Ümummilli təklif

elnurastanbeyli@gmail.com
 
Camaatın küçədən, çayxanadan tutmuş sosial şəbəkələrədək hər yerdə baş alıb gedən donquldanmalarını, giley-güzarlarını başa düşmək çətindir. Axı onlar bütün bunları – Avropa Oyunları ilə bağlı Bakıdakı sarı zolaqlı xüsusi yolları, rayon avtomobillərinin paytaxta buraxılmamasını niyə təəccüb və narazılıqla qarşılayırlar. Özünüz fəxrlə demirsinizmi ki, biz qonaqpərvər xalqıq (guya başqa xalqlar evlərinə gələn qonağın ağzını-burnunu dağıdıb geri qaytarırlar), indi hansısa idman yarışı üçün Azərbaycana təşrif buyuracaq xaricilərə hər cür rahatlıq, komfort yaratmaq üçün atılan addımların nəyi xoşunuza gəlmir? Əziyyət çəkirsiniz? Belə lap dünəndən çəkin! Xoşunuz gəlmir, ümumiyyətlə yığışdırın şələ-külənizi çıxıb gedin ölkədən, dünyanın harası sizə xoşdur, orada da yaşayın. 
Ölkə bunlarındır, necə istəyərlər elə də edərlər. Istəyərlər, lap havaya sayğac qoyar, oksigeni də bizə pulla satarlar. 
Xaricilər gələcək deyə əl-ayağa düşüblər, onların könlünü xoş etmək üçün hətta bulvarda çayın qiymətini də aşağı salırlar? Yaxşı edirlər. Bizə nə? YAP üzvü olan bozbaş müğənnilərdən birinin təbirincə desək, qara camaat – yəni biz onlar üçün çəpik çalmaqdan, ətraflarında sıx birləşməkdən, ömrümüzdən kəsib bunların ömrünə calamaqdan, seçki qutularına topa-topa bülleten atmaqdan, baş əyib diz çöküb əl öpməkdən başqa hansı anlam ifadə edirik? Onlar üçün bizim başqa hansı dəyərimiz, qiymətimiz var? Sadaladıqlarımızın da öhdəsindən maşallah və əlhəmdülillah, layiqincə, artıqlaması ilə gəlirik, daha niyə bizə xoş sifət göstərmək, qılığımıza girmək, könlümüzü almaq, bizi adam yerinə qoymaq istəsinlər ki? Hərdən maaş və pensiyaları 5-10 faiz artırırlar, bəsinizdir!
Axı həqiqətən heç düşünürsünüzmü, biz – sıravi insanlar kimik, nə karəyik Azərbaycanda? Olsa-olsa, kirayənişin. Yapçılar ürəkləri istəyən vaxt arxamıza bir təpik vurub bizi ölkədən bayıra ata bilərlər. Gedin allahınıza şükr edin ki, hələlik sarı zolaqlı yollarla, avtomobillərinizi Bakıya buraxmamaqla kifayətlənirlər, istəsələr, yayın cırhacırında hamımızı doldurarlar Kürdəmirə, deyərlər, bir ay buradan ayağınızı qırağa qoymayın, xaricilər gəlsin yesin-içsin, kef etsin getsin, sonra ortalığa çıxarsınız. 
Bəs necə, əks halda biz rəiyyəti, yetim-yesiri, cındırından cin hürkən təbəələri küçədə, yolda-izdə görüb hansısa ingilisin, almanın, çinlinin, rusun ürəyi bulanmaz, iştahı küsməzmi?! Əsas odur onlara yaxşı olsun, biz onsuz da acqarına, səfil günündə, sürünə-sürünə yaşayaraq da, bunların ətrafında sıx birləşir, “sür dərəyə” deyəndə dərəyə sürür, hökumətlə hökumətlik etməyi ağlımızın ucundan belə keçirmirik. 
Bəli, bütün bunlar – sarı zolaqlı yol, rayonluları Bakıya buraxmamaq və s. – çox yaxşı fikirdir, yaptokratiyanın camaata əsl, səmimi münasibətinin görsənişidir. Müdrik siyasətçilərin sözü olmasın, hesab edirəm ki, bu təşəbbüslər Avropa Oyunlarından sonra da davam etdirilməli və daha da təkmilləşdirilməlidir. Məsələn, ölkədə xüsusi rəiyyət uniforması hazırlanmalı və camaata ancaq onu geyinməyə icazə verilməlidir, yoxsa bir də görürsən rəiyyətdən kimsə elə geyinir, sanarsan hökumətdə yekə vəzifəsi, ofşor şirkəti-zadı var. Belə olmaz. Bu hərc-mərcliyə, başıpozuqluğa son qoyulmalıdır, qıraqdan baxanda dərhal bilinməlidir ki, ölkədə kim ağa sinfindəndir, kim nökər.  
Dostumuz Zamin Hacı demiş, indi söz əlaqədar təşkilatlarındır.