Alabala və 40 quldur

xaqaniquzeyli@gmail.com
 
Yazıma oxucular üçün xəyali bir eksperimentlə başlamaq istəyirəm. Təsəvvür edin ki, küçədə getdiyiniz yerdə sizə yaxınlaşırlar və sorğu adı ilə “Azərbaycan mollası ölü öləndə sevinir, yoxsa kədərlənir” sualına cavab istəyirlər. Lap elə molla olmasın, olsun xəstəni görən həkim, yol qəzası rastına çıxan “qaişnik”, cinayət işi başlayan prokuror və s.   Yəqin mənimlə razılaşarsınız ki, cavabların biri o birisini, demək olar, əzib keçəcək. Gizlətməyin yeri yoxdur, biz Azərbaycan reallığında yaşayırıq, birinin varlanması başqalarının fəlakəti ilə sıx şəkildə əlaqəlidir. Bu mövzuda saysız-hesabsız örnəklər gətirmək mümkündür. Məqsədim bu deyil.
…Hazırda bütün ölkə jurnalistləri düşüb baş nazirin müavini, “fəlakət” komissiyasının sədri Abid Şərifovun üstünə. Nə var ki, o, Binəqədi rayonunda baş vermiş yanğın yerində gələrkən, jurnalistlərlə məzələnib, onlara doğru-dürüst məlumat verməyi özünə sığışdırmayıb. Şəxsən mən o fikirdə deyiləm və bu mövzunu şişirdən jurnalistlərdən, xüsusən də Mətbuat Şurasının sədri Amaşovdan xahiş edirəm ki, bunu mənə şamil etməsinlər. Mən Abid müəllimi, eləcə də Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovu olduğu kimi qəbul edirəm və bir jurnalist və köşə yazarı kimi onların bizim peşə sahiblərinin ünvanına dediklərində qəbahət heç nə görmürəm…
Təsəvvür edin ki, Abid Şərifov övladına toy edir və gəlin maşınının önündə jurnalistlər ona sual verirlər ki, qudanız kimdir?.. Abid müəllim də sizinlə məzələnir və gülməli bir cavab verir. Buna görə onu məhşər ayağına çəkmək, razılaşın ki, nadanlıqdır. Yəqin ki, bu fikrimlə siz də razılaşarsınız və sual verə bilərsiniz ki, faciə ilə toyun nə əlaqəsi var. Haqlı sualdır, icazənizlə cavab verim… 
Yazımın başlanğıcında əbəs yerə xəyali sorğudan bəhs etmədim. Abid Şərifovun fəlakət yerinə necə daxil olmasını, yəqin ki, xatırlayırsınız. Üzündə zərrə qədər də kədər yox idi, olduqca gümrah görünürdü, insanların diri-diri yandığı yerdə jurnalistlərlə zarafatlaşmağı belə özünə sığışdırdı. Zarafat deyil, fəlakət baş vermişdi və günahkarlarla təmasda olacaq şəxslərdən biri də Abid Şərifov olacaqdı. Hansısa sahibkar, yaxud da sahibkarların gələcək taleyini müəyyənləşdirən, kimisə topun ağzına qoyan, kimini isə  topun ağzından qurtaranlardan biri də məhz o olacaqdı. Bəs necə, yananlar yanmışdı, yandıranlar isə, sağ idilər. 
Mən bir neçə il bundan öncə, səhv etmirəmsə, Nəvai yaxınlığında baş vermiş yol qəzasından bəhs edən süjetə baxırdım. Qəzanı şərh edən polis işçisinin çox kədərli olması diqqətimi cəlb etdi. Qəzanı törədən də, qəza qurbanı da hadisə zamanı dünyasını dəyişmişdi…
Əgər yanan bina yox, penoplast zavodu rəhbər işçiləri ilə birlikdə yansaydı, biz başqa Abid Şərifov görə bilər, hətta göz yaşları axıtmasına da şahidlik edəcəkdik…
Məni dəhşətə gətirən isə, onun yanğın komissiyasındakı çıxışı oldu. O təklif etdi ki, oyunlar qurtaranadək bu ölüm saçan penoplast üzlüklər sökülməsin…
Sevindirici haldır ki, Ilham Əliyev belə bir təklifi rədd etdi və ona xitabən “istənilən oyunlar bu faciənin yanında bir heçdir” deyə bildi… Etiraf edim ki, mən bunu gözləmirdim.
“Meydan” TV-nin əməkdaşları Abid Şərifovun nəhəng biznesini, dəyəri milyonlarla ölçülən daşınmaz əmlaklarını konkret sənədlərlə ortaya qoydular. Baş nazir maaşı ilə bunları qazanmaq üçün 500 il belə kifayət etmir. Sual olunur: o bu sərvəti hansı yolla qazanıb? Cavab birmənalıdır – “fəlakətdən”…
Əslində Abid müəllim başqaları kimi emossional deyil, hisslərini cilovlaya bilir. Sizi inandırıram ki, iqtidarda elələri var ki, onlar olsalar fəlakət yerinə tərəkəmə oynaya-oynaya, çırtıq çala-çala girərlər.  
Abid Şərifov fəlakətdən qazanan tək iri məmur deyil. O, həmkarı, “Qaçqınkom” sədri Əli Həsənovun yanında sözün əsl mənasında toya getməlidir. Əli müəllim Novxanıda sözün əsl mənasında bir “Cəbrayıl” tikir, inşallah qurtaranda xəbər edəcəyik…
Biz doğrudan da bir filmi yaşayırıq. Bu film mütləq bir gün ya faciə, ya komik, ya da dramatik sonluqla bitəcək. Əsas olan da budur, qalanı boş şeydir…