“Azadlıq” kollektivi “Qasid”lə bağlı geniş kampaniyaya başlayır

Bu kampaniyada Azərbaycana gələn avropalı jurnalistlər də iştirak edəcək

 
Vəziyyət olduqca kritikdir. Hakimiyyət bütün vasitələrlə yeganə müstəqil mətbuat orqanı olan “Azadlıq” qəzetini sıradan çıxarmağa çalışır. Qəzetin kollektivi 5 aydır əməkhaqqı almır. “Qasid” yayım firması qəzetin satılmış nüsxələrinə görə “Azadlıq”a olan 70 min manatlıq borcunu ödəməkdən imtina edir. Daha dəqiq desək, “Azadlıq” qəzetinin kollektivi xeyli müddətdir ki, mümkün olmayanları həyata keçirməklə məşğuldu. Yəni oxucu köşkdən “Azadlıq” ala bilirsə, bu, qəzetin kollektivinin hədsiz fədakarlığının nəticəsidir.
Azərbaycanda azad sözün yaşaması, ədalətin bərpa olunması, həqiqətin tirajlanması üçün kollektiv bundan sonra da səylərini davam etdirəcək. Amma daha susmaq, hakimiyyətin düşmənçiliyilə barışmaq fikrimiz yoxdur. Qərara gəlmişik ki, Avropa oyunları zamanı biz də öz hüquqlarımızdan istifadə edək və ölkəmizə gələn jurnalistlərə üzləşdiyimiz ağır vəziyyəti çatdıraq. Çünki hakimiyyət bizə alternativ yol qoymur!
Bizim də ailəmiz var, bizim övladlarımız da yemək, gəzmək istəyir, zəhmətimizin bəhrəsini dadmaq bizim də haqqımızdır. Indiki halda isə YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq”ın kollektivini çörəklə sınağa çəkir. Deməli, hakim partiya məqsədli şəkildə “Azadlıq”ı çökdürmək istəyir.
Bu həftədən başlayaraq, “Qasid” firmasının qarşısında etiraz aksiyaları keçirməyi planlaşdırırıq. Bu aksiyaları Avropa Oyunları dövründə də davam etdirib, ölkəmizə gələn avropalı jurnalistlərə gerçək vəziyyəti öz gözlərilə görmək imkanı yaratmaq niyyətindəyik. Və beləliklə, bütün dünya Azərbaycanda müstəqil medianın, tənqidçi jurnalistlərin başına açılan oyunlardan, hökumətin azad sözə qarşı düşmənçilik siyasətindən bir daha xəbərdar olacaq.
Fakt budur ki, hakim partiyanın məsul şəxslərindən və deputatlardan biri “Azadlıq”ın əməkdaşlarının halal pulunu vermir!
Eyni zamanda, avropalı jurnalsitləri redaksiyamıza dəvət edib, hansı şərtlər altında çalışdığımızı da əyani şəkildə göstərmək niyyətindəyik. Hakimiyyət Avropa Oyunlarından fürsət kimi yararlanaraq, öz səxavətini göstərmək istədiyi kimi, biz də bu vəziyyətdən istifadə edib başımıza gətirilənləri dünyanın gündəminə daşımağı düşünürük.
Niyə susaq? Ən böyük “oyun” “Azadlıq” qəzetinin başına gətirilənlərdi. Hesab edirik ki, Avropadan gələnlər üçün də “Azadlıq”ın həyat hekayəsi, Avropa Oyunlarından daha təsirli olacaq.
Lütfən, şikəst arqumentlərinizlə bizi ittiham etməyə çalışmayın. Bizim başqa yolumuz qalmır. Nəyə görə bizim balalarımızn haqqını YAP-ın rəhbərliyində təmsil olunanlar, deputat mandatı daşıyanlar yeməlidir? Erməni idmançılara böyük pullar xərcləyən hakimiyyət bizim ailəmizin, balalarımızın, dərmana möhtac xəstələrimizin haqqını niyə mənimsəyir?
Başqasının haqqını yeyən ifşa olunmağa layiqdir!
“Azadlıq”