Milyardların oğurlanmasına kimlər cavabdehdir?

Məhəmməd Talıblı: «Baş verənlər onu göstərir ki, Beynəlxalq Bankın riksin idarəedilməsi ilə bağlı strategiyası olmayıb»

 
Müzəffər Baxışov: «Kimin bir balaca imkanı var və ya yaxını vəzifəli şəxsdirsə, onu məsuliyyətə cəlb edə bilmirlər»
 
Azərbaycan reallığında böyük həcmdə kreditlərin “yuxarıların razılığı olmadan verilmədiyini hamı çox gözəl bilir. Eyni zamanda bunu qanunlar da mümkünsüz edir. Çünki prosedur qaydalara əsasən krdeit almaq üçün Beynəlxalq Banka müraciət edən vətəndaş, sahibkarın ərizəsi öncə Kredit Komitəsinə daxil olur. Burada təsdiqlənəndən sonra müraciətlə bağlı məlumat bankın Müşahidə Şurasına verilir. Həmin qurumda isə Mərkəzi Bankın rəhbərinin müavini və maliyyə nazirinin müavini təmsil olunur.
 
Müşahidə Şurasının tərkibinə kimlər daxildir?
 
Müşahidə Şurasının tərkibi – sədr Azər Bayramov Maliyyə Nazirinin müavini; üzvlər – Rüstəm Şahbazov, Əmlak məsələləri Dövlət Komitəsi sədrinin müavini; Xalıq Rəhmanov – Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri; Müşfiq Israfilov – Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini. Bu tərkib sübut edir ki, qəbul olunan qərarların məsuliyyətini bu şəxslər də bölüşür.
Bundan başqa, iri kreditlər Beynəlxalq Bankın rayon filiallarında deyil, mərkəzi filialda verilir. Və bu prosesə bundan başqa bankın Audit Departamenti də nəzarət edir. Eyni zamanda bir sıra statistik rəqəmlər də maraq doğurur. Məlum olub ki, Cahangir Hacıyevə yaxın 30 şirkət Beynəlxalq Bankın kredit portfelinin 41 faizinə sahib olub. Həmin şirkətlər toplam olaraq bankdan 3.5 milyard manat kredit götürüb.
 
Ilham Əliyev Beynəlxalq Bankın məsələsinə toxundu
 
Dövlət başçısının keçirdiyi son müşavirədə də bu məsələyə toxunması maraq doğurur. I.Əliyev açıq mətnlə milyonlarla vəsaitin mənimsənildiyini və bu işin araşdırıldığını vurğulayır.
Əgər Beynəlxalq Bank külli miqdarda krediti bu prosedur qaydalara riayət etməklə veribsə, o zaman təkcə Cahangir Hacıyev deyil, bir sıra başqa vəzifəli şəxslər də məsuliyyətə cəlb olunmalıdırlar. 
 
“Bütün kreditlər barədə Mərkəzi Bankın xəbəri olub”
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, həqiqətən də bu işlə bağlı məsuliyyət daşıyan digər şəxslər də sorğu-suala tutulmalı, onlardan vəzifələrini niyə icra etmədiyi soruşulmalıdır. Dövlət başçısının müşavirəsində də bu məsələyə toxunulduğunu deyən M.Baxışov bildirdi ki, baş verənlər Azərbaycanın ciddi probleminə çevrilib: “Azərbaycanda hərc-mərclik olduğuna görə, yüksək vəzifəli şəxslər vəzifələrindən sui-istifadə edirlər. Onların banklara, digər qurumlara təsir imkanları olduğuna görə həmin təsir imkanlarından istifadə edərək dövlət vəsaiti hesabına bu və başqa şəxslərə kreditlərin buraxılmasına nail olurlar. Beynəlxalq Bankdakı vəsaitlər əslində dövlətə məxsusdur. Çünki səhmlərin 51 faizi dövlətə məxsusdur. Yəni buna görə bu məsələyə görə Beynəlxalq Bank və onun Müşahidə Şurasının üzvləri, Mərkəzi Bank məsuliyyət daşıyır. Çünki verilən bütün kreditlər barəsində Mərkəzi Banka məlumat verilir”.
M.Baxışov vurğuladı ki, bu məsələ tam formada araşdırılmır. Sadəcə olaraq bankdan kredit götürən şəxslər DIN-in Baş Idarəsinə çağırılır və vəkilləri ilə görüşmələrinə imkan vermirlər: “Bu təzyiq vasitəsindən istifadə edərək həmin şəxslərə kreditlərini tez bir zamanda bağlamaları mesajı verilir. Çünki özləri də bilirlər ki, bu kreditlər həmin şəxslərə qanunsuz yollarla verilib. Bu, Azərbaycanda böyük bir bəladır. Azərbaycanın hər bir sahəsi bu gündədir. Təkcə bank deyil, digər sahələr də bərbad vəziyyətdədir. Törədilən cinayətlərə görə heç kim məsuliyyətə cəlb olunmur. Kimin bir balaca imkanı var və ya yaxını vəzifəli şəxsdirsə, onu məsuliyyətə cəlb edə bilmirlər. Sonra da bu gərginlik yığışır və bu cür durum yaradır. Cəmiyyətin obyektiv inkişaf qanunauyğunluğu var”. 
 
