Həqiqəti danmaq böyük ədalətsizlikdir. Ona görə də hakimiyyətin “analoqsuz ölkə” təbliğatını təsdiqləmək borcumuzdur. Həqiqətən də Azərbaycanın inkişafı da, ölkədə baş verən proseslər də, hakimiyyətin komanda üzvləri də analoqsuzdu. Elə hadisələrə şahidlik edirik ki, həm gülmək, həm də ağlamaq istəyirik. Bir qayda olaraq bu hakimiyyət düşmən olduğu dəyərlərə “dost” adını verir. Məsələn, ölkənin tanınmış jurnalsitləri şərlənərək həbs olunur, müstəqil mətbuat sıradan çıxarılır və belə bir reallıqda Ilham Əliyev “jurnalistlərin dostu” seçilir.
Mayın 22-də isə Bakıda BMT-nin Iqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib. Mərasimdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.
Mükafat onun köməkçisi Əli Həsənova təqdim olunub. “Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatların ittihamlarına Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi əsl cavabdır. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb. BAMF kimi Azərbaycanda 3500 təşkilat fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir: Təməli Heydər Əiyev tərəfindən qoyulmuş vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün prezident Ilham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir”- deyə Əli Həsənov bildirib.
Doğurdan da paradoksal bir vəziyyətlə üz-üzəyik. Dünyanın elə bir təşkilatı qalmayıb ki, Azərbaycan hakimiyyətinin QHT-lərə qarşı amansız mübarizəsindən yazmasın. Ölkənin ən tanınmış QHT-lərinin ofisləri qapadılıb, dünyada tanınan QHT rəhbərləri qondarma itthamlarla həbs olunub və QHT-lər haqqında qanuna ən mürtəce dəyişikliklər edilib. Yəni faktiki olaraq Azərbaycanda QHT-lər məhv edilib. Yalnız hakimiyyətin mədhi ilə məşğul olan, ümumi kassaya xidmət edən və ölkədəki real vəziyyəti gizlədən QHT-lər fəaliyyət göstərir ki, onlara da Hökumət təşkilatı adı vermək lazımdır.
Əli Həsənov ölkədə 3500 belə təşkilatın olduğunu söyləyir. Azərbaycanda 3500 təşkilat qeydiyyatdan keçə bilər. Amma bu təşkilatların əksəriyyətinin yalnız adı var və heç bir fəaliyyət göstərmirlər. Amma vətəndaşların maarifləndirilməsi, ölkədəki neqativ halların ictimailəşməsi, vətəndaşların müdafiəsi ilə əşğul olan QHT-lər məhv edilib.
Belə bir şəraitdə Ilham Əliyevə vətəndaş cəmiyyətinin inkişafına görə ödül təqdim etmək həm dünya ictimaiyyətini, həm də yerli ictimaiyyəti güldürməyə xidmət edə bilər. Bugün Ilham Əliyev hakimiyyətinin şərləyərək həbsə atdığı QHT rəhbərlərini bütün dünya “vicdan məhbusu” kimi tanıyır. Bu adamlara qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb, məhkəmələr hakimiyyətin sifarişini yerinə yetirir və bütün dünya baş verənlərdən xəbərardı.
Hakimiyyət imitasiya xatirinə məhv etdikləri dəyərlərlə “dostlaşmaq” istəyir. Amma Ilham Əliyev həqiqətən də “QHT-lərin dostu” olmaq istəsəydi, QHT rəhbərləri ilə şəxsi düşmənçiliyə ehtiyac duymazdı.
Təbii ki, belə islaholunmuş təşkilatların ödülləri, reallığı dəyiş bilməz. Artıq hakimiyyət dünyanın ona layiq bildiyi “ödül”ü alıb.
Azad


