Kiprdə tarixi gün

Liderlər adanı birləşdirmək vədi verdilər
 

Bu gün Kiprin həm türk, həm yunan tərəfinin liderləri paytaxt Lefkoşanı birlikdə gəziblər. Prezidentlər Mustafa Akıncı və Nikos Anastasiadis paytaxtın 1974-cü ildə bölünmüş hər iki hissəsində 45 dəqiqə olublar. Sakinlər tərəfindən barış şüarları və mahnılarla qarşılanan liderlərə gözmuncuğu, zeytun budağı, gül hədiyyə olunub.
 
Liderlər əvvəlcə türk tərəfindəki Osmanlı dönəmindən qalma tarixi «Böyük Xan»ı ziyarət ediblər. Yunan tərəfində isə tarixi Faneromeni kilsəsinə baş çəkilib. Prezidentləri türk tərəfində türk qəhvəsi və milli şirniyyat olan kadayifli çörəyə qonaq ediblər. Paytaxtın yunanlar yaşayan hissəsində isə liderlərə türk qəhvəsi və yerli içki sayılan «Zvania» verilib. Akıncı və Anastasiadis birgə loto da oynayıblar.
 
Gəzintidən sonra verilən ortaq açıqlamada prezidentlər bildiriblər ki, Kipr problemini gələcək nəsillərə çözülməmiş şəkildə ötürmək istəmirlər. Və ən qısa zamanda adanı birləşdirməkdə qərarlıdılar.
 
Gültəkin