“Kreditin alınması üçün yuxarıdan təminat gərəkdir”
 
 
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Beynəlxalq Bank özəl olmayan bank qurumudur. Bu üzdən onun idarəçiliyinə mümkün qədər dövlətin nəzarəti başadüşüləndir. M.Talıblının sözlərinə görə, amma dövlət qurumları onun müxtəlif pilləli idarəçilik iyerarxiyasında iştirak edirlərsə, bu o deməkdir ki, məsuliyyəti hansısa dərəcədə bölüşürlər: “Həm gəlirləri, həm də itkiləri bölüşürlərsə, demək, bütün nəticələrə görə məsuliyyət daşıyırlar. Müşahidə Şurasında Maliyyə Nazirliyinin nümayəndəsinin yer alması həm də Beynəlxalq Bankın resurslarından kimlərin və hansı biznes qurumlarının istifadə etməsi haqqında təfsilatlı məlumat əldə edib, bu barədə dövlət rəhbərləri ilə məsləhətləşməkdir. Çünki, kiçik sahibkarlıqdan azca yuxarı məbləğdə dövriyyəsi olan biznes qurumları və şəxslər nəzarət altına düşürlər. Ona görə Beynəlxalq Bank elə biznes subyektlərini kredit resursu ilə təmin etməlidir ki, onlar haqqında ”yuxarıların" neqativ fikri olmasın. Onu yaxından tanısınlar, onun zəngin olmaq perspektivi hakim dairə üçün narahatedici hal doğurmasın".
M.Talıblının sözlərinə görə, bütün bu təminatları yalnız həmin MN-in və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə baş verir. Hətta bütün banklarda hüquq mühafizə orqanlarından bir nümayəndə həmin əməliyyatlarda iştirak edir və məlumatları sistemləşdirir: “Həmin etibarlı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Müşahidə Şurasında müzakirələrdə qərar qəbul olunmur. Növbəti qərar məhz həmin şəxslərin qeydləri nəzərə alınmaqla ortaya çıxır. Ona görə də düşünürəm ki, Maliyyə Nazirliyinin nümayəndəsinin bu proseslərdə iştirakı olduğu kimi məsuliyyət payı da var. Amma nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi koordinasiyalı fəaliyyəti yüksək dairələrlə razılaşdıraraq verir. Ona görə də məsuliyyət təkbaşına deyil. Eyni zamanda həmin kreditor təşkilatdan kredit götürən şəxs eyni zamanda yüksək səviyyədə təminatla çıxış edən şəxs olduğu halda mümkün ola bilər. Hansısa deputat, nazir, komitə rəhbəri bu təminat rolunu oynamasında əsasdır. Çünki, kreditlər hansısa şəxsə və biznes-plan əsasında verilmir. Yüksək təminat və ortabab bir biznes-plan kifayət edir”.
M.Talıblının sözlərinə görə, ciddi bir məqama xüsusi diqqət yetirilməlidir. Beynəlxalq Bank sıradan bank deyil. Onun həm depozitlər üzrə, həm də kredit portfeli üzrə bazar payı olduqca çoxdur. Artıq kredit bazarında həmin bank hər 3 manatdan 1,2 manatının kreditini təmin edir. Dövlət səviyyəsində aparılan bütün bank əməliyyatları əsasən bu bank vasitəsilə aparılır. Yəni bu bankın ölkənin bank sektorunda dominantlığı birmənalıdır: “O fikirlə də razı deyiləm ki, kimlər ki Beynəlxalq Bankdan kredit götürübsə, hamısı həbs olunur. Sadəcə gecikməyə yol verən və bununla da Beynəlxalq Bankın borcunun yaranmasında xüsusi rolu olan müştərilərlə daha ciddi danışmaq qərarına gəliblər. Çünki, toplam olaraq Beynəlxalq Bankın borcu 6 milyard manatı keçib. Həmin sahibkarların aldıqları kreditləri qaytara bilməyəcəkləri təqdirdə, aktivlərində olan daşınan və daşınmaz əmlakı likvid olaraq dəyərləndirməsini aparırlar”.
 
“Problemli kreditlər bu qədər artmamalı idi”
 
M.Talıblı bildirdi ki, bank mədəni maliyyə münasibətləri qurulmasını tələb edən biznesdir. Həmin xidmətdən yararlanan sahibkarları dövlətin inzibati resurslarından istifadə edərək cəzalandırılması ən sonuncu çıxış yolu ola bilərdi. Bu onu göstərir ki, bankın riksin idarə edilməsi ilə bağlı ya strategiyası olmayıb, olubsa da çox qüsurlu və primitiv olub. Əgər olsaydı, onda gərək bankın problemli kreditlərinin səviyyəsi bu həddə gəlib çıxmalı deyildi. Problemli kreditlərin xüsusi çəkisi bu həddə gəlib çıxıbsa, demək ki, risklər düzgün hesablanmayıb və onun üçün önləyici tədbirlər effektiv olmayıb".
M.Talıblı son olaraq onu da qeyd etdi ki, Beynəlxalq Bank dövlət bankı olduğundan müştərilərlə dövlətin qurumlarının gücü ilə danışılır. Əgər Beynəlxalq Bank normal şərtlərlə vaxtında özəlləşdirilsəydi, dövlət bunun qədər narahatlıq keçirməzdi. “O, özəl bank kimi normal biznes fəaliyyətini həyata keçirərdi. Ona görə bazarda dövlətin oyunçu olaraq rolunun azaldılmasına və özəl təşəbbüslərin aparıcılığına nail olmaq lazımdır. Onda biz dövlət qurumlarını bazarı tənzimləyən orbitr olaraq görəcəyik, daha bazarda oyunçu olaraq yox!”, deyə M.Talıblı vurğuladı.
Xəyal