Niyə susursunuz, cənab prezident!

Elman Şahverdiyev, AMEA Fizika Institutu

 
Cənab Prezident! AMEA-ya saxta seçkilərlə bağlı sizə 30 iyun 2014-cü ildən bəri bəlkə də mindən yuxarı müraciətlər etmişəm. Heç bir cavab almamışam. Işlədiyim Fizika Institutunda təqibləri nəzərə alaraq deyə bilərəm ki, sizin administrasiyanın bu müraciətlərdən hərtərəfli xəbəri var. Bu təqiblər isə sizin müraciətlərimə reaksiya verməməyinizlə bağlıdır. Bu təqiblər barəsində məktubumun axırında daha ətraflı məlumat veriləcək. 
Sanki ölkə vətəndaşı və dövlət rəhbərliyi paralel dünyalarda yaşayırlar. Sizə ona görə müraciət edirəm ki, AMEA-ya təyinatlar siyahısı sizin administrasiyada hazırlanıb. Siyahı üç mərkəzin konsensusuna əsaslanıb. Fizika ixtisası üzrə təyinatlardan danışsaq, 2 nəfəri administrasiya rəhbərliyi, 5 nəfəri administrasiyanın humanitar siyasət məsələləri şöbəsinin rəhbəri və nəhayət 3 nəfəri sizə görə ölkədə söz sahibi olan bir rektor təyin edib. Bir daha xatırladıram ki, AMEA-ya təyinatlarda mənə qarşı böyük haqsızlıq, ədalətsizlik olub. Fizika üzrə təyin olunmuş üç həqiqi üzvün (T.Cəfərov, B.Tağıyev və C.Abdinov) işlərinə cəmi sitatlar mənimkindən 2 dəfə azdır; 7 təyin edilmiş  müxbir üzvün (A.Kazımzadə, Ö.Abdinov, R.Hüseynov, N.Məmmədov və Ə.Nəhmədov: qalan iki nəfər dünyasını dəyışıb) cəmi sitatları mənimkindən azdır. 
 
Niyə tədbirlər görmürsünüz axı?!
 
Institutda xaricdə yaşanlar, amma elmlə məşğul olmayanlar da var ki, adları ştat cədvəlindədir. Bariz bir nümunə kimi 28 ildir məqalələr dərc etdirməyən, elmə sıfır səviyyəsində sitat gətirən, elmlə məşğul olmayan, faktiki ölkədə yaşamayan, amma adı laboratoriyaya rəhbərlik edən kimi gedən, illik hesabatını isə başqaları verən 76 yaşlı  R.Hüseynovu göstərmək olar! Bu həmin R.Hüseynovdur ki, onu sizin rektor qohumunuz hətta müxbir üzv təyin etdirib. Bu təyinat ölkə elmi ictimaiyyətini ələ salmaq, onu məsxərəyə qoumaqdır. Sanki elm adamlarına mesaj göndərilir ki, biz kimi istəyirik, onu da təyin edirik, bizim üçün heç bir əhəmiyyəti yoxdur ki, bu adam elmlə məşğul olmur, əsas  məsələ bizim istəyimizdir! Gedin işinizlə məşğul olun! Xatırlatmaq istəyirəm ki, R.Hüseynovun ABŞ-da vaxtilə ölkədən ittifaqın dağılması zamanı emiqrasiya etmiş bəzi insanlarla yaxın münasibəti olub. Adətən belə getmələrin səbəbi iqtisadı amillə bağlı olsa da, guya təqib edildiklərini iddia edənlər də az deyil. R.Hüseynov də elə bu səbəblərdən ailə üzvləri ilə birlikdə ABŞ-da asanlıqla yaşamaq hüququna malik ola bilib. Nadir hallarda Azərbaycanda peyda olan R.Hüseynov görünür o tay-bu taya (direktor N.Məmmədov da daxil) çoxlu “şalomlar” daşıyır. Fikir verin ki, sizin məmurlar necə ayrı-seçkilik edirlər, elmə edilən töhfəni yox, kimin hansı dəstəyə aid olmasını əsas götürürlər. Bu Azərbaycan elminə, ömrünü elmə həsr etmiş onlarla alimə həqarətdir! Əgər sizə görə söz sahibi olan rektorlar belə davranışı özlərinə rəva bilirlərsə, biz başqalarından nə gözləyək?! Lap tutalım R.Hüseynovun  müəyyən maddi sıxıntıları var. Birinci o, ölkənin orta statistik elm adamından pis yaşamır, deyərdim ki, hətta lap yaxşı yaşayır, çünki yaşına görə həm pensiya alır, həm də işə gəlməyə-gəlməyə, ən əsası heç bir iş görməyə-görməyə