AŞ PA Monitorinq Komitəsinin təsdiqlədiyi qətnamə layihəsi «Azadlıq»da…
Iyunun 22-dən 26-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası keçiriləcək. Sessiyada Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsi, ölkədə repressiyaların artmasına dair məsələnin müzakirəsi də nəzərdə tutulub. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinski (Polşa) ölkəmizdəki vəziyyətlə bağlı qətnamə layihəsi hazırlayıb. Monitorinq Komitəsinin qəbul etdiyi bu sənəd AŞ PA-nın sessiyasında müzakirəyə çıxarılacaq.
Qətnamə layihəsini ixtisarla təqdim edirik:
***
Azərbaycanda noyabrda keçiriləcək parlament seçkiləri öncəsi Monitorinq Komitəsi Azərbaycanda demokratik institutların vəziyyətini dəyərləndirib, AŞ PA qətnamələrində əksini tapmış tövsiyələrin nə dərəcədə yerinə yetirildiyini, ölkədə məhkəmə sisteminin müstəqilliyi, seçkilər və s. sahələrdəki durumu araşdırıb.
AŞ PA Azərbaycanın geosiyasi vəziyyətinin çətinliyini başa düşür. Azərbaycan sahib olduğu enerji resursları, həmçinin Xəzərin sahilindəki strateji mövqeyi sayəsində müstəqil və xarici siyasət yürüdə bilir.
Assambleya Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyir.
Bu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. AŞ PA təəssüflə bildirir ki, Venesiya Komissiyasının bir sıra vacib tövsiyələri, o cümlədən seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı ilə bağlı tövsiyələri Azərbaycan hakimiyyəti yerinə yetirməyib. AŞ PA hökuməti əvvəlki seçkilərdə qeydə alınmış problemlərin təkrarlanmaması üçün lazımi tədbirlər görməyə çağırır.
AŞ PA xatırladır ki, məhkəmələrin müstəqilliyi ölkədə hakimiyyət bölgüsünün əsas qarantıdır. Ona görə də hökuməti məhkəmə sisteminin müstəqilliyinin təmin olunması üçün lazımi addımlar atmağa çağırır. Çünki yalnız bu sistemin müstəqilliyi icra hakimiyyətinin məhkəmələrin işinə müdaxiləsinin qarşısını ala bilər. Azərbaycanda hələ də müstəqil məhkəmə sisteminin olmaması ölkədə ciddi problem olaraq qalır. Hələ də bu ölkədə icra hakimiyyəti məhkəmələrin işinə həddindən artıq müdaxilə edir. Həmçinin şübhəli motivlərlə cinayət təqibləri, ədalətsiz hökmlər də problem olaraq qalır. Ədalət mühakiməsi, tərəflərin bərabərliyi, təqsirsizlik prezumpsiyası və digər prinsiplərə əməl olunmur.
AŞ PA-nı narahat edən məqamlardan biri də budur ki, Azərbaycanda məhkəməyə qədərki həbslər hökuməti tənqid edənləri cəzalandırmaq üsullarından birinə çevrilib. Bu, Avropa Məhkəməsinin Ilqar Məmmədovun şikayəti üzrə qərarında da öz əksini tapıb.
AŞ PA Azərbaycan hökumətini Venesiya Komissiyasının QHT-lərin normal fəaliyyətinin təmin olunmasını nəzərdə tutan tövsiyələrinə uyğun olaraq, bu sahəni tənzimləyən qanunvericiliyə yenidən baxmağa çağırır. Dövlət strukturlarının QHT-lər üzərində sərt nəzarəti, qanunvericiliyə edilən dəyişikliklər ciddi narahatlıq yaratmaqla yanaşı, həm də Avropa Konvensiyasının birləşmək azadlığına təminat verən 11-ci maddəsinə ziddir. Assambleya Azərbaycanda insan haqlarının tapdanması, QHT-lər və insan haqları müdafiəçilərinin fəaliyyəti üçün vəziyyətin həddindən artıq pisləşməsi, çoxlu sayda tanınmış hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəallarının həbsxanaya salınmasını kəskin şəkildə pisləyir.
Assambleya ölkədə müstəqil media orqanlarına, söz azadlığını müdafiə edən şəxslərə qarşı repressiya hallarının artmasından dərin narahatlığını ifadə edir.
Assambleya hüquq müdafiəçilərinə və beynəlxalq qeyri-hökumət təşkilatlarına qarşı hücumlardan, onların cinayət təqibinə məruz qalmasından narahatdır. Həbs olunanlar, təqiblərə məruz qalanlar arasında Avropa Şurasının insan haqları komissarının bilavasitə əməkdaşlıq etdiyi təşkilat rəhbərləri də var.
Assambleya Azərbaycan hökumətini tənqidçi jurnalistlər, onların vəkilləri və digər şəxslərə qarşı sistemli hücumları dayandırmağa çağırır.
Komitə Avropa Şurasının baş katibi və Azərbaycan prezidenti arasında ötən ilin avqustunda baş tutan razılaşmanın nəticəsi olaraq insan haqları üzrə birgə işçi qrupun bərpasını alqışlayır.
