Vergilər Nazirliyi 5 min sahibkarı cərimələyib

Vergilər Nazirliyi ötən ay 5325 vergi ödəyicisinin qanunvericiliyi pozduğunu üzə çıxarıb. Bu barədə fins.az Nazirliyə istinadən xəbər verir. Qurumun yaydığı məlumatda bildirilir ki, qanunu pozan sahibkarlar əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. məsələlərlə bağlı həyata keçirilmiş operativ nəzarət tədbirləri zamanı aşkar edilib. 1186 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 392 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 845 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. 256 vergi ödəyicisi tərəfindən 535 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 254 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 54 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlayıb.