Bildiyimiz kimi, hər dəfə mitinqdən öncə hakimiyyət AXCP və onun təmsil olunduğu Milli Şuraya qarşı müxtəlif təxribatlar təşkil edir. Sosial şəbəkə istifadəcisi olan ictimai fəalların hesablarının ələ keçirilərək həmin hesablardan həqiqətə uyğun olmayan, şantaj xarakterli müxtəlif məlumatların yayılması isə artıq ənənəyə çevrilib. 30 may mitinqindən öncə də hakimiyyət ənənəsinə sadiq qaldı. Bir neçə ictimai fəalın "facebook" hesabı ələ keçirilərək həmin hesablardan AXCP və Milli Şuraya qarşı qarayaxma kampaniyası təşkil edildi. 30 may mitinqindən öncə hesabı ələ keçirilərək adından yalan və jantaj dolu məlumatlar yayılan ictimai fəallardan biri də AXCP və Milli Şura tərəfdarı olan Ülkər Kazımovadır. Hesabı oğurlayanlar onun adından guya AXCP-dən istefa verdiyi haqda müxtəlif statuslar və həqiqətə uyğun olmayan paylaşımlar etmişdilər. Bu gün Ülkər Kazımova yeni açdığı "facebook" hesabında paylaşdığı bir yazıda baş verənlərə aydınlıq gətirib. Ülkər Kazımova bizimlə telefon danışığında "facebook"da yeni hesab açdığını və açıqlamanın ona məxsus olduğunu təsdiqlədi. Həmin açıqlamanı təqdim edirik: "Salam, dostlar. Yaşadığım stres üzündən şəxsimlə bağlı baş verənlərə vaxtında aydınlıq gətirə bilmədim. Buna görə də məni tanıyan hər kəsdən üzr istəyirəm. Təəssüf ki, naməlum şəxslər başqa “facebook” fəalları kimi, mənim idə profilimi ələ keçirməyə nail oldular.
Oğurlanmış “facaebook” hesabımda özəl fotolarım var idi. Hesabımı ələ keçirən hakimiyyət hakerləri bu fotolarla məni şantaj etməyə başladılar. Soyuqqanlı olmağa çalışsam da, böyük sarsıntı keçirirdim. Təbii ki, onlar istədiklərini etdilər, mənim şəkillərimi “facebook” üzərindən paylaşdılar. Ailəm və cəbhəçi dostlarım olmasaydı, bəlkə də özümü öldürəcəkdim. Şükürlər olsun ki, özümü toparlayıb bu yazını yazmağa nail oldum.
Profilimi ələ keçirənlər eyni zamanda, tərəfdaşı olduğum AXCP haqqında da xoşagəlməz fikirlər yazdılar. Guya mən, partiyadan istefa vermişəm. Qeyd edim ki, rəsmi olmasa da, mənəvi olaraq Milli Şura və AXCP-na bağlı insanam və bu, hər zaman belə qalacaq. Bundan sonra da içtimai fəallığımı davam etdirəcəyəm".
Xatırladaq ki, sorğumuza cavab olaraq AXCP-dən də Ülkər Kazımovanın partiya üzvü olmadığını təsdiqlədilər.


