«Alabala» adlı dövlət məmuru

Ala-bula hökumətin boz-bulanıq dəyərləri

Məsələ Abid Şərifovun şəxsində deyil. Abid Şərifov «səmimi» olaraq belə hesab edə bilər ki, Bakı şəhərində, eləcə də hansısa cəhənnəmin dibində insanları rahatsız edən suallarla bağlı müraciət etmək artıq işdir. Çünki Abid Şərifov həm o zəkanın, həm də o sistemin adamıdır ki, bu ölçülərdə insanların haqqı hökumətin haqqının girovudur. Onlar belə düşünürlər ki, Azərbaycan xalqı birini yeyib, beşini də nəzir verməlidir ki, İlham Əliyev kimi prezident, Artur Rəsizadə kimi baş nazir, Abid Şərifov kimi baş nazir müavini var.

Azərbaycan xalqı isə heç birini də yeməyib, beşini-altısını nəzir və ya qurban verir ki, vəziyyət belədir. Məsələ Abid Şərifovun şəxsi göstəricilərində deyil. O, ahıl bir adamdır. Övladları, nəvə-nəticələri, bundan sonra sülaləsinin davam edəcək daha 100-150 ili üçün bütün tədarüklərini görmüş, tayfası, qohum-əqrabası üçün ağsaqqal və baş bilən səviyyəsinə qədər yüksəlmiş bir tayfa lideridir. Eyni zamanda, inzibati karyerasında da əməlli başlı yüksəliş təkanları olub, hökumətlər və dövlətlər onu hər zaman, necə lazımdır, dəyərləndiriblər. Sovet hökumətinin zamanında (1976) «Şərəf», İlham Əliyev hökumətinin zamanında (2014) isə «Şöhrət» ordeni almış bir adamdır. Hər dəfə Bakıda tikinti problemləri ilə bağlı mübahsiəli və ya fövqəladə durum yarananda böyürdən-başdan da deyirlər ki, Abid Şərifov təcrübəli mütəxəssisdir. Hərçənd, bu təcrübənin izlərini heç yerdə görmək olmur. Bakıda sürüşkən zonalarda binalar tikilir, sürüşür, Abid Şərifov ordadır. Tikinti normativlərinin pozulması üzündən yanğınlar baş verir, Abid Şərifov ağsaqqal mütəxəssis kimi oralarda peyda olur və yəqin ki, hansısa məsləhətlər verir. Bir sözlə, kadr kimi hər yerdə və hər zaman nəzərə alınır. Bir insana bundan artıq nə lazımdır ki?

Əlbəttə, deyə bilərsiniz ki, mədəniyyət lazımdır. Mədəniyyət lazımdır, əlbəttə. Ümumən, lazımdır. Haradasa, kimlərəsə lazımdır. Amma Abid Şərifova mədəniyyət lazımdırmı? Yaxud, ona hansı mədəniyyətin lazım olduğunu kim müəyyən edir, axı?

1940-cı ilin yanvar ayının 6-da doğulmuş, əmək fəaliyyətinə 1962-ci ildən başlamış, prorablıqdan baş nazirin müavini səviyyəsinə qədər çıxmış, prezidentin fövqəladə müşavirələrində mütəxəssis və təcrübəli hökumət işçisi kimi təmsil olunan, Şərəf və Şöhrət ordenləri almış, əməkdar tikinti və fəxri nəqliyyat işçisi adlarına layiq görülmüş, bundan sonra işləməsə, elə oturub yeməklə məşğul olsa, yəqin ki, 500 illik ərzaq ehiyatlarına sahib ola bilmiş bir dövlət məmurunun mədəniyyətə ehtiyacı varmı?

