Azərbaycan təhsili reanimasiyadadır

Hakimiyyət bu sahəni ölümlə hədələyir

 
Uzun illərdi ölkədəki problemlərdən, bütün sahələrdəki geriləmlərdən yazırıq, həyəcan təbili çalırıq. Xüsusən də təhsil sahəsində vəziyyət olduqca acınacaqlıdır və dövlətin gələcəyini təhdid edən amildir. Hər dəfə imtahan nəticələrinə nəzər salanda, məyus oluruq. Amma bu sürətli geriləməyə görə heç kim məsuliyyəti öz üzərinə götürmür, hakimiyyət təhsilsizlik mühitinin dərinləşməsində maraqlı görünür  və bu sahədəki vəziyyətin ağırlığından yazanları da “ermənipərəst”, “vətən xaini” kimi təqdim edirlər. 
Bugünlərdə isə daha dəhşətli bir statistika açıqlandı. TQDK-nın  mayın 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV ixtisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanlarında ümumilikdə 29004 abituriyent iştirak edib.
Statistik məlumata görə I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etmiş, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıb. 10911 nəfər 0-200 bal toplayıb. Bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.
II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb. 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.
III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. Iştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etmiş, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.
Deməli, 1-ci ixtisas qrup üzrə 91.89 faiz, 2-ci ixtisas qrupu üzrə  84.54 faiz, 3-cü ixtisas qrupu üzrə 75.24 faiz, 4-cü ixtisas qrupu üzrə isə 88.78 faiz abituriyent 0-200 bal toplayıb. Əslində, bu nəticələrə görə ölkədə matəm də elan oluna bilər. Çünki, ölkənin təhsili qətlə yetirilib, öldürülüb.
Bir müddət əvvəl ölkə başçısı Ilham Əliyev bildirmişdi ki, Azərbaycanda savadlılıq dərəcəsi 100 faizdir. Bu nəticələr isə göstərir ki, ölkə başçısı cəmiyyətlə zarafat edirmiş. Həm də bu nəticələri müxalifət, erməni lobbisi, beynəlxalq hüquq müdafiə təşkilatları deyil, TQDK açıqlayıb.  Yəni, vəziyyətdən çıxmaq üçün “gözü götürməyən qüvvələr” ifadəsi öz qüvvəsini itirir.
Əslində, bu nəticələrə görə xeyli məsul şəxslər istefaya getməli, həyəcan təbili çalınmalı və dərhal tədbirlər planı hazırlanmalıdır. Amma müəllimin dilənçi vəziyyətində olduğu, ziyalının seçki saxtakarına çevrildiyi, qiymətlərin pulla yazıldığı, repetitorluğun məktəbi üstələdiyi, koprrupsiyanın əsas prioritet seçildiyi ölkədə, hər hansı zəruri addıma ehtiyac duyulmaz. Hakimiyyət məqsədyönlü şəkildə ölkədə kütləvi savadsızlıq yaradır. Çünki, savadısz vətəndaşı köləyə çevirmək, analoqsuz nağıllarla bihuş etmək daha asandır.
Yaxşı olar ki, mitinq iştirakçılarının sayını azaldanlar, bu statistik rəqəmlərin yüksəkliyini də endirmək haqda düşünsünlər.  Ölkə başçısı izahat versin ki, 100 faizliq savadlılıq, 90 faizlik savadsızlığa necə çevrilə bilir?
Bu da Azərbaycan hakimiyyətinin uğurlu siyasətinin “sürpriz” nəticəsi. Faktiki olaraq mənəvi dəyər hesab edilən təhsil yoxa çıxıb. Məhz buna görə də Prezident Aparatında işləməyə savadlı kadr tapa bilmirlər. 
Akif