Milli Şuranın “Xilas olaq!” mitinqi uğurla baş tutdu FOTO VİDEO

Təxribatlar işə yaramadı; Hakimiyyətə xəbərdarlıq edildi: "Bu xalq sizi bir gün peşman edəcək"

Milli Şura mayın 30-da Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda “Xilas olaq!” şüarı altında mitinq keçirib. Aksiya saat 15.00-dan 17.00-dək davam edib.

Aksiya öncəsi təşkilatçılar tərəfindən təxribat kimi qiymətləndirilən bəzi olaylar baş verib. Belə ki, Milli Şuranın öncəki aksiyalarında tribunanın önündə asılan "Talana Son" plakatı polis tərəfindən cırılıb. Ona görə budəfəki aksiyada tribunanın önündən "Siyasi Məhbuslara Azadlıq" plakatı asılıb.

Daha bir sual doğuran olay aksiya təşkilatçılarının meydana daxil olarkən üzləşdiyi mənzərə olub. Təşkilatçılar tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər. Təşkilatçılar həmin butulkaları təmizləyiblər. Onların hansı məqsədlə tribunanın önünə atıldığı bilinmir.

Bunlardan başqa Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlının sözlərinə görə, polislər İlham Əliyevin adı olan şüarları meydana buraxmayıblar. Təşkilatçılar bunları qanunsuz addımlar adlandırıblar.

Mitinq dövlət himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra aksiya iştirakçıları mayın 19-da Binəqədidəki faciədə və əsgərlikdə müəmmalı şəkildə  dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aksiya iştirakçılarını salamlayaraq, onlara "Xilas olaq!" şüarına dəstək verdiklərinə görə təşəkkür edib.

"Sevgili həmvətənlər, Milli Şuranın “Xilas olaq” mitinqi 21 fevral, 19 may hadisələrinə etiraz mitinqidir. Milli Şuranın “Xilas olaq” mitinqi 2 milyon yarım azərbaycanlının konstitusiya məhkəməsindən gözləntilərinin heçə çıxmasına, güzəranının daha da ağırlaşmasına etiraz mitinqidir. “Xilas olaq” mitinqi Qarabağ qazisinin şərlənərək həbs olunmasına, başqa bir qazimizin intihara sövq edilməsinə münasibətdir, etirazdır, Binəqədidəki yanğında dünyasını dəyişənlərə, ev-eşiyini itirənlərə görə Azərbaycan hakimiyyətindən izahat tələbidir. O beş körpə, gül üzlü balamızın ah-naləsidir. O körpələrin ata anasının hiddətidir bu mitinq. “Xilas olaq” mitinqi Azərbaycana qurtuluş tələbidir. Orduda ölən əgərlərimizə görə Azərbaycan hakimiyyətindən izahat tələbidir, əsgərimiz ölməsin tələbidir", – deyə Əbülfəz Qurbanlı giriş nitqində bildirib.

Çıxış üçün ilk söz AXCP sədri Əli Kərimliyə verilib. Ə.Kərimli bildirib ki, hakimiyyət Milli Şuranın bu aksiyasına imkan verməmək üçün əlindən gələni edib. Mitinqin hamı üçün daha əlverişli olan istirahət günündə, münasib saatdlara (təşkilatçılar saat 17-dən 19-a qədər istəmişdilər) keçirilməsinə razılıq verilməyib:

