AXCP-dən Elvin Abdullazadə ilə bağlı bəyanat
AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı partiya xüsusi bəyanat yayıb. Bəyanatda deyilir:
“Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün (iyunun 1-də) AXCP üzvü Elvin Abdullazadəyə 6 il azadlıqdan məhrumetmə cəzası verilib. AXCP məhkəmənin bu hökmünü Azərbaycanda hüquq adına yazılan növbəti rəzalət kimi qiymətləndirir. Partiya təəssüflə bəyan edir ki, Azərbaycan dövləti adından hökm çıxaran məhkəmələr günahsız vətəndaşlarla bu cür qanunsuz, ədalətsiz davranışları ilə dövlətə və hüquqa inamı kəskin sarsıdırlar; bu isə müstəqil dövlətə qarşı ən böyük zərbə sayılmalıdır.
AXCP əminliklə bəyan edir ki, Elvin Abdullazadə günahsızdır, yalnız siyasi düşüncəsinə, əqidəsinə görə Əliyevçi rejimin şərinə tuş gəlib.
Elvin Abdullazadə barəsində çıxarılan hökm və ittihamlar tamamilə quramadır, böhtandır, cəmiyyətdə vicdanlı insanları şərləmək, gözdən salmaq, demoralizə etmək üçün atılan anti-insani addımdır. Azərbaycanda Milli Azadlıq Hərəkatını görən, yaşayan hər kəs bu cür çirkin metodları “kommunist” bürokratların hərəkatçılara qarşı işlətdiyinə şahiddir. O zaman da azadlıq, demokratiya istəyən, mübarizə aparan insanlar “narkoman”, “alkoqolik”, “ekstremist”, “fundamentalist” kimi böhtanlara tuş edilir, təzyiqlərə məruz qalırdılar. Lakin, bütün bu böhtanlar, qurama ittihamlar çürük rejimi qoruya bilmədi və o, öz rüsvayçı sonluğuna qovuşdu. Zorakılıq və anti-xalq yolu tutumuş hər rejim belə sonluğa məhkumdur.
AXCP bu gün dövlət aparatını ələ keçirənlərə bu vacib xatırlatmanı etməklə, günahsız yerə, yalnız siyasi baxışlarının fərqliliyi ucbatından insanlara əzab verməyi dayandırmağa, Elvin Abdullayev daxil olmaqla bütün siyasi məhbusları dərhal azadlığa buraxmağa, insan hüquq və azadlıqlarına hörmət bəsləməyə, dövlətin gücünü vətəndaşların inkişafına sərf etməyə səsləyir”.