Elin gözü tərəzidir. Elə bir tərəzi ki, xarab olmağı, səhv işləməyi qeyri-mümkündür. Çoxları elə bilir ki, xalqın siyasətə qarışmayan hissəsi kordur və heç nədən xəbəri yoxdur. Yox, belə deyil. Əsla belə deyil. Xalq nə qədər əzilir-əzilsin, nə qədər susdurulur-susdurulsun, “tərəzi” funksiyasını itirmir. Özünü siyasətçi adlandıran hər kəsin dərmanı, xalqın dərdi olmalıdır. Təkcə bu il ərzində Azərbaycan xalqına nə bəlalar üz verdi, yaxşı bilirik. Maddi problemləri qoyaq bir kənara, mənəvi cəhətdən görün, nə çox bəlalar çəkdik. Elə götürək 19 mayda baş verən yanğın hadisəsini. Bu, vicdanı olan hər bir kəsin yaddaşına qara hərflərlə yazılan bir tarixdir. Məlum faciənin başvermə səbəbləri hər kəsə aydındır. Bu haqda yazmaq fikrim də yoxdur. Amma gəlin görək, bu günlərdə xalqın yanında dayanan kimlər oldu? Türkiyənin “Soma” hadisəsinə dəsmal çəkib “ağlayan”lar nə etdi? Bu saxta insanların əsil siması bizlərə məlumdur. Bəs ölkə başçısı? Gözdən pərdə asmağa mahir olanlar, niyə bu dəfə də gözdən pərdə asıb, heç olmasa, bir günlük matəm elan etmədilər? Xalqa canı yananlar bilirsiniz, kimlərdir? Bu hadisəni öncədən görüb hakimiyyəti xəbərdar edənlər. Onlar yazıb özlərini həlak edəndə, “qaragüruh”luqda ittiham olunurdular.
Bunları hadisə baş verən ərəfələrdə yazanlar çox oldu. Xatırlatmaqda məqsədim odur ki, həmin ərəfələrdə mən də “siyasətə qarışmayanlar” kimi kənardan izləməli oldum. Yazmağa və hadisələrə reaksiya verməyə imkan yox idi… O zaman yaxşı başa düşdüm ki, kimlər xalqın dərdini özünə dərman bilir və kimlər xalqın yanındadır. Mənim üçün insanlıq testi birdir. Bir adamın insan olub-olmadığını öyrənmək istəyirsənsə, ona bu məsləhəti və təklifi et: “Biz bir kampaniya keçiririk və bu kampaniyanın məramı ondan ibarətdir ki, yüz il sonra insanlar rahat yaşaya bilsinlər”. Bunun əvəzində onlardan ya pul, ya da fiziki iş tələb edin. Əsil insan razı olacaq və istənilən əziyyətə qatlaşacaq. Razı olmayanlar isə, “yüz ildən sonra mən olmayacam, nəyimə lazımdır ”deyəcək. Qısa bir misal olaraq deyim ki, Tağıyev boşuna tarixdə qalmayıb. Əsil insan oğlu insan o və onun kimilərdir. Yox, mən bunlardan oturub-durub əzbər söylədiklərini ummuram. Hər kəs Hacı Zeynalabdin Tağıyev olmaz, doğrudur. Amma insanların gələcəyini məhv etməyin adı da başqadır. Buna qansızlıq və acımasızlıq deyərlər.
Indi yetərli-yetərsiz durub xalqı qınamaq doğrudurmu? Bu xalqın alnınamı yazılıb təhqir və tənqid olunmaq? Avropa Oyunları məsələsi açıq-aşkar ortaya çıxardı ki, bu xalq hakimiyyətin gözündə hansı səviyyədədir. Oyunlar ərəfəsində Bakıya rayon nömrə nişanlı avtomobillərin girişinə qadağa qoyuldu. Bu azmış kimi, yollarda sarı xətt çəkdilər və bu xətti keçənlər cərimə edilir. Sarı xətti avropalıya keçmək olar, xalqa yox. O avropalıya ki, illərdir AzTV vasitəsilə xalqa çatdırılır ki, Avropa pisdir və onlar bizlərə tay ola bilməz. Yaxşı, biz dözərik. Buna da dözərik və sarı xətti keçmərik. Bəs siz? Siz qırmızı xətti keçməmisinizmi? Özü də indi yox, hakimiyyətə gələn gündən keçmisiniz. Xalq dişini sıxıb 40 manat cəriməni ödəyəcək. Bəs siz? Siz nə ilə ödəyəcəksiniz? Nə olsun ki, pulunuz çoxdur. Axı qırmızı xəttin cəriməsi pulla ödənə bilməz! O qırmızı xətt, ölümünə səbəb olduğunuz insanların qanı ilə çəkilmişdi. Siz onu tapdaladınız! Sizi inandırıram ki, bunun cəriməsini ödəyəcəksiniz. Yaxın zamanda ödəyəcəksiniz!