"Əziz həmvətənlər, bir müddətdi ki, bizim toplanmağımıza mane olurdular. Hökumət xalq tərəfindən seçilmədiyinə, xalqın etimadını qazanmadığına görə insanların toplaşaraq ondan məsuliyyət tələb etməsindən qorxur. Ona görə də aprel ayının 5-dəki son mitinqimizdən sonra hər dəfə mitinqlərimizə mane olmaq üçün növbənöv maneələr düşündülər. Mitinqlər üçün əlverişli olan bazar günülərində konstitusiyaya zidd olaraq mitinqin keçirilməsinə razılıq vermədilər. Bazar günü hamının imkanı var mitinqə toplaşmağa. Amma digər günlərdə hamının imkanı yoxdu. Ona görə də burda israr elədilər. Yay gəlir, havalar istidi. Biz mitinqlərimizi 5-dən 7-yə qədər keçirmək istədik. Amma tələb elədilər ki, yox yalnız saat 3-də keçirə bilərik. Bu maneələr ona görə yaradılırdı ki, bir neçə min nəfər insanın, Azərbaycan sevdalısının qarşısını ala bilsinlər. Bura nisbətən az adam toplansın. Amma başa düşmədilər ki, onsuzda bura toplanan insanlar Azərbaycanda narazı insanları, dəyişiklik insanların az bir qismidi. Daha böyük bir qismi isə o məqamı gözləyir ki, hamılıqla ayağa qalxanda, ölkədə köklü dəyişikliklərin qarşısını almaq mümkün olmasın. Sizin israrınız bizim bu iqlim şəraitinə, baxmayaraq yaradılan maneələrə baxmayaraq bu mübarizədə israrımız o əminliyi yaradır ki, o gün də uzaqda deyil. Bizim enerjimiz, inamımız bütün Azərbaycana siraət edəcək. Bütün Azərbaycan bizimlə birlikdə toplanacaq.

Əziz həmvətənlər, mitinqə başlamadan öncə binada yanaraq, boğularaq həyatını itirənləri andıq. O insanlar Azərbaycandakı hökumətin acgözlüyünün, səhlənkarlığının, iş bacarmazlığının qurbanı oldular. Axı hər kəs bilirdi ki, o binalara vurulan sintetik üzlüklər tezalışandı. Bunlar təhlükəlidi. Ekspertlər deyirdi, hər birimiz yazırdıq. 4 dəfə o binalarda yanğın çıxmışdı. Aprel ayında Xətaidəki bina alışanda mən yazdım ki, neçə nəfərin ölməsini istəyirsiniz ki, nəhayət bu cinayətkar üzlükləri sökəsiniz. Demək 15 nəfərin ölməsini istəyirmişlər. Demək istəyirmişlər ki, Ayxan, Ayan, Fərəh, Ömər balamız bu yaşlarında, körpə yaşlarında boğularaq ölsünlər. Yalnız bundan sonra öz vəhşi tamahlarını durdurdular. O üzlüklər indi sökülməkdədi. İndiyə qədər ona görə davam edirdilər ki, o üzlüklərin bütün Azərbaycanda vurulmağından milyard qazanmışdılar. Indi isə istəyirlər ki, bu qədər dəhşətli cinayəti bir JEK müdirinin boynuna qoysunlar və özləri- əsl cinayətkarlar məsuliyyətdən kənar qalsınlar, yenidən Azərbaycana hökmranlıq eləsinlər, yenidən bu xalqın qarşısında meydan oxusunlar. Biz belə bir özbaşınalığına, belə bir məsuliyyətsizliyə yol verə bilmərik.

Ölkədə o qədər problem yaradırlar ki. Hər yerdə azərbaycanlılara divan tuturlar. Azərbaycanlıları təkcə yaşadıqları, yatdıqları yerlərində öldürmürlər ki. Azərbaycanlılara orduda divan tutular. Bizim min əziyyətlə böyütdüyümüz, vətənə xidmət üçün göndərdiyimiz övladlarımız hər cür zorakılığa məruz qalırlar. Onları alçaltmağa, sındırmağa çalışırlar. Müqavimət göstərənlərin taleyi çox pis olur. Azərbaycanın hər yerində qürurlu, alçalmaq istəməyən insanlar üçün zindan yaradılıb. Bu gənclərimiz bu zalımlığı haradan alırlar ki, öz soydaşlarına belə divan tuturlar. Bəlkə onlar bu zalımlıq dərsini Azərbaycanı yönəldənlərdən alırlar. Bəlkə onlar nümunəni Azərbaycanı idarə edənlərdən alırlar. Axı görürlər ki, Azərbaycan hakimiyyəti işgəncə ilə, cəzaçəkmə müəssisəsində adam öldürən qatillər himayə edir. Axı onlar görürlər ki, Azərbaycan hakimiyyəti polis idarəsində işgəncə ilə adam öldürənləri müdafiə edir. Axı onlar görürlər ki, Azərbaycan hakimiyyəti elə bir hakimiyyətdir ki, ölkənin yeraltı-yürüstü bütün sərvətlərinə hakimdir. Ordusuna, puluna hakimdir. Bu hakimiyyət qadınlarla, ona opponentlik edən xanımlarla mübarizə aparır. Ahıl yaşında, xəstə halında Leyla Yunusa əl qaldırır. Bəlkə bu zalımlığı onlardan öyrənirlər.

