərdə xatırlanacaq və bütün əsrlərdə qalib kimi təqdim ediləcək ömür yaşayıb. Bu gün Azərbaycanda da xeyirlə şərin davası gedir. Yenə də xeyir azlıqda qalıb.  Amma xeyiri təmsil edən hər bir fərd bütöv şər qoşununu qorxuya sala bilib. Milyonlarla insanın “onsuz da düzələn deyil”, “başımı aşağı salım ömrümü yaşayım”, “bundan sonra gələn daha pis olacaq” kimi xəstə fikirlərlə yaşadığı halda, Elvin Abdullayev kimi gənclər şərə meydan oxuyur. Yəni, bu mübariz gənclər bütöv bir xalqın məsuliyyətini öz üzərlərinə götürüblər.
Iki gün öncə AXCP GK-nin fəalı Elvin Abdullayev məhkəmədə son söz dedi və sübut etdi ki, seçilmişlərdəndi. Elvin bilirdi ki, ona ən ağır cəza veriləcək. Çünki, bir gün öncə dövlət ittihamçısı elvinə 7 il həbs cəzası istəmişdi. Amma Elvin daha cəld tərpəndi və rejimə hökm oxudu. Bəli, hakimiyyətin killeri kimi fəaliyyət göstərən hakimlər Elvinə 6 il həbs cəzası kəsməzdən əvvəl, Elvin bu şər hakimiyyətinə ömürlük lənət cəzası kəsmişdi. Həbsdə qaldığı 5 ay müddətində müəyyən işgəncələrə, təzyiqlərə məruz qalsa da  sınmadı, usanmadı, peşimanlıq hissi duymadı. Elvin kimi insanların var olduğuna görə dünyada yaşamağa dəyər. Hələ də bu ölkədə kitablara, filmlərə, dastanlara mövzu olacaq qəhrəman oğullar var. Elvin də başqaları kimi köləliyə boyun əyə, yaltaqlığı alqışlıya, yalanı mədh edə bilərdi. Amma şərəflə yaşamağı, vicdanını məhbus etməməyi, haqq uğrunda vuruşanların cəbhəsində yer almağı seçdi. Elvin Abdullayevin son sözü bütün zamanlar üçün ləyaqət nümunəsidir. O, son sözündə bildirdi ki, əli qandallı olsa da qalibdir. O, əfv olunmağı üçün cümlələr axtarmadı, ittiham etmək üçün faktları xatırladı.  
Bir vaxtlar atalar və oğullar müzakirəsi gedirdi. Elvinin həbsi isə analar və oğullar nümunəsini üzə çıxardı. Bəli, Elvin Abdullayevin anası Zülfiyyə xanım nəinki qadınlara, həm də 10 minlərlə kişiyə nümunə ola biləcək bir anadır.  Zülfiyyə xanım hər dəfə Elvin haqqında “o aslan kimi oğuldu” deyərək, fəxrlə danışır. O, əmindir ki, aslan dərisi geymiş tülkülər, həqiqi aslana qalib gələ bilməzlər. Həqiqətən də məhkəmə zalında kresloda əyləşmiş hakimlər deyil, əli qandallı Elvin azad görünürdü. Bu “narkoman” gənc bütöv bir şər rejimini bihuş edə bilmişdi. 25 yaşlı mübariz oğlan, 22 yaşlı rejimi “nokaut”a salmışdı. Amma hakimlər qələbəni zalımlara verdi.
Elvin dünənə qədər çoxlarının tanımadığı sadə bir vətən oğlu idi. Amma hakimiyyət onu zindana salmaqla, bütün dünyanın  “vicdan məhbusu” kimi tanıyacağı ümumbəşəri nümunəyə çevirdi.  
Bəli, şər nə qədər güclü olsa da, xeyir bir o qədər cazibədardı. Elvin Abdullayev 25 yaşında şərəflə yaşamağın reseptini tapa bildi. Elvin Abdullayev seçilmişlərin və xilas olmuşların sırasına daxil oldu.  
Yəqin xəbəriniz var ki, Elvin Abdullayev tarixçidi. Deməli, bu dövrün reallıqlarını qələmə almaq üçün arxivlərdə vaxt itirməyə ehtiyac duymayacaq. Çünki, bu dövrün tarixi elə Elvinlərin adı ilə bağlıdır. Elvin bir gün mütləq yaşadığı tarixi yazacaq. Həm də onun yazdığı tarix humnaitar deyil, dəqiq elm kimi qiymətləndiriləcək. 
Elvin mütləq azadlığına qovuşacaq. Amma bunun üçün azadlıqların çoxlu Elvinlərə ehtiyacı var. Bəli, bu ölkənin  bütün əzablara Elvin kimi gülə bilən oğullara ehtiyacı var.  Elvin imtahandan yüksək qiymət aldıqdan sonra, şərlənərək həbs edilmişdi. Mayın 1-də isə vicdan və ləyaqət imtahanından bir daha keçdi. Tarix Elvin Abdullayevə  mütləq “5" yazacaq. Onu şərləyən zehniyyət isə bütün imtihanlardan sonra ”sinifdə qalacaq". 
Bəli, Elvin qürurlu duruşu, cəsarətli nitqi ilə, ədalətsiz rejimi “sinifdə saxladı”.
Ilham