Mitinqə gedən dəlilər

Yaxud, deputatın ağıl resepti
 
Yavaş-yavaş havalar isinir. Hamı kölgələnməyə yer axtarır. Kimi şərin çətiri altında, kimi də xeyirin yanında məskən salıb. Dünya yaranandan xeyirlər şərin mübarizəsi gedir.  Bütün döyüşlərdə xeyrini qələbəsi sonda baş tutub. Yəni, əvvəl döyülüb, əziyyət çəkib, məhrumiyyətlə üzləşib və sonda əbədiləşmiş qalibiyyətə imza atıb. Bu gün Azərbaycanda da bu ənənəvi mübarizə davam edir. Iki gün öncə  Milli Şuranın  “Xilas olaq” mitinqi keçirildi və şərlə mübarizənin daha bir raundu arxada qaldı. Görünür, “Məhsul” stadionunda keçirilmiş mitinqdə yetişən “meyvə”lər kimlərinsə ağzını qamaşdırıb. Ona görə də beyninə gün vurmuş adamlar, bu mitinqə kölgə salmaq istəyirlər. 
Əvvəla, bu mitinqi “piket”, “palatka toyu” kimi təqdim edib, mitinq iştirakçılarının sayının azlığından sallaşmış adamlara yazığım gəlir. Tutalım, “Xilas olaq” mitinqi  dəyirmi masa idi. Bu nəyi dəyişir? Axı, tribunaya qalxanlar “bizə səs verin” yox, “xalqın səsini eşidin” deyirdilər.  Xırda təfəkkür sahibi olan heç bir adam bu mitinqə kölgə salmağa cəhd etməz. Çünki, yanmış insanların, öldürülmüş əsgərlərin, intihar etmiş qazilərin haqqını tələb etmək vicdan məsələsidir və bu tələbə don geyinidrmək mənəviyyatdan imtina etməyin göstəricisidir.
Amma bu köşəni yazmaqda məqsədim hakimiyyətin “adam saymaq”  ənənəsini qabartmaq deyil. Çünki, “saymaq” bu hakimiyyətin  hobbisidir. 
Məqsədim, YAP-çı deputat Siyavuş Novruzovun mitinqə münasibətinə diqqət çəkməkdir. Həmişəki kimi millətimizin vəkili “orijinal” açıqlama verib. Xalis deputat əvvəlcə “araşdırma”larını davam etdirərək, bu mitinqin də ermənilər tərəfindən maliyyələşdirildiyini bəyan edib. Ardınca isə “Onların danışdıqları yalanlara heç kim inanmadığı üçün mitinqlərində də heç kim iştirak etmir. Onların arxasınca getmək üçün gərək ağıldan kəm olasan”- deyə hüquq diplomlu deputatımız ağzından bal töküb.
Deməli, yanğında dünyasını dəyişmiş 15 adam, öldürülən 2 əsgər, intihar etmiş qazilər və digər faciəli olaylar yalan imiş. Həqiqətən də Siyavuş Novruzovun həqiqət anlayışına heyran olmamaq mümkün deyil. Ağıldan kəmlik məsələsinə gəlincə, deputatın sözlərində böyük fəlsəfə yatır. Qətiyyən hörmətli deputatımızdan inciməyin. Məsələ burasındadır ki, hakimiyyətin düşüncəsinə görə “ağıl” sözünün mənası, yalana, yaltaqlığa, ədalətsizliyə, şər-böhtana, şantaja, karrupsiyaya pənah aparmaqdı. Bəli, bu hakimiyyətin dövründə yalnız aşağılanaraq yüksəlmək mümkündür. Yalnız, yaltaqlıq, məddahlıq, üzəduranlıq etməklə karyera qurmaq olur. Bu ölkədə vicdanlı insanları şərləmək, belə adamlara qarşı iyrənc kampaniyalar aparmaq ağıllı olmağın göstəricisidir.   Ona görə də Milli Şuranın mitinqinə gələnlərdə belə “ağıl” nəinki kəmdir, ümumiyyətlə yoxdur. Hakimiyyətin “ağıl” kimi qəbul etdiyi “dəyərlər”ə nəzər salsaq, mitinqə gedənlər dəlidir. Necə ki, haqqını tələb edən, ədalətsizliyə qarşı vuruşan, saxtakarlıqla mübarizə aparan adamlar “narkoman”, “xuliqan” ola bilir, eləcə də bu adamlar “dəli” olmağa da məhkumdular. Bəli, biz dövlətin və millətin maraqları uğrunda savaşmağı ağıllılıq hesab edən dəlilərik. Nə yaxşı ki, Siyavuş Novruzovun “ağılölçən cihaz”ı bizi dəli kimi göstərir. Kaş, hər bir ölkədə belə “ağıldan kəmlər” çox olsun.  
Amma faciə mitinqə gedənlərin ağıldan kəm olması deyil, faciə budur ki, bu ölkədə vətəndaşı “ağıldankəm” adlandıranlar deputat ola bilir.