Ordu Azərbaycan xalqının qürur mənbəyi olmalıdır. Biz hər bir əsgərimizi sevirik, bağrımıza basırıq. İstəmirik ki, əsgərlərimiz hərbi hissələrdə öldürülsün. Burada yenicə öldürülmüş əsgərimizin qohumları iştirak edirlər. Tapdıq Babaşovun bacıları, ailə üzvləri burdadılar. Biz hamımız dərin hüznlə başsağlığı veririk. Sizin acınız bizim acımızdır. Bizim övladımızdı Tapdıq. Bütün günahsız öldürülmüş, ordudakı gənc balalarımız bu millətin övladlarıdır. Onların qanı yerdə qalmamalıdır. Nə baş verir bu ölkədə. Ali təhsilli, fərqlənmə diplomu ilə ali təhsilini başa vurmuş intellektual gənc də öldürülür, əlbəyaxa döyüş ustası da öldürülür. Nə baş verir bu ölkədə? Hanı bu ölkəni yönəldənlər? Hanı sizin məsuliyyətiniz? Belə dəmi ölkə yönəltmək olar? Nə qədər düşünəcəksiniz ki, Azərbaycan xalqı bu özbaşınalığa, bu cinayətkarlığın ört-bastır edilməsinə dözəcək? Mən sizi əmin edirəm ki, son hadisələr göstərdi ki, artıq o səbr, o dözüm limiti bitmək üzrədir. Bir gün bu xalq sizi peşman edəcək. Etdiklərinizin hamısına cavab verməli olacaqsınız.

Əziz həmvətənlər, baxın Qarabağ qazilərinə necə divan tutulur. Beş körpə balanın atası, Qarabağ qazisi Zaur Həsənov özünü yandırandan sonra düşündüm ki, indiyə qədər nə qələt ediblər ediblər, bundan sonra yəqin ki, Qarabağ qazilərinə diqqət göstərərlər. Amma ötən ay yalnız Cəlilabadda iki nəfər Qarabağ qazisi intihar etdi, biri özünü asdı, biri özünü yandırdı. Azərbaycan üzrə nə qədər Qarabağ qazisinin intihar etdiyini, özünü yandırdığını, nə qədərinin özünü asdığını bilən yoxdu. Artıq bu statistikanı da aparmırlar. Niyə Azərbaycan hakimiyyəti Qarabağ qazilərinə qənim kəsilib. Bəlkə ona görə ki, Azərbaycan hakimiyyətində olanlar Qarabağ qaziləri, veteranlar, sinəsini qabağa verib vətəni, torpağı qorumağa gedən zaman qaçıb gizlənmişdilər. Niyə Azərbaycan hakimiyyətində bir nəfər də olsun Qarabağ qazisi, Qarabağ veteranı yoxdur. Özləri kimi fərari olmayanları sevmirlər. Qarabağ qazilərinə ona görə də bu hörməti qoymurlar. Qarabağ qazilərinə də sahib çıxmaq, onların dərdinə şərik olmaq, onların problemlərinə sahib olmaq bu millətin fədakar insanlarının, sizin, bizim borcumuzdur. Sizlərə təşəkkür edirəm ki, bu gün bu meydanda onların haqqını, hüququnu müdafiə edirsiniz.