Bu, özəl bir məsələdir. Bu mədəniyyət Abid Şərifova lazımdır, ya yox, onu şəxsən özü müəyyənləşdirə bilər. Bu, şəxsi məsələdir. Onun təmsil olunduğu hökumət bu cür məsələlərə önəm vermir. Hökumətin prioritetləri başqadır…

Özəl olmayan məsələlərdən biri budur ki, Abid Şərifov «səmimi olaraq» hesab edir ki, insanların həyatı və təhlükəsizliyi, eləcə də ölkədə korrupsiya və dağıntı, dövlətin və hökumətin idarəedilməsi kimi məsələlər «pressa»nın maraqlanacağı məsələlər deyil. Bu hökumətin Abid Şərifov da daxil olmaqla bütün orden və titul sahibləri, eləcə də, hələ orden və titul sahibi ola bilməyən bütün başqa təmsliçiləri belə düşünürlər ki, pressa gedib «öz işi ilə» məşğul olmalıdır. Amma pressanın öz işinin nədən ibarət olduğunu da «milli mentalitet çərçivəsində» təsəvvür edirlər. Məsələn, pressa artistlərin boğuşmasından yazmalıdır, Nostradamusun proqnozlarında Heydər Əliyevin zühuru barədə xəbərləri araşdırmalıdır, daxili və xarici siyasətdəki uğurlarımız haqqında düşüncələri təqdim etməlidir, Birinci Avropa Oyunlarının Azərbaycana əta edilən böyük bir vergi olduğunu təbliğ etməlidir və sairə…

Azərbaycan prezidenti nə zamansa Azərbaycanlı jurnalistin suallarına cavab veribmi? Baş nazir Artur bəy nə zamansa hesab edibmi ki, ölkə mətbuatının qarşısına çıxmaq lazımdır? Parlamentin sədri loppaz-loppaz atmacalardan savayı mətbuat qarşısında hansısa dürüst siyasətçi obrazı ilə peyda olmağa ehtiyac hiss edibmi? Prokurorluq və məhkəmə nə zamansa hansısa jurnalistə qarşı törədilən cinayət işinin üstünün qapadılmaması üçün tədbir görübmü? Hansısa rayonun icra başçısı rus jurnalistlərinin qarşısında rəqs etdiyi kimi, Azərbaycan jurnalsitinin qarşısında da, rəqs etmək cəhənnəmə, «Uşaq və buz» şeirindən bir bənd deyibmi?

Bunlar hamısı belə hesab edir ki, mətbuat özünə lazım olmayan işlərə burun soxur. Öz burunlarının hansı çirkablara işləyərək qoxu hissini itirdiklərindən xəbərləri yoxdur. Bunlara görə, mətbuat, ictimai rəy, vətəndaş haqqı, söz azadlığı kimi nəsnələr hamısı Qərbin Azərbaycanda «ümummilli liderin» mirasına hörmətsizlik üçün düşünüb daşıdığı saxta dəyərlərdir. Bunlar bu cür düşünürlər. Abid Şərifovun hökumət məmuru kimi tərbiyəsi bundan ibarətdir. (Təkrar edirəm, onun tayfası, qohum-əqrabası-filanı daxilində ən nümunəvi davranışları ilə fərqləndiyini heç istisna etmirəm). Çünki Abid Şərifovu ağuşuna alan idarəetmə sisteminin dəyərləri bundan ibarətdir. Şəxsən Abid Şərifov da öz sisteminin ən təcrübəli adamlarından biri olaraq belədir. Onu nahaq yerə təcrübəli adam adlandırmırlar ki?.. Üstəlik, həm də, görünür, oralarda, o sistemin içində onun bir «hazırcavab», «məzəli adam» imici də var. Yoxsa, onunla məzələnməzdilər.

Abid Şərifovu boş verin. O bu sistemin ən nümunəvi, ən səliqəli, ən təcrübəli vitrin adamlarından biridir. Bu zümrənin həyata, dünyaya, insanlara, «pressa»ya baxışları bu qəlibin içindədir. Onlar hamısı bu qəlibin adamlarıdır…

Sonda isə Fikrət Hüseynlidən iqtibas edirəm: Abid Şərifovdan o cavabı alan jurnalist özünü necə hiss edir? Həmin anda özünü necə hiss edirdi? Məmnudurmu, məmnun deyilmi?

Yeri gəlmişkən, bunlar o qədər də önəmli deyil. Çünki Abid Şərifovun içində olduğu qəlibin standartları bu standartlara uyğun «pressa» da yaradıb və həmin «pressa»ya nədən və necə yazmaq direktivləri vaxtaşırı olaraq verilir. Bu işlə isə Abid Şərifovdan qat-qat səlahiyyətli və nüfuzlu vəzifə adamı olan cənab Ramiz Mehdiyev şəxsən məşğul olur…