Əliyevin məhv etdiyi “ictimai nəzarət”

Ölkə başçısı öz əməlindən əziyyət çəkməyə başlayıb

Mayın 27-də “Buta” sarayında Respublika günü münasibətilə  rəsmi qəbul keçirilib. Tədbirdə ölkə başçısı Ilham Əliyev də iştirak edib və geniş nitq söyləyib. Ölkə başçısı həmişəki “ənənə”sinə sadiq qalıb və ölkədəki vəziyyəti öz “profil”inə uyğun olaraq şərh edib. Amma ölkə başçısını bir məqamda xüsusilə maraqlı fikirlər söyləyib: “Ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz.
Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir” – deyə Ilham Əliyev bildirib.
Həqiqətən də səslənən fikirlər qulağa xoş gəlir. Bir anlıq düşünürsən ki, ölkədə xalq hakimiyyəti mövcuddur. Amma reallığa nəzər salanda, yenə də ölkə başçısının zarafat etdiyi təəssüratı yaranır. Çünki, bu ölkədə bütün sahələr hakimiyyətin, birbaşa prezidentin nəzarətindədir. Bu ölkədə baş verənlərə heç kimin nəzarət etmək imkanı yoxdur.  Əksinə, ölkədəki neqativ tendensiyaları görənlər, etiraz edənlər, ictimailəşdirənlər “qara siyahı”ya düşür.
Mətbuat sahəsi tamamilə hakimiyyətin nəzarətindədir. 100-lərlə qəzet məmurların maliyyəsi hesabınai şıq üzü görür və hakimiyyətin mədhiylə məşğul olurlar. KIVDF hakimiyyətin icazə verdiyi qəzetləri maliyyələşdirə bilər. Müstəqil mətbuatın çökdürülməsi prosesi məqsədyönlü siyasətin tərkib hissəsidir. Təkcə “Azadlıq” qəzetinə qarşı hakimiyyətin düşmənçiliyi, bu ölkədə söz azadlığının hansı səviyyədə olduğunu dəqiq izah edir.  
QHT sektoru hakimiyyətin əlində cəmləşib. Ölkə başçısının göstərişi ilə bütün müstəqil QHT-lərin ofisi möhürlənib, QHT rəhbərləri qondarma ittihamlarla həbs olunub və QHT-lərlə bağlı qanuna mürtəce dəyişikliklər edilib. Faktiki olaraq vətəndaş cəmiyyəti institutları məhv edilib. Yalnız, prezidentin “uğurlu daxili və xarici siyasətini” dəstəkləyən QHT-lər fəaliyyət göstərə bilər.  
Məhkəmə sistemi daha biabırçı vəziyyətdədir. Hakimlər sifarişlə hökm çıxarır, dövlət ittihamçıları şər maşınının təkərciyi rolunu onayır, istintaq proseləri Prezident Aparatının ssenarisi əsasında formalaşır. Xüsusilə, siyasi xarakterli məhkəmə prosesləri, tragikomik filmləri xatırladır. Artıq sadə vətəndaş da bilir ki, həbs olunmuş müxalifət fəalının ya cibindən narkotika çıxacaq, ya evindən silah tapılacaq, ya da xuliqanlığı meydana çıxacaq. Yəni, məhkəmə-hüquq sistemi də hakimiyyətin “killer”inə çevrilib.
Bələdiyyələrin, icra hakimiyyətlərinin, nazirliklərin  hansı meyarlarla fəaliyyət göstərdiyi də aydındır. 
Bu ölkədə iqtisadiyyatın bütün sahələri də hakimiyyətin nəzarətindədir. Yəni, meyvə-tərəvəzdən tutmuş, dərman pereparatlarına qədər ölkəyə gətirilən bütün məhsullar iri məmurların inhisarındadır. Bu ölkədə şadlıq saraylarından tutmuş, özəl liseylərə qədər bütün strukturlar, bank sistemi, sığorta şirkətləri, ticarət mərkəzləri hakimiyyətin  əlində cəmləşib.
Bu siyahını uzatmaq da olar. Demək istəyirik ki, bu ölkədə  bütün sahələrə nəzarət etmək hakimiyyətin əlindədir.
Sadəcə olaraq neqativ hallar daha açıq şəkildə qabaranda, “prezidentin xəbəri yoxdur” təbliğatını önə sürmək zərurəti yaranır. Və belə hallarda “ictimai nəzarət” ifadəsi gündəmə gəlir. 
Xüsusilə Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra hakimiyyətin nə qədər səriştəsiz, acgöz, qeyri-səmimi olduğu üzə çıxdı. Ona görə də Ilham Əliyev sosial ədalətdən danışmaq zərurəti hiss edib.
Ölkə başçısı daha sonra qeyd edir ki, insanların ədalətsizliyə, qanunsuzluğa reaksiya verməsini alqışlayıram.  Görünür, bu gün həbsdə olan 100-ə yaxın siyasi məhbus, təqiblərə, təzyiqlərə məruz qalan fəallar, ölkədən didargin düşmüş mühacirələr prezidentin alqışının nəticəsidir.
Əslində isə bu hakimiyyətin dövründə yalnız yalan və yaltaqlıq alqışa layiq görünüb. Yəni, bu şikəst dəyərlər də hakimiyyətin nəzarətindədir.
Xatırlayırsızsa, son müşavirədə ölkə başçısı onu aldatdıqlarını, xeyli məsələlərdən xəbərsiz olduğunu, dəfələrlə tapşırıq versə də əməl edilmədiyini bildirir. Əgər doğurdan da belədirsə, bu da ictimai nəzarətin məhv edilməsinin nəticəsidir. Indi Əliyev özü də əməllərinin acı nəticəsini görməkdədir.  Amma hələ də “nəzarət”dən imtina etmir.
Dərd, kədər, səfalət, əzab isə xalqın nəzarətindədir.
Azad