maaşını alır. Necə deyərlər, ortada yeyir, qıraqda – ABŞ-da  gəzir. Onun ailə üzvləri ABŞ kimi bir ölkədə yaşayır, onlar da yəqin ki, lap əla yaşayırlar. Əgər bütün bunlara rəğmən kimsə ona kömək etmək istəyirsə, qoy elə öz doludan dolu ciblərindən versinlər, daha dövlət büdcəsini layiq olmayanlar arasında pay-puş etməsinlər! Görünən odur ki, bu akt Azərbaycan elminin ayaqlar altına atılması anlamına gələn qərəzli, ayrı-seçkilik düşüncəsindən irəli gəlir. Birdə ki, kimlərsə daima sığınmağa qoltuq axtarırlarsa, qoy bu kompleksi ölkənın bütün elm adamlarına şamil etməsinlər! Sizdən soruşmaq istəyirəm ki, bu necə sosial ədalətdir axı?! Biz hansı əsrdə yaşayırıq?! Siz bu yaxınlarda bir daha vurğuladınız ki, ədalət pozulanda hər şey pozulur. Bəs onda niyə susursunuz, niyə müvafiq tədbirlər görmürsünüz axı?! Məgər mənim qaldırdığım bu məsələlər əsassızdır?! Siz özünüzü məmurlarınızın ədalətsizliyi vasitəsi ilə fakt qarşısında qoydurursunuz, sonra da heç bir tədbir görmək istəmirsiniz. Bir el məsəlində deyildiyi kimi, bir ağılsız quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi! Bu təyinatın özu çox simptomatik bir hadisədir. Belə çıxır ki, son on ildə gündən-günə güclənən Pi-klanının əksər təyinatları elə bu qəbildəndir, elə deyilmi! Biz belə təyinatlarla hara gedirik axı!
Bir az əvvəl ADA-nın rektoru Hafiz Paşayev geniş tirajlanan bir müsahibəsində belə bir fikir söyləmişdi ki, hakimiyyətə yaxın olsaq da, həyatımızda heç nə dəyişməyib. Rektor H.Paşayevi heç olmasa mətbuatla bir az səmimi olmağa çağırıram. Axı hamı hər şeyi çox gözəl bilir! Əgər heç nə dəyişməyibsə, o, R.Hüseynovu neçə müxbir üvz təyin etdirə bilərdi? Axı elmi ictimaiyyətin yaddaşında AMEA-ya 2001-ci ilin təyinedilmələri də çox yaxşı qalıb. O vaxt digər bir  rektor uzun həngəmadan sonra yalnız əlavə seçki hesabına təyin oluna bilmişdi. Indi həmin rektor ölkədə əsas söz sahiblərindəndir.
Əgər həyatınızda heç bir şey dəyişməyibsə, fizik-bankir yaxın qohumunuz, çox gənc yaşlarına baxmayaraq artıq bir neçə bankda, sığorta şirkətlərində necə rəhbər vəzifələr tutmağa nail olub?! Sözsüz ki, bu yazdıqlarım dəryada bir damladır!
Cənab Prezident, sizin administrasiyanın şöbə müdiri F.Abdullazadənın həyat yoldaşı O.Ələkbərov baza fizika təhsili olmayan, adı dəfələrlə plagiatda hallanan  N.Məmmədovu Fizika Institutunun rəhbərliyinə təyin etdirəndən sonra xaricdə dərc olunmuş məqalələrin sayı 30 faiz azalıb!!! Yenə də baza fizika təhsili olmayan N.Məmmədov həm də cəmi 4 səs yığmasına baxmayaraq fizika ixtisası üzrə müxbir üzv təyin etdirilib. O.Ələkbərov onu təyin etdirib kı, “bu camaatı şillə-təpiklə idarə etsin”.  N.Məmmədov da bu yüksək etimadı layiqincə doğruldur. Kiməsə külqabı atmaq, bir ahıl akademiki Elmi Şurada vurmaq cəhdi, nalayiq söyüşlər söymək, hədə gəlmək, kollektivdə ayrı-seçkilik salmaq, insanları təxribata çəkmək, şərləmək istəyi, direktor kabinetindən kimisə qovub koridora çıxartmaq və onu koridorda qışqıra-qışqıra təqib etmək N.Məmmədovun geniş repertuarının hələ çox xırda epizodlarıdır. Bu adam ən xırda məsələlərdə belə problem yaratmağı sanki özünə borc bilir: özü Institutun daxilində siqaret çəkən başqalarına eyni əmələ görə töhmət elan edir!
