“Əliyev etiraf edir ki, ölkəyə nəzarəti itirib”

«Onun bəyanatından o məna çıxır ki, artıq ətrafında olan oliqarxlar dövlət başçısına tabe olmur»

 
Vidadi Mirkamal: «Real günahkarlar həmin müşavirədə oturanlardır»
 
Azərbaycan hakimiyyəti ilə təmasda olan diplomatların, xarici dövlətin təmsilçilərinin ciddi tənqidlə üzləşdiyi birinci dəfə deyil baş verir. Ötən gün məlum oldu ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT təmsilçisinin mandatının dayandırılmasını ikili standartla izah etməyə çalışır. Amma fakt budur ki, bu problemin ortaya çıxmasına səbəb səfirin dövlət başçısı Ilham Əliyevlə şəkil çəkdirməsidir. Bəs bu cür nəticələr nəyin nümayişidir? Beynəlxalq aləmin bu cür reaksiyası nədən xəbər verir? Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ilə müsahibəmizə məhz bu sual ilə başladıq.
– Azərbaycan Avropa standartlarına uyğun yaşamalı olmalı dövlətdir. Azərbaycan hakimiyyəti son illər xeyli beynəlxalq konvensiyalar imzalayıb. Həmin müqavilələrə görə, Azərbaycan Avropanın bir hissəsidir. Avropanın bir hissəsi olan bir dövlət demokratik qaydada idarə olunmalıdır. Ölkədə möhkəm demokratik təsisatlar yaradılmalıdır. Azərbaycan son 22 il ərzində demokratiyanın və demokratik institutların yaradılmasını imitasiya edib. Hamı bilir ki, Azərbaycanda demokratiya yoxdur. Çünki demokratik cəmiyyətin təməlini təşkil edən seçkilər Azərbaycanda saxtalaşdırılır. Ölkə başçısı və digər hakimiyyət nümayəndələri saxta seçkinin nəticəsində hakimiyyətdə qalıblar. Avropa Azərbaycana demokratik ölkə kimi deyil, avtoritar qaydalarla idarə olunan dövlət kimi baxır. Bu avtoritar rejimin də başında Ilham Əliyev durur. Ilham Əliyev seçkiləri saxtalaşdırır, müxalifətə qarşı repressiya həyata keçirir, həbslərə yol verir. Bütün bu addımlar demokratik dəyərlərə uyğun deyil. Ona görə Avropanın demokratik dövlətlərini, təşkilatlarını təmsil edən şəxslərin Ilham Əliyevlə görüşləri nüfuzlu beynəlxalq mətbuat orqanlarının gündəminə gəlir və tənqidə məruz qalır. 
 
“Ilham Əliyevin bəyanatları mesaj xarakterlidir”
 