Biz mart ayının 15-dən “Talana son” mitinqlərinə başlamışıq. Biz o zaman devalvasiyanın hesabının xalqa kəsilməsinə birlikdə etiraz etdik. Biz tələb etdik ki, Azərbaycan hökuməti nəhayət anti-böhran tədbirlərinə başlasın, monopoliyanı, korrupsiyanı durdursun. Amma bunların belə bir fikri yoxdu. Yalnız dövlət rezervlərini xərcləməklə oturub neftin qiymətinin qalxacağını gözləyirlər. Amma o da qaxlmır, qalxacağı da gözlənilmir. Beləliklə, Azərbaycan yeni devalvasiyanın ərəfəsindədir. Biz bu prosesi durdura bilmədikcə Azərbaycan hökuməti heç bir iqtisadi-siyasi açılıma getmək niyyəti göstərmir. Iqtisadi-siyasi açılım olmayacaqsa, deməli növbəti devalvasiya olacaq. Növbəti devalvasiya olacaqsa işsizlik artacaq. Maaşların önəmi azalacaq, pulun alıcılıq qabiliyyəti azalacaq. Bizi belə bir prespektiv gözləyir. Ona görə də mən siz fədakar vətəndaşlarımıza səslənirəm. Yalnız bu yayın istisində bu meydana gəlib minlərlə insanın etiraz etməsi kifayət deyil. Baxmayaraq ki, bu böyük fədakarlıqdır. Xalqın içinə getmək lazımdır. Xalqımızı yaxınlaşan təhlükələrdən, daha ciddi təhlükələrdən xəbərdar eləmək lazımdır. Izah etmək lazımdır ki, yalnız hakimiyyətinin qarşısında məsuliyyət tələb etmək yoludur ki, əsgər ölümləri dayandırılsın. Yalnız Azərbaycan hakimiyyəti xalqı qarşısında görəcəyi təqdirdə növbəti devalvasiyaya getməyəcək.Yalnız Azərbaycan xalqının qəzəbindən, hiddətindən qorxacağı təqdirdə  böhran, korrupsiya, monopoliya dayanacaq. əgər bunların hamısını biz addım-addım etməyə qadir olmasaq o zaman Azərbaycan xalqı günün birində bir dəfə möhkəm qəzəblənəcək və onunla da Azərbaycan xalqı xilas olacaq".

Növbəti çıxışçı "Azadlıq" qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev olub. O, ölkədə demokratiya uğrunda mübarizə əzmini saxlayan hər kəsi salamlayıb və qeyd edib ki, hazırda ağır günlərini yaşayan "Azadlıq" qəzeti də məhz belə insanların, ictimaiyyətin dəstəyi nəticəsində hələ də işıq üzü görür:

“Burada iştirak edənlərin demək olar ki, hamısı bizim oxucularımızdır. Fürsətdən istifadə edib sizə minnətdarlıq etmək istəyirəm ki, məhz sizin hesabınıza, sizin köməyinizlə, ”Azadlıq" qəzetinə olan dəstəyinizlə hələ də “Azadlıq” müqəddəs missiyasını – həqiqətə xidmət missiyasını davam etdirir. Məhz sizin səyləriniz nəticəsində bu qəzet Azərbaycanın ictimai-siyasi həyatının böyük bir fenomeninə çevrilib. “Azadlıq” qəzetinin qəhrəman kollektivi böyük fədəkarlıq, cəsarət və qətiyyətlə həqiqətə xidmət missiyasını davam etdirməkdədir. Bu illər ərzində bizə qarşı repressiyalar sadəcə, Azərbaycan həqiqətlərini yaymağımızla bağlı olub.

