“Elm Çində belə olsa, arxasınca gedin” deyirdi Peyğəmbərimiz. Amma Milli Məclisin deputatları başqa fikirdədir. Yəni xaricdə oxumaq az qala şeytan əməli kimi bir şey imiş. Bizim gənclər gedib oralarda yad təsirə düşürmüşlər, “yoldan çıxırmışlar” və hətta ölkəyə dönmək istəmirmişlər. Elə buna görə də, başqa ölkələrdə təhsil almaq istəyənlərə qarşı şərtləri sərtləşdirmək lazımdır. Məsələn, hərbi xidmətdən möhlət hüququ verilməməsi kimi…
Nəyin dərdindəsiniz, Allah xatirinə, bilmək olar? Elə mövsümüdür, götürün TQDK-nın açıqladığı nəticələrə baxın bir. Baxın, görün bu ölkənin təhsilini nə günə salmısınız. Söhbət yüz minlərlə abituriyentin 100 baldan yuxarı nəticə toplaya bilməməsindən gedir. O zaman ölkədən kənarda daha keyfiyyətli təhsil almaq istəyənlərin qarşısına nə məqsədlə daş diyirlədirsiniz? Bərbad günə saldığınız təhsil ocaqlarının küncünə məhkumluq alnına yazılmayıb ki, bu ölkə gənclərinin. Guya böyük çoxluğun yoxsulluq içində yaşadığı bir ölkədə uzaq xaricə gedib oxumaq belə asan məsələdir. Avropanın yaxşı universitetlərində təhsil xəyallarını gerçəkləşdirmək istəyən neçə tanıdığım gənc var. Amma hər şey arzu etməklə deyil axı. Təhsil haqqı o yana qalsın, kim qarşılayacaq onların bu ölkələrdə illik yaşam xərclərini? Kim bilmir ki, bütün bu oyunlar yuxarılarda oturan varlı-hallı adamların övladları üçün deyil. Məsələ özünü oda-közə vurub, şəxsi zəkası və qabiliyyəti sayəsində keyfiyyətli təhsil almaq istəyən kasıb balalarından gedir.
Əslində, MM deputatlarının dərdi başqadır. Bunu siz də bilirsiniz, mən də. Yadınızdadırsa, bir neçə il əvvəl dövlət hesabına xaricə oxumağa gedənlərin “coğrafi marşrutu”nda dəyişiklik olunması zərurəti vurğulanmışdı. Məqsəd göndərilən gəncləri həmin “qorxulu, yol azdıran, kafa qarışdıran” ölkələrdən qorumaq və daha “təhlükəsiz, səssiz” yerlərə yönəltmək idi. Bir sözlə, söhbət başqa söhbətdir. Bu beyinli, düşüncəli və açıqgözlü gənclər gedib həmin inkişaf
mühitində həyat şərtlərinin tamam fərqli olduğunu görürlər. Bu gənclər orada yüksək təhsil verən, qanunları hökmran olan, təməl prinsipləri insan azadlıqları üzərində qurulmuş bir cəmiyyətin üzvünə çevrilirlər. Elə əzilə-əzilə yaşadıqları, hüququn hüquq yerinə qoyulmadığı, insanların insan sayılmadığı bir yerdən gəldiklərini də o zaman fərq edirlər hər halda. Kədərlidir, deyilmi? Doğrudanmı, daha yaxşısı ola bilməzdi? Ola bilərdi, əlbət, istək və niyyət olsaydı…
Yunus Imrənin elm haqqında gözəl bir şeiri var:
Okumaktan murat ne?
Kişi Hakkı bilmektir.
Çün okudun bilmezsin,
Ha bir kuru emektir.
Bizim deputatlarımız sovet təhsili görmüş adamlardır. Elə biz özümüz də o təhsilin yetirmələriyik. Siyasi-ideoloji tərəflərini bir yana qoysaq, zamanında pis təhsil almış nəsillər də sayılmarıq. Ancaq görünür ki, bizim deputatların problemi təhsillə deyil, düşüncə tərzi ilə bağlıdır. Yunusun dediyi kimi, oxumağın əsas məqsədi haqqı öyrənmək olduğuna görə, o fikri səsləndirənlərin əməyi də boşa çıxmış sayılır. Onlarda sovet təhsilinin deyil, qapalı məkan yaratmaq ideologiyasının mürtəce izləri qalıb anlaşılan. Yeni bir sovet tipli qapalı məkanı yaratmağa doğru gedirikmi bu gedişlə? Hər şey ola bilər. Buna olan istəyi və canatmanı görmək çətin deyil.
Xülasə, deputatlarımızın dedikləri odur ki, elm arxasınca uzaqlara getmək lazım deyil, bizə buralar da yetər. Elə yuxarıların bu düşüncəsindəndir ki, elmimiz illərdir nəinki uzaqlara gedə bilmir, heç qapıdan kənara çıxmağı da bacarmır…