Xaricdə, yoxsa ölkə daxilində təhsil?

Nabatəli Qulamoğlu: «Bal toplamayıb xaricdə təhsil alanların diplomu burdakı ucuz təhsilə ekvivalentdir»

 
Etibar Əliyev: «Ölkədə 0-100 bal torlayanların xaricdə mütəxəssis kimi yetişəcəyinə inanmıram»
 
Milli Məclisin iclasında müzakirə olunaraq qəbul edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi cəmiyyətdə fərqli müzakirələrə səbəb olub. Spiker Oqtay Əsədovun təbirincə, 5 minə yaxın tələbə lazımsız təhsil və diplom almaqla məşğul olduğundan, lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, hüquqi və təhsil baxımından bu məsələyə düzgün qiymət vermək vacibdir. Ekspert O.Əsədovun təhsil haqqında bilgisinin olmadığını deyərək lazımlı və lazımsız təhsili hansı yolla ayırd etməyi sual edir. O, dünyanın istənilən ölkəsində ödənişli təhsilin olduğunu deyərək onun problemlərini normal əmək bazarının həll etdiyini söyləyir:
“Ölkədə normal əmək bazarı yoxdursa, öncə o, nizama salınmalıdır ki, ondan sonra lazımlı və lazımsız diplomlar aydın olsun. Söhbət diplomların tanınmasından gedirsə, bu tamam başqa məsələdir. Ölkə daxilində bal toplamayıb xaricdə təhsil alanların diplomu elə burdakı ucuz təhsilə ekvivalentdir. Məgər ölkədə biliyi diploma layiq olmayan adamlar azdır? Əmək bazarında diplomumuzun heç nəyə lazım olmadığı görünsə, onda təbii ki, oxumağa son qoyacaqlar. Kiminsə diplomunun tanınıb-tanınmaması Təhsil Nazirliyi və hərbi hissələrdə korrupsiya yaradan məsələdir”.
Təhsil üzrə ekspert Etibar Əliyev isə məsələyə digər aspektdən yanaşır. Ekspert söyləyir ki, dövlət proqramıyla prioritet sayılan istiqamətlər üzrə dünyanın aparıcı universitetlərinə göndərilən vətəndaşların təhsil haqqını iri məbləğlər təşkil edir. Onu da dövlət üzərinə götürür. Digər qrup isə, TQDK-nın apardığı imtahanlardan keçməyənlərin postsovet məkanına aid ölkələrdə və Türkiyədə təhsilə cəlb olunmasıdır. Ekspert öz ölkəsində imtahan verərək 0-100 bal toplayan şəxsin xarici ölkədə təhsil alaraq mütəxəssis kimi yetişəcəyinə inanmadığını bildirir:
“Onların hərbi çağırışa və ölkədə qalaraq texniki peşə təhsilinə cəlb olunması üçün müəyyən iş görülməlidir. Dövlət  proqramı çərçivəsində yüksək bal toplayan və prioritet ixtisaslar qazananlar ölkə üçün lazımlı mütəxəssislərdir. Son iki ildə hiss olunur ki, Təhsil Nazirliyi bu işi sistemləşdirib və şəffaflıq bərpa olunub. Biliyi, istedadı olan şəxslərin qazandıqları ali məktəblərdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir. Söhbət bundan gedir. Bal toplamayaraq xaricdə təhsil alanlar sadəcə olaraq təhsil almaq adıyla gedirlər və kənara böyük maliyyə axını çıxır. Bu da orduda, əsgər sayında kəsir yaradır. Kolleclərin ali məktəblərə inteqrasiyasını həyata keçirmək, texniki peşə təhsilini dövrün tələblərinə uyğun inkişaf etdirmək və özəl ali məktəblərdə təhsil haqqının aşağı salmaqla TQDK-nın keçirdiyi imtahanlardan kənarda qalmış abituriyentləri yerli səviyyədə təhsilə cəlb etmək mümkündür. Bu, xaricdə heç bir əhəmiyyəti olmayan təhsilə cəlb edilməkdən daha məqsədəuyğundur”.
Nigar