Etiraz hüquqdur. Amma indiki vəziyyətdə, ölkədə gedən siyasi, iqtisadi, sosial proseslər göstərir ki, indi Azərbaycanda etiraz vəzifədir. Ölkənin taleyi bizim bu vəzifəyə nə dərəcədə məsuliyyətli yanaşmağımızdan asılı olacaq. Məhz Azərbaycan xalqı gələcək taleyini müəyyənləşdirə bilər. Bu bizim hər birimizdən vicdanlı olmağı, ölkədə gedən proseslərə vətəndaş məsuliyyəti ilə yanaşmağı tələb edir. Çox dəhşətli bir dövrü keçirik. Nəhayət, iqtisadi problemlər artıq vəziyyəti dəyişib. O mənada dəyişib ki, siyasət Azərbaycana qayıdır. Azərbaycan hakimiyyəti siyasətin onların ssenarisi çərçivəsində qayıtmasını istəyir. Amma onlar da etiraf edirlər ki, Azərbaycan vətəndaşlarının bu proseslərdə daha fəal iştirakı lazımdır. Azərbaycan vətəndaşları bu prosesdə necə iştirak edəcək – bu, vətəndaşların özündən asılıdır. Hər bir şəxsin təbliğatçı, təşviqatçı və təşkilatçı olması müstəsna əhəmiyyət kəsb edən məsələdir"..

Sonra söz AXCP Gənclər Komitəsini üzvü, şərlənərək həbs edilmiş Elvin Abdullayevin anası Zülfiyyə Abdullayevaya verilib. O, Elvinin şərlənərək həbs edilsə də, əqidəsindən dönməyəcəyini deyib, hakimiyyətin azad düşüncəli gənclərə qarşı düşmən münasibətindən danışıb:

“Mənim oğlum imtahandan çıxarkən Bakı Şəhər Baş Polis Idarəsinin işçiləri tərəfindən saxlanılıb və ora aparılıb. Oğlumu 8 saat təzyiq altında dindiriblər. Halbuki, qanunla 3 saatdan artıq dindirmə ola bilməz. Narkotiklə, heroinlə şərlənib mənim övladım. Mən bir anayam və buradan fəryad edirəm. Mənim övladımın günahı nə idi? Övladım ikinci təhsilini alırdı. Mən bir anayam,

Azərbaycana yararlı, mübariz, mərd bir övlad yetişdirmişəm. Daha nə istəyirsiniz? Məhkəmədə oğlum hakimlərə üzünü çevirib dedi ki, ”ermənilərin etmədiyi zülmü bunlar mənə etdilər". Yeddi gün karsa salıblar, ac-susuz saxlayıblar, “əqidəndən dön, biz tərəfə keç” deyə. Əqidəsindən dönməyən insan zatən dönməyəcək. Yazıqlar olsun sizlərə. 21 yaşlı Elvindən qorxursuz? Yaxşı, başa düşdük, o 3 ton heroin biabırçılığından 3 qram mənim oğluma hədiyyə etdiz, şərlədiz. Elvin Azərbaycanın gələcək tarixçisi idi, sizə tarixçi lazım deyil? Manqurtlaşdırırsız insanları, Şoşuyla, Moşuyla, Fəlakətlə… Savadlı insanları, qeyri-hökumət təşkilatlarının nümayəndələrini, jurnalistlərimizi, hüquq müdafiəçilərini, sözünü deyən Azərbaycan övladlarını türməyə salırsız, cəzalar verirsiz. Nədir onların günahı? Rüşvətxor siz, bu ölkəni məhv edən, dağıdan siz. Gücünüz bir mənim oğlumamı yetir? 21 yaşındakı gəncdənmi qorxursuz? Bəraətini verin o uşağın. Dişimlə, dırnağımla övlad yetişdirmişəm.

Son olaraq deyim ki, iyun ayının 1-i Elvinin məhkəməsidi, son sözünü deyəcək. Prokuror ona 7 il iş istəyib.
Buradan Xalq Cəbhəsi Partiyasına və Milli Şuraya da təşəkkürümü bildirirəm. Onlar bizi tək qoymadılar".

