Hər gün bir daha təsdiq olunur ki, bu hakimiyyət dövlət və millət üçün böyük təhdiddir. Çünki, dövlətin və millətin maraqlarını ifadə edən nə varsa, dərhal qarşısına sədd çəkilir və bu addıma primitiv əsaslandırmalarla don geyindirilir. Hamı təsdiq edər ki, bu gün Azərbaycanın ən ağır problemlərindən biri də təhsil sahəsi ilə bağlıdır.
TQDK-nın son açıqlaması da göstərdi ki, ölkənin təhsili reanimasiyadadır. Yəni, abituriyentlərin 85-90 faizi 0-200 ballıq nəticə göstəriblər. Deməli, bundan öncəki bərbad nəticələr daha da pisləşməyə doğru gedib. Belə bir vəziyyətdə hakimiyyət qətiyyətli addımlar atmaq əvəzinə, ölkəyə daha ağır zərbə vurmağa hazırlaşır.
Belə ki, mayın 29-da Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Məlum olub ki, hökumətimiz xaricdə təhsil alan tələbələrə əsgərlikdən möhlət hüququ vermək istəmir. Guya, xaricdə təhsil alanlar, hərbi xidmətdən yayınırmış: “Hərbi vəziyyətdə olan bəzi ölkələrdə qadınları da hərbi xidmətə cəlb edirlər. Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır” – deyə Oqtay Əsədov bildirib.
Əvvəla, xaricdə təhsil alan gənci ordudan yayınmaqda ittiham etmək olmaz. Çünki, bu adam təhsilini başa vurduqdan sonra ölkəyə qayıdacaq və xidmət borcunu ödəyəcək. Dövlətin də imkanı var ki, həmin təhsilli adamlardan ilk növbədə hərbi xidmət tələb etsin. Yəni, ölkəyə qayıtdıqdan sonra həmin şəxslərin işə götürülməsi, diplomunun yararlı sayılması, hərbi xidmət keçməsindən asılı olsun. Bununla da problemi həll etmək olar.
Ikincisi, hərbi xidmətə gedənlərin sayının azalması xaricdə təhsil almaqla bağlı deyil. Azərbaycanda karrupsiya müqəddəsləşdiyi üçün, pul ilə bütün qapıları açmaq mümkün olduğuna görə, hərbi xidmətdən yayınmaq da mümkündür. Müəyyən məbləğ qarşılığında xəstəlik kağızı almaq, bəhanələr tapmaq mümkündür. Digər tərəfdən, yaxşı olar ki, bu təklifi verənlər öz çevrələrinə də nəzər salsınlar. Görəsən, məmurların, icra başçılarının, deputatların, komitə sədrlərinin neçəsinin övladı hərbi xidmətdə olub? Görəsən, bu gün düşmənlə sərhəddə yerləşən hərbi hissələrdə hansısa nazirin oğlu varmı?
Yaxşı olar ki, hərbi xidmətdə yaranmış vəziyəti öz yarıtmaz siyasətinizdə axtarasınız. Atəşkəs dövründə 3000-dən artıq əsgər şəhid olubsa, işgəncə ilə öldürülən əsgər nümunələri meydana çıxırsa, əsgərin haqqı yeyilirsə, bu hallar da səbəb kimi göstərilə bilər.
Üçüncüsü, xaricdə təhsil alan əsasən məmurların övladlarıdır. Əgər statistik rəqəmlər açıqlansa məlum olar ki, vəzifəli şəxslərin övladları dünyanın ən nüfuzlu Universitetlərində oxuyurlar. Təbii ki, vəzifəli şəxslər də bilir ki, Azərbaycanda təhsil məhv edilib. Ona görə də övladlarını ölkədən uzaqlaşdırırlar. Üstəlik, ölkədə təhsil haqları yüksəkdir, tələbələrə heç bir güzəşt olunmur, dərsliklərin səviyyəsi aşağıdır və tendensiya daha pis gələcəkdən xəbər verir.
Amma hakimiyyətin əsl narahatlığı hərbi xidmət məsələsi deyil. Yuxarıda da qeyd etdiyimiz kimi belə bir narahatlıq olsaydı, orduda rüşvətxorluq at oynatmazdı. Sadəcə olaraq hakimiyyət gənclərin Avropa təhsili görməsini, demokratik dəyərlərə adaptasiya olunmasını, öz hüquqlarını öyrənməsini istəmir. Yəni, xaricdə təhsil alan gənca avtomatik olaraq başa düşür ki, “analoqsuz inkişaf” təbliğatı sadəcə hakimiyətin iyrənc siyasətinin məhsuludur. Üstəlik, Azərbaycanda baş verən proseslərlə müqayisələr aparanda əsl həqiqəti tapmış olur. Təbii ki, yüksək təhsilli gənci yol çəkməklə, körpü tikməklə, AzTv-lərlə aldatmaq olmaz.
Deməli, hakimiyyət öz təhlükəsizliyinə görə dövləti savadlı kadrlardan, sağlam gənclərdən məhrum etmək istəyir.
Yaxşı olar ki, Oqtay Əsədov, Ziyafət Ələsgərov xaricdə oxumağa gedən 5000 gəncə görə yox, müalicə üçün xaricə üz tutan milyonlarla vətəndaşımıza görə narahat olsun. Dövlət 2 sütundan ibarətdir. Təhsil və səhiyyə. Hakimiyyət hər 2 sütunu məhv edib. Məhz buna görədir ki, ölkə rəhbərliyi öz sağlamlığını da, övladlarının təhsilini də Azərbaycana etibar etmirlər. Deməli, həqiqi sağlamlıq da, savadlılıq da məmurların və onların ailələrinin nəzarətində olmalıdır. Sadə vətəndaş isə xəstə və kölə kimi ömür sürməlidir.
Göründüyü kimi Milli Məclisdə gedən söhbətlər, hakimiyyətin xarici təhsili də öz monopoliyasına almaq istəməsindən xəbər verir.
Yeganə səbəb budur ki, hakimiyyət qorxur. Vətəndaşın ayılmasından, normal düşüncəyə sahib olmasından qorxur. Belə getsə, “Lazım”ın gəlməməsinin səbəbini də xarici təhsildə axtaracaqlar.
Hakimiyyət israrla ölkəni ictimai icma dövrünə sürükləməkdədir. Ona görə də Oqtay Əsədov “lazımsız təhsil” ifadəsini kəşf edib.
Akif


