Cahangir Hacıyevin şirkətilə bağlı şok məlumat

«İnter Security»nin 24 işçisinin adına 7 milyon manata yaxın kredit götürülüb; İşçilərdən bəziləri «Bandotdel»ə aparılıb

 
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus olduğu bildirirən “Inter Security” şirkətinin işçilərinin adına külli miqdarda kredit götürülüb. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, adlarına kredit götürən işçilərdən bəziləri DIN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş Mübarizə Idarəsinə (MCQMI) çağırılıb. Dindirmə zamanı bəlli olub ki, onların adına krediti şirkətin rəhbərliyi götürüb.
Eyni zamanda bəlli olub ki, kredit müqabilində heç bir girov qoyulmayıb. Mənbə iddia edir ki, kreditin bir hissəsi qaytarılsa da, hazırda 24 işçisinin adına 7 milyona manata yaxın kredit var. “Işçiləri Beynəlxalq Banka şirkətin rəhbəri Ibrahim Hüseynov aparıb. Bu şəxs Cahangir Hacıyev ən inandığı adamlardan biridir”, – deyə mənbə əlavə edib.
 
“Qollarımı qandallayıb apardılar”
 
“Kredit qalmaqalı”na görə həbs olunan və bir neçə gün əvvəl azadlığa buraxılan Hacı Ibrahim Nehrəmli ilə də bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Hacı Ibrahim həbsdən çıxandan dərhal sonra Beynəlxalq Banka olan kredit borcunun dəbbəsini ödəyib. Bildirilir ki, Hacı Ibrahim Nehrəmlinin ödədiyi məbləğ 1 milyon 500 manat olub.
Hacı Ibrahim Nehrəmli özü də ANS-ə müsahibəsində faiz borcunun 1 milyon 500 manatı keçdiyini deyib. O, həbsdən çıxandan sonra kredit borcunu da ödədiyini qeyd edib. “Günorta saatlarında ora getdim. Nəyə görə saxlanıldığımı soruşdum? Məni kimsə qəbul etmirdi. Bundan sonra bir-iki adamdan xahiş etdim ki, məni qəbul etsinlər, gəlib qapıda qalmışam. Sonra çox hörmətlə qəbul etdilər. Axşam saat 8-ə qədər yuxarıda gözlədim. Bu müddət ərzində kimsə mənə bir söz demədi. Gəlib qollarımı qandallayıb aşağıya apardılar. Bir-iki gün orada qaldım. Amma orada qalmağımın səbəbini bilmədim. Daha sonra saxlanılmağımın səbəbi məlum oldu ki, kredit borcum var. Mənim kredit borclarımın vaxtı 2019-cu ildə bitir. Kreditin vaxtı keçdiyinə görə, faiz borcu 1 milyon 500 mini keçib. Kredit borcumu iki günə ödədikdən və problem həll olunandan sonra azadlığa buraxıldım”,- deyə iş adamı bildirib.
 
“Borclarımın bir hissəsini ödəmişəm”
 
“Rəhbəri olduğum Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitləri üzrə ödəmələri gecikdirdiyim üçün mayın 8-də həbs edildim”.
Bunu isə azvision.az-a “kredit qalmaqalı”na görə həbs edilən və bir neçə gün əvvəl azadlığa çıxan iş adamı Nizami Piriyev deyib.
O, qeyd edib ki, rəhbəri olduğu Metanol zavodu fəaliyyətini bərpa edəcək. Nizami Piriyev həmçinin saxlanıldığı müddətdə kredit borclarının bir hissəsini ödədiyini də qeyd edib: “Istintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi. Hal-hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm”.
 
Deputat Cahangir Hacıyevi ittiham etdi
 
Deputat Fərhad Qəribov isə oğlanlarından birinin saxlanılması, digərinin axtarışa verilməsi barədə xəbərlərə münasibət bildirib. Deputat modern.az saytına açıqlamasında deyib: “Dünyanın hər yerində iş adamları kredit vasitəsi ilə böyük işlər görürlər. Amma heç kimin krediti qaytarmamaq hüququ yoxdur. Hər bir kəs kreditlə bağlı olan öhdəlikləri yerinə yetirməlidir. Amma ölkəmizdə müəyyən şəxslər var ki, kredit formasında aldıqları dövlətin pulunu geri qaytarmırlar. Bu məsələlər gündəmdədir.
Ancaq nədənsə, hətta deyərdim sifariş nəticəsində mənim də adım hallanır. Guya mənim övladlarım axtarışdadır, saxlanılıblar, ölkəni tərk ediblər və s.  
Bir daha qeyd etmək istəyirəm ki, övladlarım Azərbaycandadır. Heç bir yerə qaçmayıblar. Niyə də qaçsınlar?. Onların heç bir qəbahətli işi yoxdur ki, qaçsınlar. Hesab edirəm ki, seçki öncəsi kimlərsə mənə qarşı qarayaxma kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində də müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar. Amma bu heç bir nəticə verməyəcək".
Deputat təsdiqləyib ki, təxminən 6-7 il öncə oğlunun Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə iş birliyi olub: “Amma bu iş birliyi sona qədər davam etməyib. 7 il öncə bu iş birliyi heç 1 il çəkmədən bitib”.
Fərhad Qəribov qeyd edib ki, ailəlikcə oğlunun Cahangir Hacıyevlə iş birliyinin pozulmasına sevinirlər: “Cahangir Hacıyevin təqsiri ucbatından kifayət qədər maddi ziyanla üzləşdik. Amma bu gün şükür edirik ki, oğlumla onun iş birliyi sona qədər davam etməyib.
Bəli, onun bizə vurduğu ziyan böyük olub. Amma yenə də sevinirik ki, biz artıq xəta-baladan uzaq olduq. Çünki bu gün Cahangir Hacıyevlə iş birliyi quran şəxslər dindirilir və müəyyən problemlərin olduğu ortaya çıxır".