Nimdaş həsir zənbilli Xədicə

(«Qadağan olunmuş kitablar və adamlar» silsiləsindən)
 
Bəzən sevdiyim ədəbi əsərlərdən hər hansı bir detalı öz həyatımın hissəsi kimi xatırlayıram. Öz keçmişim kimi. Sanki başıma gəlib, sanki mən öz gözlərimlə görmüşəm yazılanları…
 
Bir dəfə qızım sual vermişdi:
– Dədə, ilk dəfə kimin ölümünə ağlamısan?
– Qavroşun, onda sən yaşda idim bəlkə də, – dedim. 
 
Bu cavabımdakı həqiqət də bəzi ədəbi olayları başıma gələn gerçəklik kimi yaşamağımdan irəli gəlir. Həmişə çalışmışam ifrat olmasın bu asılılığım, onlar sadəcə həyat gerçəkliyini doğru anlamağıma və doğru yaşamağıma yarasın.  Bu mənada, ədəbiyyatın dadından heç vaxt əl çəkmirəm, amma həmişə də qorunuram.
 
Modern Library-nin dünyanın 100 əsəri sırasına saldığı və doğrudan da bütün dünyada 10 illərdir satış reytinqlərinin önündə gedən, sevilə-sevilə oxunan, özündən sonrakı dünya nəsr sənətinə təsiri olan bir roman var, elə mənim də çox sevdiyim əsərdir. Cerom Selencerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını deyirəm. 
Həmin romandan bir kiçik süjet illərdir mənimlə yaşayır, məni düşündürür, məni özümə və başqalarına sual verməyə məcbur edir. Deyəsən,  romandakı həmin yer onu sevən, oxuyan inşaların diqqətini az cəlb edir, hər halda bu barədə nə eşidirəm, nə oxuyuram. Amma həmişə düşünürdüm ki, mən gerçək həyatın özündə həmin süjetdəki adamları axtarıb tapa biləcəyəm.
 
Uzatmadan mətləbə keçim… 
 
Romanın avara qəhrəmanı Holden Kolfild adlı yeniyetmə vağzal yeməkxanasında gözləyərkən onunla eyni stolda iki qadın əyləşir. Bu qadınlardan birinin əlindəki nimdaş həsir zənbilə baxan yeniyetmə eynən belə zənbil gəzdirən və metroların ağzında xeyriyyə üçün pul toplayan qadınları yadına salır və bu qadınlar haqda düşünməyə başlayır. Holden xeyirxahlıq haqda gəlişigözəl sözlər deyən biri deyil, heç bu barədə düşünən də deyil. Həmin qadınların əlindəki zənbillərdən də xoşu gəlmirdi onun. Amma qəlbinin dərinliyinə hakim olan səmimiyyət və dürüstlük qəfildən ona diktə edir ki, bu qadınlar yaxşı işlərə məşğuldur, amma burda da bir qəribəlik var… 
Avara yeniyetmə Holden anlayır ki, elə yaxşı işlər var,  onlarla hər yaxşı adam məşğul olmur və olmaz da… 
Və özünə belə bir sual verir: görəsən onun anası, xalası və yaxud qız dostunun anası bu cür zənbil gəzdirərdimi, ya da indi gəzdirdikləri gözəl və bahalı çantaları ilə metro ağzında dayanıb ehtiyacı olanlar üçün xeyriyyə pulu toplayardımı? Holden “hə” deyə bilmir.
 
Romanın sonunacan Holden Kolfildin bu suala “hə” deyə bildiyi bir insanla tanış olduğuna rast gəlmirik, zatən bu romanın əsas personajlarından biri heç vaxt orada görünmür, baxmayaraq ki, Holdeninin varlığına bütünlüyü ilə hiss etdiyi yeganə insandır. Üstəlik, roman zamandan çox, an üzərində qurulduğu üçün orada qəhrəmanı uzun sürə izləyə bilmirik. 
 
Mən isə Holdendən də fərqli olaraq həyatda belə bir insanla tanış ola bildim, həmin suala “Hə” deyə bildim.
Onun gördüyü işi heç kimi görə bilmədi, onun gördüyü işə hamı həsəd aparır. Onun təkrarolunmaz cəsarəti, bacarığı, sevilən işi, məşhurluğu var… Onun gördüyü işi bütün yaxşı adamlar görmək istəyərdi. Amma o özü yaxşı adamların heç də hamısının  görmək istəmədiyi yaxşı işləri də görəcək qədər sadə və fədakardır. Küçə də süpürə bilir, məhbuslar üçün xeyriyyə də toplayır, bir dənə iri həsir zənbili də var…
 
O, Xədicə idi… Hamının Xədicə Ismayıl kimi tanıdığı, cəsarəti ilə adı dünyanın dilinə düşən, özü də həbsə düşən Xədicə.  
 
Bir dəfə Xədicəni “Odu oğurlayan” adlandırmışdım. Bütün ölkə bilirdi ki, Azərbaycanın bol sərvətləri talan edilir, görünməmiş oğurluq var. Bunu kimlərin etdiyini də gözəl bilirdi hər kəs. Amma hamının pıçıltı ilə danışdığı həqiqətlərə aid sübutlar yox idi, sanki bu sübutlar yalnız Tanrıda vardı. Prometey odu Tanrıdan oğurlayıb insanlara verdiyi kimi, o da bu sübutları sanki Tanrıdan oğurlayıb insanlara verdi. Bunu etmək üçün böyük cəsarət tələb olunurdu – odda yanmaqdan qorxmamaq qədər. O da bunu etdi. Onun bu cəsarətini, bacarığını hamı görür, onun çovdarlıqda insanları uçurumdan qoruduğu bəllidir hamıya. 
 
Amma bilmirəm onun qəlbinin sadəliyindən və gözəlliyindən hamı xəbərdardırmı?  Onun nimdaş həsir zənbilli qadınlar qədər hər yaxşı adamın görmədiyi yaxşı işləri görə bildiyindən nə qədər adam xəbərdardır?!
…Xədicə indi qadağan olunmuş adamdır. Onun izini tapdığım roman da vaxtilə bir çox ölkələrdə toplumun daşlaşmış tərzinə tərs gəldiyinə görə qadağalarla üzləşib.