İslam Partiyası ofisindən çıxarılır

Azərbaycan İslam Partiyasını (AİP) ofisindən çıxarırlar. Bu barədə partiyanın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
 
“Bu gün səhər mülki geyimli şəxslər partiyanın ofisinə gələrək binanı boşaltmağımızı tələb etdilər” – deyə partiyadan "Turan"a bildirilib.
 
Həmin binanın sahibi də islamçılar qarşısında eyni tələbi qoyub. Binanın sahibi bu tələbini həmin mülkü başqa şəxsə icarəyə verməsi ilə izah edib. Hərçənd ki, partiyanın həmin şəxslə bir illik icarə müqaviləsi var və müqavilənin müddəti hələ başa çatmayıb.
 
Bundan sonra binanın yeni icarədarları islamçıların oradan çıxıb getməsini gözləmədən öz əşyalarını binaya daşıyıb yerləşdirməyə başlayıblar.
 
AİP bu təzyiqi partiyanın Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyi qarşısında keçirdiyi son etiraz aksiyası ilə əlaqələndirir.
 
Yada salaq ki, Azərbaycan islamçıları həmin aksiyada Səudiyyə Ərəbistanında edam cəzasına məhkum edilmiş ayətullah Şeyx Nimrinin dərhal azad olunmasını tələb etmiş və Yəmənin Səudiyyə rejimi tərəfindən bombardman edilməsini pisləmişdilər.