
Istəyir yerlə-göy birləşsin, dünya yerindən qopsun, bütün ölkə od tutub yansın, dəxli yoxdur, heç bir faciə Azərbaycan məmurlarının diqqətini rüşvət almaqdan bir an da yayındıra bilməz: bank borclarını bağlamaq üçün evini satmağa məcbur olan qohumum danışır ki, alğı-satqını 19 mayda, saat 11-də rəsmiləşdirməyi qərara almışdıq. Satılan ev yanan binanın ərazisində olduğu üçün fikirləşdim ki, yəqin alğı-satqı təxirə düşər, amma 11:05-də bələdiyyədən, sahə mühəndisindən, “makler”dən aramsız zənglər gəlməyə başladı, hamısı da həyəcanla soruşurdu ki, “nə olub, niyə gecikirsən?”. Qohumum deyir ki, onların həyəcanı əbəs deyildi, axı halal pulumdan min manat mühəndisə evin çizimini təsdiqinə görə, iki min manat pasport qeydiyyat idarəsinın müdirinə, min manat da “makler”ə verməli idim.
Axı nə vaxta kimi insanların zülmlə, zəhmətlə qazandıqlarına müftəxorlar həyasızcasına şərik çıxacaq?! Bakıda minlərlə həyət evi var ki, illərdir, onları Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti idarəsində qəsdən qeydiyyata almırlar. Çünki bir məmurun qanunsuz tikdiyi on villa qeydiyyata düşə bilər. Sonra həmin villaları hansı pulla tikdiyi, onların kommunal xərclərini necə, nə qədər ödəmələri aydınlaşa bilər. Ən əsası isə kasıb camaatın məcbur olub satdığı evlər, torpaq üçün bələdiyyədə, pasport qeydiyyatı idarəsində rüşvət ala bilməzlər. Avam camaat da gözləyir ki, Ilham Əliyev həyət evlərinə “kupça” verilməsi ilə bağlı fərman verəcək. “Kupçasız evlər” bazarından gələn gəlir məmurların küplərini qızılla doldurursa, onu hansı quldur bağlayar"…
Kim deyir ki, Azərbaycanda nüvə silahı yoxdur?! Eh, bizdə elə silah var ki, ondan heç bir dövlət düzəldə bilməz: Ilham Əliyevin istehsal etdiyi “Azərbaycan məmurları” nüvə silahı ilə dünyanın altını üstünə çevirmək olar. Hələ onun “Hacıbala Abutalıbov” adında bir dəhşətli silahı var ki, ölkəyə, millətə vurduğu zərbə dalğası, radiasiya, radioaktiv zəhərlənmə… min illər davam edəcək. Kim deyir ki, bizdə dünya şöhrətli əsərlər yazılmır? Ilham Əliyevin məmurları bizim üçün elə “əcəl zəngləri” yazıblar ki, Ernest Heminqueyin “Əcəl Zəngi” onların yanında cızma-qaradır…
Azərbaycandakı faciələrdən xəbərsiz inanclı insanlardan “əcəl nədir?” soruşsaq, cavabları belə olar: “Islam inancında insan hər nə səbəblə ölürsə ölsün, əcəli ilə ölmüş sayılır. Əcəlin nə zaman gələcəyini ancaq Allah bilir”. Amma Allah ƏCƏLInin Azərbaycan vətəndaşlarına heç bir dəxli yoxdur, çünki bizim alın yazımız Əliyev hakimiyyəti oldu. Bizim üçün əcəlin nə zaman gələcəyini ölkəni idarə edən məmurlar bilir: Qarabağa əcəli onlar apardılar, 20 Yanvarda, Xocalıda əcəl zəngini onlar çaldılar, Elmar Hüseynov, Ziya Bünyadov, Rafiq Tağı, Rövşən Cavadov və oğlu, Rail Rzayev… üçün əcəlin nə zaman gələcəyini Azərbaycanı idarə edən məmurlar bilirdilər. Onların 30 aprel ADNA faciəsindən də xəbərləri var idi. Ölkədə kimin nə vaxt intihar edəcəyini, əsgərin hansı səngərdə güllələnəcəyini, kimin hansı yolda qəzaya düşəcəyini də saniyəsinə kimi bilirlər.
19 mayda Bakının mərkəzində 16 mərtəbəli binanı faciələrimizin məzar daşı edəcəklərini də bilirdilər. O binanı nə qədər təmir etsələr də, nə qədər bəzək vursalar da, millətin BAŞ DAŞI kimi əbədi olaraq tarixdə qalacaq. Yeri gəlmişkən, 19 May faciəsi baş verən gün Ilham Əliyev sevimli məmurları ilə Bakı Olimpiya Stadionu ətrafında yeni yolların qırmızı lentini kəsirdi: şəkillərə baxanda bilmək olmur yanan binanın tüstüsünə, yoxsa ölkədə növbəti faciəni uğurla başa vurduqlarına əl çalırlar. Cənablar, kəsdiyiniz o qırmızı lentləri sağ-solunuzda dayanan qızların saxladıqları sinilərin içinə qoymayın, əziz lentlərinizi möhkəm-möhkəm ayıb yerinizə bağlayın ki, açılmasın: ağlınıza başqa şey gəlməsin, başınızı nəzərdə tuturam…