– Ilham Əliyevin son çıxışlarında səsləndirdiyi maraqlı fikirlər bir sıra suallar doğurmamış deyil. I.Əliyev yanan bina ilə bağlı keçirdiyi müşavirədə bildirdi ki, bu vaxta qədər ona yanlış məlumat verilib. Daha bir maraqlı fikri isə dövlət başçısı Respublika Günü münasibətilə keçirilən tədbirdə səsləndirib. O bəyan edib ki, ölkədə hər şeyi bir nəfərin idarəçiliyinə buraxmaq yanlışdır. Ona görə dövlətin inkişaf etməsi üçün ictimai nəzarətin həyata keçirilməsi vacibdir. Bu iki bəyanat hansı səbəbdən səsləndirilib? 
– Avtoritar rejimlərin özünəməxsus müəyyən xüsusiyyətləri var. O xüsusiyyətlərdən biri budur ki, rejimin başında duran şəxs ölkədəki bütün proseslərə nəzarət edir. Ölkədəki ən xırda dəyişiklik belə avtoritar rejimin sahibi ilə razılaşdırılmalıdır. Azərbaycanda həyata keçirilən son repressiyalar, müxalifət partiyalarına qarşı basqılar, demokratik düşərgə təmsilçilərinin şirnikləndirilməsi kimi addımların başında Ilham Əliyev dayanır. Ilham Əliyevin bəyan etməsi ki, ona yanlış məlumat veriblər, o zaman belə çıxır ki, avtoritar rejimin başında dayanan şəxs ölkəyə nəzarəti itirib. Ikinci bəyanata gəlincə, Ilham Əliyev etiraf edir ki, məmur övladlarının özbaşınalığı artıb, villalar tikirlər sonra da həmin villalara sahib çıxmırlar. Belə çıxır ki, Ilham Əliyev ölkəyə nəzarəti itirib və onun ətrafında olan quldur oliqarxlar artıq onun özünə də tabe olmurlar. Hətta bəziləri bunu müxalifətə mesaj kimi dəyərləndirirlər. Yəni bu o anlama gəlir ki, “mən təkəm, mənə kömək edin”. Əgər Ilham Əliyev ölkəyə nəzarət etmirsə və ətrafındakı oliqarxlar ona tabe olmursa, bu, yeni dövlət çevrilişinin başlanması üçün əsas ola bilər. Bu da çox qorxulu proqnozlardır. Sadəcə olaraq çıxışlardakı məntiqsizliyin nəticəsi budur. Ölkə başçısı hazırlanmış çıxışlar edir, ölkədə vəziyyətin stabil olduğunu deyir. Amma Ilham Əliyev kontekstdən çıxanda bu cür bəyanatlar səslənir. Müxalifət neçə illərdir deyir ki, Azərbaycanda korrupsiya var, ölkə rüşvətin içində boğulur. Dövlət başçısının ətrafına toplaşanların tam əksəriyyəti inhisarın, rüşvət və korrupsiyanın başında durur. Dəfələrlə bəyan olunub ki, büdcənin talanması hesabına tikilən binalar Azərbaycan üçün təhlükə mənbəyinə çevrilə bilər. Ona görə də mən düşünmürəm ki, bu məsələlər həqiqətən də Ilham Əliyevin real fikirlərini əks etdirir. Bunlar indiyə qədər ictimai rəyi nəzərə almayıblar. Bu fikirlər məlum yanğın faciəsindən sonra vəziyyətdən çıxmaq üçün səsləndirilə bilər. Amma əslində Poroşenkonun addımlarının timsalında FHN-in vəzifəli şəxsləri və digər məsuliyyət daşıyan vəzifəlilər həbs olunmalı idi. Amma nə baş verdi. Son nəticədə həbs olunanlar yanğına heç bir aidiyyəti olmayan şəxslər oldu.
– Yanan binayla bağlı qaldırılan cinayət işi hələ də müzakirə mövzusudur. Baş verən faciəyə görə real məsuliyyət daşıyanlar cəzalandırılacaqmı?
– Nə qədər ki, bu rejim iş başındadır real günahkarlar cəzalandırılmayacaq. Məsuliyyət daşıyan şəxslər korrupsiya və rüşvət rejiminə daxildir. Nə qədər ki, bu rejim hakimiyyətdədir həbs olunanlar “JEK” müdirləri olacaq. Halbuki real günahkarlar həmin müşavirədə oturanlardır. 
 
“Villaları tikənlər dövlət başçısına yaxın adamlardır” 
 
– Dövlət başçısının xəbərdarlığından sonra “Dostluq” parkındakı villaların söküntüsü başladı. Nəticədə 42 villa söküldü. Amma şəhərin digər yerlərində də əzəmətli villalar ucaldılıb. Bəs qadağan olunmuş ərazidə tikilmiş həmin villalar barəsində niyə tədbir görülmür? 
– Burada bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, həmin villaların necə meydana gəlməsidir. Bu villaları tikən şəxslər dövlət başçısına yaxın olan adamlardır. Onlar dövlətin əmlakını mənimsəyən, rüşvət və korrupsiya ilə məşğul olan şəxslərdir. Əslinə qalanda qanunsuzluq oradan başlayır. Min manat maaş alan dövlət məmuru yüz minlərlə dəyəri olan villaya sahib olur. Bunu araşdırmaq lazımdır. Bu villalar xalqın cibinə girmək məqsədi daşıyır. Hər halda bu villaları tikənlər imkanlı adamlardır və onların imkanı olub ki, əmlaklarını rəsmiləşdirsinlər. Bir günün içində prezidentin göstərişi ilə həmin villalar sökülür. Bəs bu əmlaklara sərəncam verənlər hardadır? Qanunsuzluq bir yerdən başlayıb, başqa bir yerdə isə bitir.
 
“Hazırda ”bandit razborkası" gedir"
 
– Iş adamlarının həbsi də gündəmdə olan məsələdir. Hakimiyyətə yaxınlıqları ilə seçilən bu şəxslər dövlət əmlakının mənimsənilməsində ittiham olunurlar. Amma məsələ burasındadır ki, onlara verilən iri kreditlər yuxarıların razılığı olmadan gerçəkləşə bilməzdi…
– Hazırda “bandit razborkası” gedir. Əslində, hazırda həbs olunan şəxslər iş adamları deyil, işbazlardır. Çünki Azərbaycanda həqiqi iş adamlarının işləməsi üçün şərait yoxdur. Son bir neçə ildə Azərbaycanda fəliyyət göstərən minə yaxın şirkət bağlanıb. Azərbaycanda həqiqi işlə məşğul olmaq istəyən iş adamları yoxdur. Hazırda isə məsuliyyətə cəlb olunanlar bankların, dövlətin hesabına varlananlardır. Məlum olur ki, bankdan götürülən vəsait hər hansı sahənin inkişafına deyil, bahalı maşınların alınmasına xərclənib. Həmin maşınlarla isə məmurlar sadə vətəndaşları ayaqlayıb keçirlər. Onlar iş adamları deyil, işbazlardır. Neft gəlirləri azalıb və bölkəyə pul lazımdır. Elə bu məqsədlə də Səudiyyə kapitalı Azərbaycana cəlb edildi. Ərəblərdən milyardlarla pul istənilir, amma məlum olur ki, Beynəlxalq Bankdan altı milyard pul götürülüb. Cahangir Hacıyev Ilham Əliyevə yaxın adamdır. Cahangir Hacıyev ətrafında olan adamlara pul verib. Bu özbaşına edilə bilməzdi. Məlum olur ki, hər hansı bir işbazın dövlətə milyonlarla borcu var.
 
