İnsan həyatı bir kibrit qutusuna bənzəyir. Onunla ciddi davranmaq gülməli gələr. Ciddi davranmarsan təhlükəli olar.
İndi bütün ölkə bu yanğından danışır. Hər birimizin məsələyə münasibəti müxtəlif və baxışları fərqlidir. Onun səbəb və nəticələri haqqında danışmayacam. Bunlar da aydındır. Amma səbəb-nəticə əlaqələri üzrə bəzi məqamlara haqqında bəlkə də yenidən düşünməyə dəyər.
Ötən il oxuduğum kitablar içərisində Rolf Dobellin “Məntiqi düşünmə sənəti” əsəri də var idi. Heç inana bilməzdim ki, təfəkkürümüzdəki 52 qüsurun aşkarlanması ilə bağlı olan bu kitabdan nə vaxtsa ölkəmizdəki faciənin miqyası ilə paralellər gətirmək üçün mənbə kimi istifadə edəcəm. Müəllif əsərdə maraqlı bir tədqiqatdan da söhbət açır. Səbəb-nəticə əlaqəsinin açılması məqsədilə həmin əhvalatın özü də “Yumurtlayan it” kitabından götürülüb. Şotlandiyanın şimal sahilində aparılan bir təhqiqatın nəticələri bu baxımdan düşündürücüdür. Şəhərdə yanğından mühafizə hallarından istifadə qaydalarının tədqiqi göstərmişdir ki, yanğından dəyən ziyan yanğın söndürənlərin sayı ilə sən demə əlaqəli imiş. Yanğın söndürənlərin sayı nə qədər çoxdursa,, dəyən ziyanın miqyası da bir o qədər böyük olur. Bütün bunları görən həmin şəhərin bələdiyyə sədri bütün yanğın mühafizə idarələrinə olan boş iş yerlərini ləğv edir və büdcəni azaldır.
Əgər ilk vaxtlar adı və fəaliyyəti yeni olacaq qurum FHN yarananda “pojarnıların böyüyü” kimi nəzərdə tutulurdusa, sonradan büdcə pulları hesabına “şişən” həmin qurum xeyli səlahiyyətlər əldə etdi və yeni ştatlar yaratmağa başladı. Şəhərin gözəgəlimli yerlərində mərmərdən inzibati binalar və geniş strukturlar yaradıldı. Amma bütün bu struktur genişlənməsindən sonra fövqəladə hallarla bağlı hansı irəliləyişlər oldu? Kür daşqınları və Zaqatala zəlzələsi zamanı fövqəladə hallarla bağlı qurum hansı preventiv tədbirlər görə bildi? Yaxşı xatırlayıram. Prezident seçkiləri ərəfəsində şəhərin ortasında FHN-i təlimlər keçirdi. Havadan hücum üzrə helikoptlerlərin uçuşu, səs-küyü və qələbə gününü qeyd etməyə oxşar təlim bəlkə də daha çox ölkə vətəndaşlarına hərbi gücün nümayişi məqsədilə edilmişdi. Gözqamaşdırıcı o cür təlimdən sonra insan düşünə bilərdi ki, yəqin istənilən hadisə üçün bu 5-10 dəqiqə vaxt kifayət edər. Yəni lokal hadisə üçün binanın külü çıxmış vəziyyətində gələ bildisə, o zaman nisbətən geniş əhatəli yanğın zamanı az qala şəhərin yarısı yana bilər ki? Bu çox narahatedicidir.
Büdcə səmərəsizliyinə bariz nümunə.
Hesablamalar göstərir ki, ortalama olaraq hər binada 3600-4000 kv.m olduğunu nəzərə alsaq, o zaman hər kvadrat metr üçün 35-40 manatla peniplastr, fəhlə və quraşdırma xərcləri sərf edilir. Toplam olaraq bu hər bina üçün 160-180 min manatı aşmalı deyildi. Amma büdcədən ayrılan və yerli icra qurumlarının müxtəlif şəxslər üzərində qoyduğu öhdəliklərin icrası göstərir ki, hər bina üçün belə üzləmə əməliyyatı 1-5 milyon manat arasında dəyişərək başa gəlib. Amma indiyə qədər (FHN-263 bina, bəzi mənbələr isə 800-ə yaxın olduğunu bildirir) binanın üzləndiyini nəzərə alsaq, bu zaman yumşaq hesablama ilə 100 milyonlarla, sərt hesablama ilə isə 1 milyard manatdan artıq bina üçün belə səmərəsiz xərcləmələr həyata keçirilib. İndi öncədən nəzərə alınmayan keyfiyyət standartlarına görə, həmin binalar yenidən sökülür və həmin söküntü zamanı bərbad görünən binalara daha fərqli materiallarla və sadə təmirlə əlavə pullar xərclənəcək. Bu büdcə səmərəsizliyi adına ən bariz nümunədir.
Bütün bunlardan sonra gərək hökumət düşünsün ki, büdcə vəsaitləri şəhərin dekorativ görkəminin nümayişi üçün yox, sosial məzmunlu və insana yönəlik olmalıdır. Yanan binalar təkcə dağılan büdcə pulları yox, həm də yerlə-yeksan olan də insan taleyidir. Konstuksiyası çətin və qurulması bir ömür tələb edən fəaliyyət.
Məhəmməd Talıblı



