Ölkədə çox qəribə vəziyyət yaranıb. Hakimiyyətin əsl siması hər gün daha aydın görünür. Ənənəvi yalanlar, şablon ifadələr, reallığı əks etdirməyən arqumentlər insanlarda ikrah hissi doğurur. Amma nə edəsən ki, hökumətimiz “qətiyyət”lə ifşa olunmaq seriyasını davam etdirir.
Tez-tez eşidirik ki, hakimiyyət təmsilçiləri “hakimiyyət və xalq cənab prezidentin ətrafında sıx birləşib” şüarı ilə silahlanıb. Bütün rejim mənsubları yerindən asılı olmayaraq bu ifadəni dilə gətirməyi özlərinə borc bilirlər. Amma başqa arqumentlər kimi bu arqument də dərhal dəfn olunmağa məhkumdur.
Xalqın prezidentin ətrafında sıx birləşməsinə gəlincə, bu məsələ ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Çünki, prezidentin ətrafında sıx birləşmək üçün xalqın əlində əsas yoxdur. Dilənçi maaşına məhkum edilmiş müəllimi, kredit borcunun altında inləyən sadə vətəndaşlarmı, şərlənərək həbs olunmuş vicdanlı insanlarmı, təhsil haqqını ödəyə bilməyən tələbələrmi, bir gecənin içində 2.2 milyard zərərə düşmüş əmanətçimi, ölkədən didərgin düşmüş 2 milyon soydaşımızmı, müalicə olunmaq üçün Gürcüstana, Irana üz tutan xəstələrmi, monopoliyanın qurbanına çevrilmiş sahibkarlarmı, “lazım”ın gəlişini gözləyən məcburi köçkünlərmi, Avropa oyunlarına görə dolanışığından məhrum edilmiş xırda ticarətçilərmi, sığorta pulunu ala bilməyən şəhid ailələrimi, prezidentin ətrafında sıx birləşib? Bəlkə, “cinayətkarlar cəzalanacaq” vədini verib, JEK müdirini həbs etdiyinə görə, yaxud, “manat sabit qalacaq” deyib, insanları aldatdığına görə sıx birləşmə prosesi gedir? Məmurlara barmaq silkələsə də, qiymətlərin qalxmayacağı vədini versə də, heç bir əməli tədbir görmədiyinə görəmi, xalqın dəstəyini qazanıb?
Ümumiyyətlə, xalq prezidentin ətrafında sıx birləşibsə, seçkiləri saxtalaşdırmaq, müxalifətin mitinqlərinə əngəl törətmək, 100-ə yaxın insanı şərləyərək həbs etmək, müstəqil mətbuatı sıradan çıxarmaq nəyə lazımdır?
Yəni, “xalq prezidentin ətrafında sıx birləşib” ifadəsi, sadəcə yeni lətifələr üçün mövzu ola bilər.
Hakimiyyətin prezidentin ətrafında sıx birləşməsi isə, müəyyən bir vaxta qədər inandırıcı görünürdü. Elə təəssürat yaradırdılar ki, guya bütün komanda prezidentə sadiqdir. Amma son günlər baş verənlər göstərdi ki, komanda nəinki monolit deyil, həm də bir-birini aldatmaqla məşğuldu.
Əvvəlcə, Bakıdakı yanğınla əlaqədar ölkə başçısı müşavirə keçirdi və bu müşavirə dillərdə dastan oldu. Məlum oldu ki, prezidenti dəfələrlə aldadırlar, milyonluq villalara sahib olan məmurların kimliyini ondan gizlədirlər, ölkə başçısının imicini düşünmədən saxta sertifikatlar verilir, nazirliklər səviyyəsində qanunsuz işlər görülür, dələduzları “fəxri vətəndaş” kimi ölkə başçısına təqdim edirlər və.s Hətta həmin müşavirədə məsul şəxslər günahı bir-birinin üzərinə də atmağa çalışdı. Yəni, ümumi mənzərədə göründü ki, şəxsi maraqlar prezidentin ətrafında sıx birləşməyə imkan vermir. Daha dəqiq desək, xeyli boşluq yaranıb.
Bu hadisədən bir neçə gün sonra isə prezident “Buta” sarayında çıxış etdi və ictimai nəzarətdən danışdı. Etiraf edildi ki, ölkədəki neqativ halları nəzarətdə saxlaya bilmirlər, vəzifəli şəxslər işlərinin öhdəsindən gəlmir, qanunusuzluqlar, sosial ədalətsizlik baş alıb gedir. Yəni, ikinci dəfə prezident bəyan etdi ki, komanda nizam-intizamı itirib və daxildə xeyli ziddiyyətli məqamlar var.
Deməli, nəinki xlaq, heç hakimiyyət komandası da prezidentin ətrafında birləşməyib.
Xahiş edirik bu ziddiyyətli məqama aydınlıq gətirin. Biz, prezidentin mesaj verdiyi boşalmaya inanaq, yoxsa Siyavuş Novruzovların dediyi sıxlığa? Çünki, indiki vəziyyətdə prezidentin dediklərin, komanda üzvləri təkzib etməklə məşğuldu. Birdəfəlik qərar verin. Ilham Əliyevin ətrafında vəziyyət necədir?
Yeri gəlimişkən, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Morninqstar da “hakimiyyət monolit deyil” dediyi üçün hədəf seçilmişdi. Ölkə başçısı son günlər səsləndirdiyi fikirlərlə, Morninqstara nə qədər haqsızlıq etdiklərini də göstərmiş oldu.
Samir