Monitorinq Komitəsi həmçinin Avropa Məhkəməsinin qərarlarını, Avropa Şurası Nazirlər Komitəsinin qətnamələrini icra etməyə çağırır. Nazirlər Komitəsinin qətnamələrində parlamentin icra hakimiyyəti üzərində nəzarətinin gücləndirilməsi; Venesiya Komissiyasının seçki məsələsinə dair tövsiyələrinin yerinə yetirilməsi, Avropa Məhkəməsinin Nemət Əliyevin şikayəti üzrə (seçki işi) qərarının icrası; siyasi partiyaların, xüsusən seçki kampaniyalarının maliyyələşdirilməsilə bağlı islahatların başa çatdırılması; məhkəmələrin müstəqilliyinin təmin olunması və bu qurumlara istənilən təzyiqin qarşısının alınması; əsassız cinayət işi başlanması hallarına yol verilməməsi; QHT təmsilçiləri və jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərə təzyiqlərdən çəkinmək; jurnalistlərin öz işini görməsinə şərait yaradılması və onlara qarşı hər hansı təzyiqə imkan verilməməsi; tənqidçi jurnalistlərlə “haqq-hesab çəkmək” praktikasının dayandırılması; qanunvericilik vasitəsilə, həmçinin praktikada media və ifadə azadlığını məhdudlaşdırmaqdan çəkinmək; tənqidçi QHT-lərin normal fəaliyyətinə imkan verilməsi kimi tövsiyələr öz əksini tapıb.
Onların hər biri ilə bağlı detallara varmadan qeyd edək ki, nüfuzlu hüquq-müdafiə təşkilatı olan “Amnesty International”ın məlumatına görə, Azərbaycanda hazırda ən azı, 22 nəfər vicdan məhbusu var. Bu da həyəcan doğuran haldır.
Biz martda Azərbaycana səfərimiz zamanı prezident, ədliyyə naziri, baş prokuror, Prezident Administrasiyasının rəhbəri də daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərlə görüşdük. Avropa Şurasının Bakı ofisində həmçinin QHT nümayəndələri, hüquqşünaslar, beynəlxalq ictimaiyyətin təmsilçilərilə də görüşümüz oldu. Bundan başqa, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərə baş çəkdik.
Bu yaxınlarda Bakıda keçiriləcək Avropa Oyunları fonunda beynəlxalq təşkilatların Azərbaycanda artan repressiyalarla əlaqədar hökumətinin ünvanına səsləndirdikləri tənqidlərə cavab olaraq, aprel ayında APA agentliyi xaricdəki anti-Azərbaycan şəbəkəsi və erməni lobbisi birləşərək, Azərbaycan hökuməti əleyhinə kampaniya aparır. Məqalədə qeyd olunurdu ki, insan haqları, mətbuat azadlığı, korrupsiya ilə bağlı problemlərin qabardılması da bu kampaniyanın tərkib hissəsidir.
APA-nın yazdığı məqalə əslində, Azərbaycan hökumətinin mövqeyi idi. Hökumət iddia edir ki, beynəlxalq ictimaiyyətin diqqətini ölkənin daxili işlərinə cəlb etməklə, Azərbaycanı müstəqil siyasi kursundun döndərmək istəyirlər.
Azərbaycanda hakimiyyət sistemində başlıca səlahiyyətlər icra hakimiyyətindədir. Prezidentin əlində hədsiz səlahiyyətlər var. Konstitusiya hakimiyyət bölgüsünü nəzərdə tutsa da, parlament və məhkəmə hakimiyyəti xeyli zəifdir. Ictimai nəzarət funksiyasının həyata keçirilməsində müstəsna rol oynamalı olan vətəndaş cəmiyyəti, mətbuat və siyasi partiyalar təsir imkanına malik deyil. Ombudsman institutu müstəqil deyil.
Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (QREKO) bildirir ki, Azərbaycanda dövlət sistemində şəffaflıq çox zəifdir və korrupsiyaya meyllidir.
Azərbaycan prezidenti Ilham Əliyev eyni zamanda, icra hakimiyyətinə rəhbərlik edir. O, 2003-cü ildən bu vəzifədədir. Bu ölkədə 2008-ci ilə Konstitusiyaya dəyişiklik edilərək, prezidentə məhdudiyyətsiz sayda seçilmək imkanı verildi. Venesiya Komissiyası bunu demokratiya baxımından “geriyə addım” kimi qiymətləndirdi. Konstitusiyanın 109-cu maddəsinə görə, Azərbaycanda prezidentin olduqca uzun səlahiyyətlər siyahısı var.
Konstitusiyaya gəlincə, bizi narahat edən budur ki, Milli Məclisin real səlahiyyətləri çox məhduddur.
Məhkəmə hakimiyyətinin müstəqil olmaması da narahatlıq doğuran ayrıca bir ciddi problemdir.
(Ardı növbəti sayımızda)