Sonda Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. C.Həsənli 28 May İstiqlal bayramını yenicə yola saldığınızı xatırladaraq "Cümhuriyyəti quran babalarımız ona görə canlarını fəda etməmişdilər ki, dövlətimiz bir ailənin sülalə hakimiyyətinə çevrilsin" deyib:

"Qurucu babalarımız bu cumhuriyyəti qurmaq üçün canlarını və mallarını, həyatlarını bu millətin dövlətləşməsi və millətləşməsi üçün qurban verdilər. Dağınıq bir ərazidən vətən, dağınıq bir toplumdan millət yaratdılar. Təmsil etdikləri dövlətin imzasını dünya millətlərinin imzasının içərisinə qoydular. Azərbaycan Cumhuriyyətini yaratmış qurucu babalarımıza eşq olsun.

Dəyərli dostlar, qurucu babalarımız ona görə bu cumhuriyyəti yaratmamışdılar ki, bizim cumhuriyyətimiz bir ailənin sülalə hakimiyyətinə çevrilsin. Demokratiyaya həsrət qalsın, siyasi məhbuslar ordusuna çevrilsin və yanğınların bürüdüyü bir məmləkətə çevrilsin. O zəif hakimiyyətlə, o az güclə Azərbaycanın suverenliyini Qarabağın dağlıq hissəsində də bərqərar etmişdilər. Qarabağın dağlıq hissəsində olan ermənilər özləri qərar qəbul edib Azərbaycanın suverenliyini tandılar, onun hakimiyyəti altında yaşamaq haqqı istəmişdilər. Bu gün bu analoqu olmayan inkişafla, bu hər tərəfə səpilən pullarla, Avropada qurulan parklarla nədən 25 ildən artıqdır ki, Şuşada Azərbaycan bayrağı dalğalanmır. Vətənimizin suverenliyi təmin edilmir. Daha nələr baş verməlidir ki, 20 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımız azad edilməsin. Baxın, burada gənc bir əsgərin şəkillərini görürük. Son bir həftənin içində neçə nəfər ya intihar edib, yaxud da ki, Azərbaycan hakimiyyətinin yeritdiyi məsuliyyətsiz siyasət, intizamsız siyasət, qayda qanunsuz, hərc- mərclik siyasətin qurbanı olub. Bu nə deməkdir ki, əsgər hərbi xidmətdə döyülərək öldürülməlidir. Son bir həftədə biz iki əsgərin döyülərək öldürüldüyünün xəbərini almışıq. Son iki həftədə Aərbaycanın sosial şəbəkələri ana fəryadları ilə od tutub yanır. Balaca Ayxanın, döyülərək öldürülmüş Tapdığın, Gədəbəydə qətlə yetirilmiş Səmidin anaları sosial şəbəkələrdə fəryad edirlər. Bu işə cavabdeh olanlar, Azərbaycan hakimiyyətinin başında duranlar bu fəryadları eşitmirlərmi. Özlərinin övladları yoxdurmu? Bu əsgərlər vətənə xidmət edirdilər. Vətənə xidmət edən insanlarla belə rəftar etmək olmaz.

Dəyərli dostlar, ölkəmiz bütün dünyada siyasi məhbuslar, vicdan məhbusları, mətbuat nümayəndələrindən ibarət zindanilərin ölkəsində çevrilmişdir. Ötən son 2ildə intellektual gəncliyə, intellektual siyasilərə, əli qələm tutan jurnalistlərə qarşı sözün tam mənasında bir repressiya hökm sürür. Bu gün Azərbaycanın simasını müəyyən edən ən başlıca mərkəz Kürdəxanıya çevrilmişdir. Indi Kürdəxanını bütün dünyada tanıyırlar. Bu gün Xədicə İsmayıl və Leyla Yunus, Seymur Həzi, Anar Məmmədli, İlqar bəy, Tofiq bəy, Pərviz bəy, din adamlarımız, Rauf Mirqədirov, bloqçu gənclər, qeyri-hökumət təmsilçiləri və digərləri həbsxanadadırlar. Əminliklə deyirəm ki, qeyri-hökumət təşkilatlarının, mətbuatın bu peşəkar təmsilçiləri azadlıqda olsaydı bəlkə də o faciəli yanğın baş verməzdi. Çünki bu adamların işi cəmiyyəti maarifləndirmək, olan təhlükə haqqında xəbər vermək idi. Ölkədə vətəndaş cəmiyyəti nə qədər ki, boğulacaq bu yanğın təhlükəsi həmişə başımızın üstündə olacaq.

