O qeyd edib ki, deputatların bir-birini təhqir etməsi parlamentin daxili nizamnaməsinə də ziddir: “Heç vaxt şərəf və ləyaqəti təhqir etmək olmaz. Deputatlara da məsləhət görürəm ki, fikirlərini faktlarla əsaslandırsınlar. Kiminsə kimisə təhqir etməsi yolverilməzdir”.
Siyavuş Novruzov bildirib ki, adıçəkilən deputatlar Milli Məclis daxilində bir-birini təhqir edəcəksə, bu zaman İntizam Komissiyası məsələyə baxacaq.
Milli Məclisin yaz sessiyasının sonuncu iclasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki büstünün üzərinə çuval keçirilməsinə sərt şəkildə etiraz edib:
“Gəncə şəhər İcra Hakimiyyəti Məmməd Əminlə düşməndirsə onu desin, ya da öz əli ilə gedib o çuvalı çıxarsın!”
Onun həmkarı Musa Quliyev həmin iclasda çıxış edərək Sabir Rüstəmxanlıya etirazını belə bildirib: “Əvvəla Məhəmməd Əminin başına heç kəs çuval keçirməyib, büstün yerləşdiyi parkda aparılan təmir işləri ilə əlaqədar onu qorumaq məqsədi ilə üstü örtüklə bağlanıb. İkincisi də o park Gəncə Şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Nəqliyyat naziri Ziya Məmmədov da Sabir Rüstəmxanlının qudasıdır, əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat nazirindən xahiş edib parkı təmir etdirsin”.
Bundan sonra isə deputatlar mətbuat səhifələrində söz davasına çıxaraq bir-birlərinə qarşı kəskin tonda məqalələr yazıblar.


