Obamanın təbrikində demokratiya çağırışı

ABŞ prezidenti yalnız demokratiyanı dəstəkləyəcəyi mesajını verdi

ABŞ prezidenti Barak Obama Azərbaycan dövlət başçısı Ilham Əliyevi 28 may- Respublika Günü münasibəti ilə təbrik edib. B. Obamanın məktubunda deyilir:
“Hörmətli cənab Prezident, 28 may Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Birləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.
Azərbaycan müstəqilliyini qazandığı vaxtdan, Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.
Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqların təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.
Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin". 
Ekspertlərin fikrincə, təbrik məktubunun tonu və altı cızılan məqamlar hakimiyyətə yönələn konkret mesajlardır.
Bu təbrik olmaqdan daha çox, iki ölkə arasında insan haqları və demokartiya sahəsində yaranmış gərginlik fonunda Obama adminstrasiyaının Azərbaycan hakimiyyətinə ünvanlanmış mesajıdır. Açıq şəkildə bildirilir ki, Amerikanın nəzərində Azərbaycan müsəlman aləmində ilk demokratik dövlət qurmuş, demokratik ənənəsi olan bir tərəfdaş kimi qəbul edilir. Bu baxımdan iki ölkə arasında münasibətlərin inkişafı və gələcəyi Azərbaycan tərəfin bu demokratik mirasa nə qədər bağlı qalmasından asılıdır. Eyni zamanda Obamanın təbrik məktubunda son vaxtlar Azərbaycan iqtidarı tərəfindən Amerikanın ölkəmizdə sabitliyi pozmağa çalışan tərəf kimi ittiham olunmasına da cavab var. 
O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan bu günə kimi ABŞ onun təhlükəsizliyinə, demokratik inkişafına ciddi dəstək verib. Ən önəmlisi isə Obama məktubunun sonunda Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsinin əsas şərti olaraq fundamental insan haqlarına hörmət edilməsini iki ölkənin münasibətlərinin təməli kimi nəzərə çatdırıb. Belə bir məzmunda təbrik məktubu ABŞ tərəfindən Azərbaycana demokratiya çağırışıdır. Bu çağırış hələ ki, Azərbaycan tərəfdən cavabsız buraxılır. Məhz ABŞ Dövlət Katibinin köməkçisi Malinovskinin səfərinin Amerika tərəfindən təxirə salınması da onu göstərir ki, Obamanın vurğuladığı demokratiya prinsipi ilə bağlı güzəşt nəzərdə tutulmur. Bunun nəticəsidir ki, Azərbaycan tərəfinin fundamental insan azadlıqlarını boğması, siyasi repressiyaları davam etdirməsi iki ölkə arasında dialoq imkanını bitirib və münasibətlərdə gərginliyə yol açıb. Demək iki ölkənin münasibətlərindəki bu gərginliyin həlli ilk növbədə Azərbaycanın demokratiya məsələsində tutduğu irticaçı mövqeyi dəyişməsinə bağlıdır.
Hikmət