Xəbər verdiyimiz kimi, mayın 21-22-də Riqada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammiti keçirildi. Sammitdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin birgə bəyannaməsi imzalandı. Bəyannamənin imzalanması mərhələsində Azərbaycan hakimiyyəti ciddi müqavimət göstərib. Amma Avropa Birliyinin rəhbərliyinin təkidi nəticəsində sənəddə imza atılıb. Sənəddə maraqlı məqamlar nəzərdə tutulub və hakimiyyət üzərinə bir sıra mühüm öhdəliklər götürüb. Onlar sırasında ilk olaraq onu qeyd etmək yerinə düşər ki, bir daha bəyan edilir ki, “Şərq Tərəfdaşlığı” təşəbbüsünün məqsədi Avropa Birliyi ilə onun suveren tərəfdaşları arasında müxtəlif tipli münasibətlərin inkişaf etdirilməsidir.
Sammit iştirakçıları hesab edir ki, demokratiya, insan hüquqları və əsas azadlıqlara hörmət, qanunun aliliyi siyasi assosiasiya və iqtisadi inteqrasiya proseslərinin əsasını təşkil edir. Onlar həmçinin maraqlı tərəflərin bu dəyərləri yaymaq və həyata keçirmək öhdəliyini qəbul edir.
Sammit iştirakçıları vurğulayır ki, Assosiasiya və Azad Ticarət Zonası müqavilələrinin islahatlarla paralel olaraq həyata keçirilməsi bu ölkələri Avropa qanunvericiliyinə və standartlarına maksimum yaxınlaşdıracaq.
Sammit iştirakçıları demokratik cəmiyyətlərin qurulmasında mətbuatın çox ciddi rol oynaması amilini xüsusi vurğulayaraq, bundan sonra da media azadlığını dəstəkləyəcəklərini bəyan edir.
Sammit iştirakçıları Avropanın maliyyə təşkilatlarının sərəncamında olan maliyyə vəsaitlərinə asan çıxışın təmin olunmasının vacibliyini bildirir.
Sammit iştirakçıları eyni zamanda, müstəqil məhkəmə sisteminin möhkəmləndirilməsi, korrupsiyaya qarşı ciddi mübarizə, hakimiyyət strukturlarının islahatları, vətəndaşların hökumət institutlarına inamının formalaşdırılması, Avropa Ittifaqı və tərəfdaşları arasında münasibətlərin gücləndirilməsi kimi məsələləri prioritet hesab etdiyini bildirir.
Bəs, bu sənədlə Avropa Birliyi hansı mesajları vermək istəyir? Azərbaycan hakimiyyətinin bu sənədə imza atması onun boynuna hansı öhdəlikləri qoyur?
Ekspertlər hesab edir ki, hakimiyyətin imzalamağa maraq göstərmədiyi bu sənəd Avropa Birliyinin bundan sonrakı siyasətinin konturlarını müəyyən edir. Sənədlə tanış olanda bəlli olur ki, Avropa Birliyinin başlıca məqsədi tərəfdaşlıq münasibətində olduğu altı ölkədə qanunun aliliyini, insan hüquq və azadlıqlarının təmin edilməsinə nail olmaqdır. O ki, qaldı hakimiyyətin istinad etdiyi Qarabağ məsələsinə sənəddə Avropa Birliyinin ATƏT prinsiplərinə və BMT nizamnaməsinə uyğun olaraq dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün mütləq mənada təmin olunması qəti və birmənalı şəkildə təsbit olunmuşdur. Sammit keçirilən günlərdə Avropa Birliyi Şurasının prezidenti iki dəfə Ilham Əliyevlə telefon əlaqəsi saxlayıb. Yalnız bundan sonra hakimiyyətin təmsilçisi Məmmədyarov sənədi imzalayıb. Sənədin mətinindən görünür ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərdə demokratik islahatların aparılmasına müstəsna əhəmiyyət verir. Azərbaycan hakimiyyətini də əslində narahat edən məsələ məhz budur. Bəyannamədə dəfələrlə siyasi assosiasiya və azad iqtisadi hona müqavilələrini imzalamış Ukrayna, Gürcüstan və Moldova ilə ötən müddət ərzində bu ölkələrdə aparılan demokratik islahatlardan məmnunluq ifadə olunur. Və prosesin daha da dərinləşdirilməsi üçün atılan addımların zəruriliyi qeyd olunur. Sənəddən bəlli olur ki, bu üç ölkə ilə bağlı artıq xüsusi proqramlar işləyir və bu proqramlardan bəziləri bu ölkədə kiçik və orta sahibkarlığın inkişafına ciddi dəstək məqsədi daşıyır.
Başqa bir mühüm məsələ viza sadələşdirilməsidir. Artıq tam əsasla demək olar ki, qonşu Gürcüstanın vətəndaşları 2016-cı ildən başlayaraq sərbəst şəkildə Avropa ölkələrinə gedib-gələ biləcəklər. Gürcüstanın istənilən vətəndaşı ilin yarsını Avropa ölkələrində keçirə bilər. Hesab edirik ki, Azərbaycanı demokratiyadan uzaqlaşdıran hakimiyyət bu istəyinə nail ola bilmədi. Bəyannaməni imzalamaqla Azərbaycan hakimiyyəti Avropa Birliyi qarşısında üzərinə demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına hörmət etmək öhdəliyini üzərinə götürüb.
Hikmət