Mitinqə gələrkən 13 saylı cəzaçəkmə müəssisəsindən bizə bildirdilər ki, həmin cəzaçəkmə müəssisəində olan Tofiq Yaqublu, Əli İnsanov, Anar Məmmədli, İlkin Rüstəmzadə, Pərviz Həşimli və Əbdül Əbilov mitinq iştirakçılarına salam söyləyirlər və mitinqə dəstəklərini ifadə edirlər.

May ayının 19-da ölkəmizdə gerçəkdən bir faciə baş vermişdi. Dövlət adamlarının məsuliyyətsizliyi, hakimiyyət yetkililərinin cinayətkarlığı nəticəsində 15 vətəndaşımız həyatını itirdi. Amma vəzifə sahiblərinin biri də vəzifəsini itirmədi. Insanlar kütləvi şəkildə yanıblar, zəhərli qaz içərisində boğulublar, fövqaladə hallar nazirliyinin elan etdiyi o çevik alaylardan yüksək mərtəbəli binalar üçün gərəkli olan texnikdan heç nə görsənmədi. Bu yaxınlarda Abid Şərifov bir müsahibəsində dedi ki, alov elə bürümüşdü ki, fövqəladə hallar nazirliyinin texnikası ora yaxınlaşa bilmirdi. Bəs siz bu ölüm üzlüklərini, bu alov üzlüklərini insanlar yaşayan binalara vuranda bilmirdiz ki, bu alovun qabağını almaq olmayacaq? Ən azından vətəndaşları xəbərdar etmək, onların həyatını təhlükədən xilas etmək lazım idi. Bu insanlar özlərinə yaşamağa bir yer, yurd tapardılar. Bu ölkənin yol qırağının bütün hasarlarını gülbaxtı daşından tikirlər. Bu ölkənin yol kənarındakı hasarları az qala mərmərdən edirlər. Amma vətəndaşın yaşadığı, körpə uşaqların yaşadığı binalara ölüm üzlükləri çəkirlər. Azərbaycan vətəndaşını bu cür ölümə məhkum edən hakimiyyətə ar olsun.

Qurucu babalardan bizə əmanət qalmış demokratiyanın heç bir prinsipi işləmir. Seçki saxtakarlığı, hakimiyyətin mənimsənilməsi, vətəndaşın diz çökdürülməsi hazırkı hakimiyyətin simasıdır. Bu ölkənin sərhədlərindən 3 min tonlarla narkotika digər ölkələrə danışır. Amma Azərbaycan gənclərinin böyük bir hissəsi bir neçə qram narkotika saxlamaq ittihamı ilə 5-7 il arasında cəzaya məhkum olurlar. Bu gün narkotika Azərbaycan hüquq sisteminin simasını müəyyən edən başlıca dəlilə çevilib. Ölkəni narkotika girdabına yuvarlayan hakimiyyət yetkililərinə ar olsun.

Əziz mitinq iştirakçıları, millətimiz əsarət altındadır. Bankların, icra hakimiyyətlərinin, polis orqanlarının əsarəti altındadır. Azərbaycanın rayonlarında elə bir ailə yoxdu ki, bankların iqtisadi əsarətinə düşməsin. Bu banklar bir ovuc yuxarıda oturan yüksək vəzifəli hakimiyyət yetkililərinindir. Azərbaycan vətəndaşı ilə belə rəftar edən, iqtisadi asılılığa salan, Azərbaycan vətəndaşını iqtisadi cəhətdən diz çökdürən hakimiyyətə ar olsun”.

Mitinq qətnamənin oxunması və "Koroğlu" uverturasının səslənməsi ilə başa çatıb.