“Xalqa ağıl verməyə ehtiyac yoxdur”

Milli Şura mayın 30-da mitinq keçirəcək. Müxalif yönlü bir çox partiya şuranın I Avropa Oyunları öncəsi keçirəcəyi mitinqi boykot ediblər.
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Milli Şuranın I Avropa Oyunları ərəfəsində aksiya keçirməsini fürsətçilik kimi qiymətləndirib:
 
“I Avropa Oyunları ilə bağlı Bakıya çoxlu jurnalist dəvət olunub, Milli Şura da bundan istifadə edib siyasi maraqlarını ortaya qoyur. Bu səbəbdən bu cür beynəlxalq tədbirlərdən iqtidarın əleyhinə istifadə etmək düzgün deyil. Çünki bu, iqtidardan çox, xalqın əleyhinə olacaq”.
 
Modern.az saytına açıqlama verən Milli Şuranın sədri Cəmil Həsənli bu məsələyə münasibət bildirib:
 
“Bu, onların öz fikridir. Biz o cür fikirləşmirik. Artıq mitinq üçün lazım olan bütün işlər görülüb”.
 
Milli Şuranın Koordinasiya Şurasının üzvü Qurban Məmmədov isə bildirib ki, mayın 30-da mitinqin keçirilməsi heç də xalqın ziyanına olmayacaq:
 
“Milli Şura heç bir partiyanı rəsmi olaraq mitinqə dəvət etməyib. Ona görə də onların mitinqi boykot etməsi düzgün deyil. Biz Azərbaycan xalqını mitinqə dəvət edirik. Xalq özünün xeyrinə və ziyanına nəyin yaxşı olduğunu hamıdan əla bilir. Xalqa ağıl verməyə ehtiyac yoxdur. 
Əgər oyunlar ərəfəsində insan haqları pozulursa, məhkəmə sistemi bazar kimi işləyirsə, insanlar yandırılırsa, hərbi xidmətdə öldürürlərsə, deməli, oyunlar ərəfəsində xalq etiraz səsini qaldırmaq haqqına malikdir”.
 
AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı isə Sərdar Cəlaloğlunun səsləndirdiyi fikirlərə münasibət bildirmək istəməyib.