“Qara polkovnik”in oğlunun həbsilə bağlı ilginc təfərrüatlar

Adil Hüseynovun anası və həyatı yoldaş «Azadlıq»a danışdı

 
Beynəlxalq Bankın işçisindən tələb olunan 318 milyon manat hara sərf olunub?
 
“Adil Hüseynovun həbsi bizim üçün gözlənilməz oldu. Onun heç bir təqsiri yoxdur, biz hələ də başa düşə bilmirik ki, Adil niyə həbs olunub”. Bu sözləri “Azadlıq”a “kredit qalmaqalı”na görə həbs olunan Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəliyinin rəhbəri Adil Hüseynovun xanımı Aygün Hüseynova deyib.
Məlumat üçün deyək ki, Adil Hüseynov törətdiyi ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilən DIN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi tanınan Fətulla Hüseynovun oğludur. Adil Hüseynovun həbsi barədə xəbəri ilk olaraq “Azadlıq” qəzeti yayıb. Həmin məlumatda onun Dubaydan Bakıya dəvət edildiyi və aeroportda həbs olunduğu bildirilirdi. Lakin Aygün Hüseynova həyat yoldaşının aeroportda həbs olunmadığını deyir: “Adilin səhhətində problem var. O, mayın 1-də Bakıya müayinə olunmağa və müalicəsini davam etdirməyə gəlmişdi.  O bir neçə dəfə əməliyyat olunub. Bu dəfə əməliyyat olunmağı düşünürdü. Təxminən mayın 12-13-də Adili DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə dəvət etdilər. Adil həbs olunacağını gözləmirdi. Arxayın idi, çünki heç bir qanunsuz əməli, cinayəti yox idi. Ona görə də çox arxayın şəkildə ”gedim suallara cavab verim gəlirəm" deyərək “Bandotdel”ə getdi. Amma ordan xəbər gəldi ki, Adili həbs ediblər".
Adil Hüseynovun maliyyə əməliyyatları həyat keçirmək səlahiyyəti olmayıb?
Adil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham olunur. Onun Beynəlxalq Bankdan 318 milyon manat kredit götürərək mənimsədiyi iddia edilir. Aygün Hüseynova deyir ki, həyat yoldaşı bu ittihamları qəbul etmir: “Elə mən özüm də bu ittihamları cəfəngiyyat hesab edirəm. Axı Adil pul əməliyyatlarını həyata keçirən şəxs olmayıb. Onun vəzifəsi Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində tekstil fabrikinin və poladtökmə zavodunun tikintinsinə nəzarət etmək olub. Bu fabrik və zavodu Azərbaycan dövləti tikib. Tikinti Beynəlxalq Bankın kreditləri hesabına aparılıb. Amma maliyyə əməliyyatlarını Adil Hüseynov həyata keçirməyib. Həmin fabrik artıq 3 ildir ki, fəaliyyət göstərir. Həmin fabrikin açılışında Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev, Azərbaycanın Abu Dabidəki səfiri, Füceyrə əmirliyinin şeyxi və onun ailəsi, Azərbaycanın vergi nümayəndələri iştirak edib. Hazırda saytına baxsanız, görərsiniz ki, müasir avadanlıqlarla təchiz olunmuş müasir fabrikdir. Bu fabrik Yaxın Şərqdə ən nəhəng fabrikdir.
Poladtökmə zavoduna gəlincə, isə onun inşası yarımçıq saxlanılıb. Üç ay bundan öncə işlər dayandırılıb. Zavodun inşasına maliyyə ayırılması dayandırılıb. Bundan başqa yüzdən çox işçi azad edilib. Hazırda 10-15 nəfər texniki işçi qalıb ki, onların da maaşları ödənilməyib. Zavodun kommunal xərcləri ödənilməyib. Bir ay da belə davam eləsə zavod lap pis vəziyyətə düşəcək. Ötən il üçün zavodun 200 milyon qiyməti var idisə, bir ay keçsə heç onu yarı qiymətinə almayacaqlar.
Onu da qeyd edim ki, bəzən Adili Beynəlxalq Bankın Dubay filialının rəhbəri kimi təqdim edirlər. Əsla belə deyil. O, bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsi olub. Faktiki olaraq onun maliyyə əməliyyatları keçirməyə heç bir səlahiyyəti olmayıb. Ümumiyyətlə bu məsələ nümayəndələyin səlahiyyət çərçivəsinə aid deyil. Sənədlərdə də Adilin imzası yoxdur. Yəni, Adilə qarşı irəli sürülən ittihamı sübut edən heç bir dəlil yoxdur. Adilə deyirlər ki, 318 milyon manat götürmüsən onu qaytarmalısan. Halbuki bu pulları onun götürdüyünə dair heç bir sənəd yoxdur. Həmin pullar zavod və fabrikin tikintisinə sərf olunub. Adil sadəcə tikintiyə nəzarət edib". 
Yoxlamaların nəticələrilə bağlı sənədlər niyə üzə çıxarılmır?
Aygün Hüseynovanın sözlərinə görə, Adil Hüseynov 10 gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində  saxlandıqdan sonra Kürdəxanı təcridxanasına köçürülüb: “Onun barəsində 3 aylıq həbs qərarı seçildi. Bundan sonra Kürdəxanıya köçürüldü. Bizim narahatlığımız onun səhhətilə bağlıdır. Adilin səhhətində ciddi problemlər var. O, əməliyyat olunmalı idi”.
Müsahibimiz deyir ki, Adil Hüseynova ailə üzvləri ilə görüşə icazə verilmir. Onun işgəncəyə məruz qalıb-qalmaması barədə Aygün Hüseynova bunları deyib: “Işgəncə olmayıb. Sadəcə biz onun səhhətindən ciddi narahatıq. Hər an onun səhhətindəki problemlər kritik həddə çata bilər”.
Adil Hüseynovun anası Eleonora Hüseynova da oğlunun günahsız olduğunu bildirir: “Mənim oğlum elə ailədə böyüyüb ki, o, dövlətin, xalqın, ümumiyyətlə heç kimin pulunu mənimsəməz. Adil Azərbaycanın bütövlüyü uğrunda vuruşmuş Fətulla Hüseynovun oğludur. Onun özü də dəfələrlə atası ilə birgə Qarabağda döyüşlərdə iştirak edib. O vaxt hansı vəzifəli şəxsin oğlu Qarabağda döyüşürdü? Mən oğluma inanıram. Əminəm ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Onun təqsiri olduğunu sübut edən bircə fakt yoxdur. Tikilən fabrik və zavod göz qabağındadır. Ordakı işlər dəfələrlə yoxlanılıb, heç bir nöqsan aşkar olunmayıb. Yoxlamaların nəticəsi ilə bağlı sənədlər, aktlar hazırda Dubaydadır. Amma nədənsə onlar hələ ki, heç kimə lazım deyil”.
Hüseynovlar ailəsi baş verənlərlə bağlı ölkə başçısı Ilham Əliyevə müraciət etməyi düşünür. “Biz istəyirik ki, bu məsələ obyektiv araşdırılsın. Əminik ki, obyektiv araşdırma aparılsa Adilin günahsız olduğu üzə çıxacaq və o azadlığa buraxılacaq”.
Vidadi