
"Milli Şura üzvü, gənc siyasi fəal Cəmil Hacıyev ötən gün zorakılıqla üzləşib. Onun bildirdiyinə görə, ötən gün o məmur himayəsinə sığınan konkret şəxs tərəfindən döyülüb. Daha sonra bu zorakılıq Bakı şəhərindəki 7-ci polis bölməsində polisin gözü qarşısında onu təhqir formasında davam edib; Cəmil Hacıyev ölüm təhdidləri alıb.
Cəmil Hacıyevin bildirməsinə görə ona qarşı zorakılıq edən şəxsdən dəfələrlə şikayətçi olub. Lakin hüquq mühafizə orqanlarının onun siyasi mövqeyinə görə şikayətə səhlənkar və laqeyd qalması əks tərəfi daha da cəsarətləndirib və indiki hal yaranıb.
AXCP bəyan edir ki, polisin və ümumən hüquq-mühafizə orqanlarının öz peşə borclarını unudaraq, yalnız hakim rejimin dəyənəyi kimi çıxış eləməsi ölkədə kriminal vəziyyətin ağırlaşmasına birbaşa təsir edən amildir və Cəmil Hacıyevin qarşılaşdığı zorakılıq da bu baxımdan istisna təşkil eləmir.
Hüquq mühafizə oqranlarının müxalifətçilərə qarşı repressiyası avtomatik olaraq başqa vətəndaşlara da müxalifət üzvülərinə qarşı qanundan kənar davranış üçün stimul verir, belə bir cəzasızlıq mühiti isə heç kimə xoş gələcək vəd edə bilməz.
AXCP baş verən hadisəni qətiyyətlə pisləyərək, bu zoraklığa dərhal hüquq qiymət verilməsini tələb edir.
AXCP ölkə vətəndaşlarına siyasi baxışlarına görə ayrı-seçkilik qoyulmasını, yalnız müxalifətçi olduğuna görə insanların təhqir, təzyiq altında qalmasını yolverilməz hesab edərək, bu anormal halın yaradıcılarına öz məsuliyyətlərini dərk etməyə çağırış edir".