Danışığını bilməyən, özünü belə idarə edə bilməyən, amma böyük bir kollektivin idarəçiliyi tapşırılan N.Məmmədovun  bu hərəkətləri əslində gözümçıxdıya salınmış, başı aşağı  toplumu daha asan idarə etmək istəyindən də doğan düşünülmüş addımdır! N.Məmmədovun meteorik yüksəlişi davam edir: bu yaxınlarda onu AMEA-nın Fizika-Riyaziyyat-Texnika elmləri bölməsinin akademik katibi təyin edərək seçdilər. Bu təyinatın ilginc məqamlarına məktubumun sonunda bir daha qayıdacağam.
Cənab prezident, bilmək istəyirəm ki, siz nə vaxt N.Məmmədovun bu özbaşınalığına, harınlamışlığına, cəzasızlığına son qoyacaqsınız!
Qanunsuzluğun başında sizin administrasiyanın humanitar şöbəsi durur!
Qeyd edim ki, Prezident yanında Elmin Inkişafı Fondu (EIF)  yarandığı 2010-cü ildən bəri elmə qoyduğu maliyyənin az qala üçdə birini N.Məmmədovun adının keçdiyi layihələrə ayırıb. Dövlət Neft şirkətinın elm fondu da onu ən azı iki dəfə maliyyələşdirib. Indi də AMEA Rəyasət Heyəti bu sıraya qoşulub. Doğrudur, AMEA Fizika Institutundan başqaları da qrantlara “layiq” görülüb. Istinasız olaraq onların hamısı N.Məmmədov-O.Ələkbərov cütlüyünün razılığı ilə bu qrantlara “təyin” edilib. Əvəzində isə qrant “alanlar” N.Məmmədovu, bir sıra hallarda isə O.Ələkbərovu həmmüəllif kimi məqalələrinə qoşurlar. Işin ilginc tərəfi ordadır ki, bir çox hallarda N.Məmmədov-O.Ələkbərov tandemi o işlərlə məşğul olmayıb, sahələrinə aid deyil və s.
Nəticədə Fizika Institutundan xaricdə dərc olunan məqalələrin sayı əhəmiyyətli dərəcədə azalsa da, N.Məmmədovun məqalələrinin sayı xeyli artmışdır. N.Məmmədov  faktiki olaraq Institutun məşğul olduğu istiqamətlərin bir çoxunu ləğv etməyə çalışır, xaricdə və daxildə ona məqalə yazmağa hazır olanların istiqamətlərini isə elmin prioritet sahələri kimi AMEA-ya sırıyır. Belə sıxışdırma yuxarıda qeyd olunan 30 faizlik azalmanın əsas səbəblərindən biridir. N.Məmmədov adətən ən azı 7-8 nəfərlik müəlliflər kollektivinin tərkibində məqalələr dərc etdirmiş və bu sırada o, əksər hallarda axırıncı yerlərdə qərar tutmuşdur. Bunun açılışı odur ki, bu adam əksər adı keçən məqalələrdə aparıcı və ya əsas müəllif olmayıb, mahiyyətcə heç vaxt müstəqil şəkildə bir məqaləni, bir eksperimenti belə əvvəldən axıra tamamlamamışdır. N.Məmmədovun başqalarının əməyini mənimsəməsi elə bu faktdan görünür ki, 2014-cü ilin nəticələrinə görə onun xaricdə 36 konfrans materialında adı keçir. Bu, ayda 3 material deməkdir! Görəsən hansı ağlı başında olan elm adamı buna inanar? Bunun səbəbi çox sadədır: bütün xalqa məxsus dövlət büdcəsinin pullarının hesabına başqalarını ələ alma, şəxsi maraqlarını təmin etmə! Cənab President, buna isə şəraiti sizin administrasiya və sizin fəaliyyətsizliyiniz, susmağınız yaradır! Digər ilginc məqam ondan ibarətdir ki, bu konfrans materialları sonradan hansısa jurnalı icarəyə götürməklə orada dərc olunur. Faktiki N.Məmmədov əksər məqalələri konfrans materialları kimi dərc edilmişdir!
Bildirim ki, N.Məmmədov faktiki olaraq 2011-ci ildən Institutun rəhbəridir, onu vəzifəyə gətirmək üçün xüsusi olaraq Innovasiya üzrə direktor müavini postu təşkil olunmuşdu. Onun çox qısa müddət ərzində Institutda şəxsi maraqları naminə dağıdıcı fəaliyyətinə isə düşmənlər belə qibtə edə bilər. N.Məmmədov özü haqqında elmi etikaya zidd olaraq yalan məlumatlar verməkdən belə çəkinmir. Belə ki, 26 noyabr, 2013-cü ildə AMEA-nin rəsmi saytında məlumat getdi ki, N.Məmmədov ona yaxın elmlər namizədinə və doktoruna rəhbərlik etmişdir. Görəsən bu doğrudanda belədirsə, niyə o indiyəcən professor rütbəsi almayıb. Axı indi bunun üçün cəmi 4 nəfərə rəhbərlik lazımdır. Cənab Prezident, belə saymazyana davranışların bir səbəbi var: onun arxasında sizin administrasiyanın humanitar şöbəsi durur! Bax, budur sizin administrasiyanın sevimli kadrlarından biri! Siz isə susmağınızla belə insanlara kart-blanş verirsiniz. Bunun nəticəsində isə indi AMEA-da Ostap Benderlər, Xlestakovlar, şeyx Nəsrullahlar, yalançı Dmitrilər meydan sulayır.