“Hakimiyyət həmişə işıqlı insanlardan qorxacaq” 
 
– Respublika Günü münasibətilə əfv verilməsi gözlənilsə də bu baş vermədi. Avropa Oyunları ərəfəsində siyasi məhbus problemini həll etmək üçün daha bir şans əldən verildi. Bu isə dövlətin imicinə daha bir zərbədir. Halbuki elə Avropa Oyunlarının keçirilməsinin məqsədi ölkənin imicinə müsbət təsir etmək idi…
– Hakimiyyət siyasi məhbus problemini alver predmetinə çevirib. Siyasi məhbus problemini həll etmək üçün ölkənin siyasi-iqtisadi və hüquqi sistemi dəyişməlidir. Yəni indiki hakimiyyət siyasi, iqtisadi, məhkəmə islahatları aparmalıdır. Hazırkı avtoritar idarə üsulu ilə hakimiyyət hər bir halda siyasi məhbus problemini alver predmetinə çevirəcək. Ona görə bu problemin həlli üçün hər hansı bayramı gözləməyə ehtiyac yoxdur. Ölkə başçısı siyasi iradə göstərməsə, bu problem həll olunmayacaq.
– AXCP-nin gənc fəalı Elvin Abdullayev qondarma ittihamlarla 6 illik azadlıqdan məhrum edildi. Çıxarılan məhkəmə hökmü bir daha nələri sübut etdi?
– Bu, hakimiyyətin növbəti dəfə gəncliyə verdiyi qiymətdir. Azərbaycan hakimiyyəti nə qədər ki, diktatura rejimi olacaq, o həmişə işıqlı insanlardan, gənclərdən qorxacaq. Elvin kimi gənclərin düşüncəsi hakimiyyətdə ciddi qorxu yaradır. Ona görə həmin gəncləri hakimiyyət müxtəlif yollarla neytrallaşdırmağa çalışır. Bununla da hakimiyyət guya öz aləmində işıqlı gəncləri islah edir. Elvinin də barəsində çıxarılan məhkəmə hökmü həmin məqsədlərin yerinə yetirilməsinə xidmət edir. 
 
“Siyavuş Novruzovun dedikləri xəstə təxəyyülün məhsuludur”
 
– Milli Şuranın aksiyasında iştirak edənləri Siyavuş Novruzov “ağıldan kəm” adlandırıb. Bu cür yanaşmanı, təhqiri necə dəyərləndirmək olar?
– Siyavuş Novruzovun özünü məgər Azərbaycanda ağıllı adam sayan var ki? Siyavuş Novruzovun YAP-ın danışan dilidir. Bir partiyanın ki, danışan dili Siyavuş Novruzov təfəkküründə ola, verilən qiymət də bundan artıq olmayacaq. Hakimiyyət öz təfəkkürünə uyğun qiymət verir. Cəmiyyət gözəl bilir ki, Siyavuş Novruzovun dedikləri xəstə təxəyyülün məhsuludur.
– Ilham Əliyev bildirmişdi ki, təhsilsizlik cəmiyyətdə radikallıq yaradır. Amma son qəbul imtahanlarının nəticəsi göstərir ki, savadsızlıq getdikcə artır…
– Azərbaycanda bütün sahələrdə vəziyyət ağırdır. Hakimiyyət danışanda Avropa dilində danışır, amma təfəkkür tərzi avtoritar tiplidir. Hakimiyyət təhsil də daxil olmaqla bütün sahələri alver predmetinə çevirib. Ona görə xaricdə oxuyanlara problemlər yaradılır. Ona görə bu hakimiyyət təhsilə, səhiyyəyə bu cür yanaşmaqla uzağa gedə bilməz. Bu səbəbdən ağlı başında olan gənclər xaricdə oxumağa üstünlük verirlər. Həmin gənclər də ölkəyə qayıdanda həbsə məruz qalırlar.
Xəyal