Illərdir Sumqayıt Icra Hakimiyyətilə ev “davasına” çıxan Sumqayıt şəhər sakini Şakir Məmmədov redaksiyamıza məktub göndərərək başına gələnləri “Azadlıq” vasitəsilə ictimailəşdirmək istədiyini bildirir:
“1985-ci ildən Sumqayıt Icra Hakimiyyətində güzəştli kateqoriya ilə ev növbəsi qeydiyyatında dayanmışam.
Hazırda 7 nəfər ailə üzvümlə birgə 12 kv. m sahəsi olan yataqxanada yaşayıram. Mən 2000-ci ildən Sumqayıt şəhər Icra Hakimiyyətinə, Milli Məclisə, Ombudsmana, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma, ölkə Prezidentinə yüzlərlə (bəlkə də minlərlə) şikayət ərizəsi ünvanlamağıma baxmayaraq, şikayətimə baxan olmayıb.
Dəfələrlə hədəf olaraq bildirmişəm ki, Sumqayıt şəhərində inşa edilən binalardan sahibkarlar Sumqayıt Icra Hakimiyyətinə 4-5 mənzil “pay” verir. Ancaq bu mənzilləri kimlərsə satılır. Nəticədə ev növbəsinə dayanıb, mənim kimi yataqxanalarda zülmə qatlaşıb ömrünün böyük hissəsini çürüdənlər kənarda qalır.
Mən daxili işlər naziri Ramil Usubova müraciət edərək bildirirəm ki, 05.05.2015-ci il saat 12:00 radələrində ölkə prezidenti I.Əliyevin elektron poçt ünvanına acınacaqlı mənzil problemimlə bağlı müraciət etmişdim. Bu, mənim halal haqqımdır. Yəni mən 1985-ci ildən Sumqayıt IH-da güzəştli ev növbəsinə dayanmışam.
Həmin gün (yəni müraciət etdiyim gün 3 saat 20 dəqiqə sonra) 05.05.2015-ci il saat 15:19-da özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Adil” adlı əməkdaşı kimi təqdim edən şəxs ev telefonumuza naməlum nömrədən zəng edərək guya ölkə Prezidentinin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının evimizdə 15-20 dəqiqədən sonra çəkiliş aparacağı ilə bizi məlumatlandırdı.
“Adil” adlı şəxs bildirdi ki, “sizə 1 həftə ərzində geniş mənzil veriləcək. Sizdən savayı 3 ailəyə də mənzil veriləcək. Sizi və həyat yoldaşınızı tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov qəbul edəcək”. MIS-dən aldığımız ailə tərkibi haqqında bizə verilmiş arayışda ailə üzvlərimizin ad-soyad, təvəllüdünü bizə xatırlatdı və bundan sonra ona daha da inandıq! Maraqlıdır, həmin şəxs bizə məxsus arayışı necə əldə edib?
Mən onun əlaqə telefonunu istəsəm də o bildirdi ki, çəkiliş qrupu evinizə gələndə sizə vizitka veriləcək, orada mənim də əlaqə telefonum olacaq. Biz çəkiliş qrupunu gözləsək də, onlar gəlmədi.
Mən 08.05.2015-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminatı xidmətinin sektor müdiri Cəfərov Umudvar Iltizam oğlunun qəbulunda oldum. Məsələ ilə bağlı onu məlumatlandırdım. O bildirdi ki, “sizə mənzil verilməsi ilə bağlı hər hansı göstəriş yoxdur”.
Mənim ölkə Prezidentinin elektron poçtuna göndərdiyim sənədlərin kiminsə (dələduzların) əlinə keçməsi təəccüblüdür.
Hörmətli Ramil müəllim! Göstərişinizə əsasən, “Aztelekom”dan ev nömrəmizə mayın 5-nə (saat 15:19) olan zənglərin siyahısını əldə etməklə həmin naməlum nömrəni aşkarlamaq mümkündür.
Xatırlatmaq istəyirəm ki, 2 sentyabr 2013-cü il tarixdə mənə məxsus “VAZ-2101" 50-BK-709 dövlət nömrə nişanlı avtomobilimdən oğurlanmış (”Sanon" tipli kamera, yaddaş kartı, 50 manat pul, şəxsi sənədlər) əşyalarla birlikdə MIS-dən aldığım ailə tərkibi haqqında arayış da oğurlanmışdı. Sumqayıt şəhər 1-ci Polis Bölməsində itən əşyalarım 450 AZN dəyərləndirilmişdi.
Hadisədən 2 ilə yaxın keçməsinə baxmayaraq itən əşyalarım tapılaraq mənə qaytarılmadı. Güman edirəm ki, gizli nömrədən ev telefonumuza zəng edən şəxs həmin oğurluqla əlaqəlidir və ya ölkə Prezidentinə ünvanlanan elektron poçta nəzarət edə bilir.
Naməlum nömrədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Adil” adlı əməkdaşı kimi özünü təqdim edərək ev telefonumuza zəng edən, məni və ailəmi aldadan şəxsin Sizin göstərişinizə əsasən tapılaraq cəzalandırılmasını tələb edirəm".
Şakir