Maraqlıdır ki, innovasiya üzrə direktor müavini postu uzun müddət boş qaldıqdan sonra 2014-cü ilin sonunda ora A.Bayramov adlı bir elmi işçi təyin edilib. Onun hətta şişirdilmış google.com.da belə işlərinə sitatlar yox dərəcəsindədir. Bəs onda belə bir adam hara, innovasiya postu hara! Burada xatırlatmaq istəyirəm ki, 2010-cü ildə N.Məmmədovun faktiki rəhbərliyi altında olan qrupa EIF 3,5 milyon qrant ayırmışdı. Qrantın çap olunan nəticələri arasında plagiatlığı iddia olunan əsas nəticə də vardı. Bu barədə mətbuatda geniş yazı da getmişdi. Plagiatlıqda ittiham olunanlar cavab hüququndan istifadə etsələr də, o cavab əslində elə plagiatlıq iddiasının əsassız olmadığını bir daha göstərdi. Qeyd edim ki, həmin nəticə elə məhz A.Bayramovun rəhbəri olduğu laboratoriyanın (“Nazik təbəqəli strukturlar”) əsas nəticəsi kimi təqdim olunmuşdu. O vaxtdan AMEA Rəyasət heyəti A.Bayramovun adının keçdiyi layihələrə bir neçə milyon qrant ayırıb. Milyonlar mənimsənilir, elmə gətirilən sitatlar isə yox dərəcəsindədır. 
N.Məmmədovun direktor kimi qəbul günü yoxdur. Zatən onun Institutda olmasını bilmək üçün qəbul otağına tərəf getmək lazım deyil. Onun direktorun kabinetində, koridorlarda qışqıra-qışqıra danışmasından nəticə çıxartmaq olar ki, o haradadır. Görünür, onu vəzifəyə təyin edənlər xüsusi təlimatla göndəriblər! Maraqlıdır ki, onun istəmədiyi adamlar qəbula getmək istəyəndə ya qəbul etmir, ya da acılayıb bayıra çıxarır. Müəyyən məcazi mənada bu, Corc Oruelin “Heyvanıstan” əsərindəki personajların fəaliyyətinə bənzəyir: sərhədin o tərəfinə qovmaq! Bildirmək istəyirəm ki, N.Məmmədov heç də hamıya qarşı belə davranmır. Özündən “yuxarıların” qarşısında o, mükəmməl yapon təzimi ilə yadda qalır. Qrafik təsəvvür üçün deyim ki, sol əl döşəmədə, sağ əl isə sol tərəfdə – döyünənin üstündə! Yapon təzimi bir az fərqlidir! Amma o, görünür, variasiya eləməyə meyillidir. Heç nahaqdan o, durub özünü “Osaka professoru” adlandırmayacaq ki! Görünür, bu adamda müəyyən mənada Cekil və Hayd ikiləşməsi özünü bürüzə verir. Yaponiya demişkən, geniş yayılmış məlumatlara görə, N.Məmmədov F.Abullazadənin və O.Ələkbərovun Fransada yaşayan ən yaxın qohumunun “Gündoğar” ölkədə bəzi rəsmlərini çap etdirməkdə köməkçi rolunu oynayıb. Yeri gəlmişkən, yuxarıda adı keçən  Ə.Nəhmədov da F.Abullazadənin və O.Ələkbərovun Almaniyada və Türkiyədə yaşayan digər ən yaxın qohumuna xaricdə logistik dəstək verib. Bildirmək istəyirəm ki, mən qətiyyən bir ölkə vətəndaşının digərinə dəstək olmasının əleyhinə deyiləm. Demək istədiyim odur ki, belə özəl münasibətlər vəzifələrə təyinatda, AMEA-ya akademik təyin olunmaqda, qrant almaqda həlledici rol oynamamalıdır!!! Bu həm etikanın, həm də qanunun tələbidir! Bu konteksdə xatırlatmaq istəyirəm ki, AMEA-ya sonuncu seçkilər üçün iki dəfə: 2012-ci ilin fevralında və 2014-cü ilin martında elan verilmişdı. Yenicə müdafiə etmiş (ilkin müdafiəni isə Skype vasitəsi ilə Almaniyadan edib) Ə.Nəhmədov 2012-ci ilin elanına sənədlərini çatdırmamışdı…
ardı var